Koroğlu indi yaşasaydı "Koroğlunun kruqunda" baş verənlərdən ŞOKA DÜŞƏRDİ - VİDEO
Dünyada hər nəyin analoqunu axtarsaq Azərbaycanda tapa bilərik. Maşallah olsun, məmləkətimiz nədən olmasa da, "məcara"dan boldur. Odlar diyarında hər nə cür desən insan tipi mövcuddur. Xüsusilə, paytaxt Bakı bu baxımdan daha çox fərqlənir desək, yəqin ki, yanılmarıq. Səbəbsə, çox sadədir. Ölkənin ən çox iş yerləri olan, həyat səviyyəsinin yüksəkliyi ilə seçilən Bakıya bütün bölgələrdən, hətta xarici ölkələrdən belə axın çox güclüdür. Bu da fərqli insan tiplərinin, fərqli xarakterlərin paytaxtda cəmləşməsini qaçılmaz edir. Şəhərin "məcara" ilə bol olan yerləri də var . Məsələn, "20 Yanvar dairəsi"ni, "Koroğlu kruqu"nu buna misal göstərmək olar. Bu əraziləri Hindistanın "Bombey"i ilə də müqayisə etmək mümkündür. İnsan əlindən tərpənmək olmur, taksi sürücülərinin bağırtısı ilə illərlə adamın qulaqlarında zəngulə vurur. Etikadan kənar olsa da deyəcəm, burada sözün bütün mənalarında "it yiyəsini tanımır".
Təəssüflər olsun ki, insanların bir parça çörək qazanmaq istəkləri onları vəhşi cəngəlliyin ən vəhşi yırtıcıları səviyyəsinə enməyə məcbur edib. Bir manat pul qazanmaq üçün öz taksi yoldaşını tapdalayaraq "klienti" qapmağa çalışan, səs diapazonunun imkan verdiyi qədər qışqıran və müştəri səsləyən, öz işindən ötrü başqalarının haqqına girən hər nə qədər insan tipi desən, "20 Yanvar dairəsində" və ya "Koroğlu kruqunda" görmək mümkündür. Bir sözlə, bu ərazilərdə 5 dəqiqə müşahidə aparmaqla bir kitab yazmaq olar. "Pirşağı", "Məhəmmədiyə bir manatdan", "Zabratdan Kürdəxanıya" və sair bu kimi çağırışlardan adamın lap qulağı tutulur. Bu cür səs-küydə və sıxlıqda normal bir insan hara getdiyini də unuda bilər. Hətta səhvən "Əhmədli" yerinə "Kürdəxanıya" da yön almaq mümkündür. Sanki insanlar özlərinə lazım olan marşrutu və ya istiqaməti bilmirlər. Elə bu səbəbdən də taksi şoferləri səs-səsə verərək xorla onlara yön göstərməyə çalışırlar. Tıxac, insan sıxlığı, səs-küy və digər biyabırçılıqlar nə yazıq ki adlarını çəkdiyim bu ərazilərdə yaşanır və gündəlik həyat tərzinə çevrilib. Sözün əsl mənasında biyabırçılıqdır. Ümid edirik ki, aidiyyatı qurumlar bu biyabırçılıqlara son qoymağın yolunu tapacaqlar. Axı Bakıya xarici turistlər də gəlir. Onların bu cür neqativ halları görməsi həm ölkəmiz, həm də millətimiz üçün başucalığı gətirməz...
https://youtu.be/G9OlbWuKp2s?si=6inESGSj5jawpcwN
Müşviq Tofiqoğlu