Mar 27

“Xüsusi əməliyyat”dan müharibəyə... - TƏHLİL

Moskvadakı terrordan sonra Rusiya-Ukrayna müharibəsinin gedişatında intensiv zərbələr müşahidə olunur.

Rusiya Ukrayna ərazilərini ardıcıl və güclü raket zərbələrinə məruz qoyur, Ukrayna isə sərhəd bölgələrdə yerləşən Rusiyanın infrastrukturunu hədəfə alır.

Bu o yerə gətirib çıxarır ki, əvvəllər Rusiya Ukraynada apardığı hərbi kampaniyanı “xüsusi əməliyyat” adı ilə rəsmiləşdirirdisə, bu gün vəziyyət dəyişir.

Çünki Ukrayna da, ərazi itkilərinə baxmayaraq, xeyli çətinliklə, o cümlədən suverenliyini itirmək təhlükəsi ilə üzləşsə də, ilhaq olunmuş Krıma və Rusiya ərazilərinə hücumlar həyata keçirir.

Bütün bunlar Kremlin Moskvadakı terakta görə Kiyevi ittiham edən ritorikası fonunda bütün Ukrayna teatrının “xüsusi əməliyyat” xarakterindən açıq müharibə motivinə keçməsi kimi mənalandırıla bilər.

Müəyyən etmək olar ki, Rusiya “xüsusi əməliyyat” rəvayətlərini alt-üst edən bəyanatlara qaça bilər - terror hadisəsi Moskvaya belə narrativ verir.

Halbuki, Rusiya qoşunlarının Ukraynadakı taktiki qazanclarına yeniləri əlavə edilir və proses davam etsə, Moskva elə “xüsusi əməliyyat” rejimini təbliğ edəcək.

Rusiya ordusunun son taktiki faydalarına gəlincə, bu, Avdeyevka və Donetsk şəhərləri yaxınlığında və Zaporojye vilayətinin qərbində qeydə alınıb.

Üstəgəl, Rusiya qüvvələri Donetsk vilayətinin Çasov Yar şəhərinin kənarına yaxınlaşır. Çasov Yar ələ keçirilsə, bu, Rusiya qüvvələrinə əməliyyat faydaları verəcək.

Ukraynaya Qərbin gecikdirdiyi yardımlar fonunda Rusiyanın “Starlink” cihazlarından istifadə etməsi (tam olaraq təsdiqlənməyib) Kreml üçün əlavə fürsətlərə çevrilir.

Bir sözlə, Ukrayna ipdən asılı vəziyyətdə qalmaqdadır. Əgər Qərb Kremlə qarşı effektiv müqavimət oxu yarada bilməsə, Kiyevin müharibənin gedişatında idarəetməni itirəcəyi qaçılmaz olacaq.

Halbuki, müharibədə Rusiyanın üstünlüyünə qalib gəlməyin mümkün olmadığı anlayışı daha çox Kremlin təbliğatıdır. Yəni Qərb səmərəli şəkildə Ukraynaya hərbi yardımlar etsə, Rusiyaya qarşı effektiv geosiyasi mənzərə görünə bilər.

Yox, Qərb sistemi Ukrayna səhnəsində hərəkətsiz qalacaqsa, onda Moskvanın illərlə müharibə aparıb Ukraynanı tam taqətdən salmaq üçün resurslarının olduğu ciddi nəzərə alınmalıdır.

Kremlin də əsas səyi ABŞ başda olmaqla, NATO sisteminə öz ambisiyalarını qəbul etdirməkdir.

Bunlara baxmayaraq, Qərb də “X” anı üçün Rusiyaya qarşı hansısa kritik kartı gizlədə bilər.

Mümkündür ki, Qərb strateji qələbəsini təmin etmək üçün Rusiyanın Ukraynanın daha da dərinliyinə irəliləməsinə şərait yaradır, hərçənd, bunu göstərən aydın dəlillər yoxdur.

Cari situasiyada görünən proses budur ki, Qərb Ukraynanın özünü müdafiə etmək vasitələrindən məhrum olması həddinə çatmasını həzmə verir.

Bu həzmi asanlaşdıran, əsasən, ABŞ-də keçiriləcək prezident seçkisidir, yəni Vaşinqtonun başı bahalı bir prosesə qarışdığından Rusiya da Ukraynaya dair “sülh konsepsiyası”nı sərtləşdirəcək.

Aqşin Kərimov

Bənzər xəbərlər

Gündəm

0.056280136108398