Litvada əcnəbilər üçün yeni qaydalar
Ticarət və xidmət sektorlarında çalışan xarici işçilər üçün yeni dil qaydaları Litvada bu gündən qüvvəyə minəcək.
Mozalan.az xəbər verir ki, bu barədə LRT-i məlumat yayıb.
Tələblərə əsasən, ölkəyə gələnlər müştərilərə ən azı əsas səviyyədə dövlət dilində xidmət göstərməlidirlər ki, bu da Dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsindəki A1 kateqoriyasına uyğundur.
Uyğunlaşma üçün keçid dövrü nəzərdə tutulur: qaydaların qüvvəyə minməsindən sonrakı ilk altı ay "tolerantlıq dövrü" olacaq və bu müddət ərzində dil bilməməsinə görə cərimələr tətbiq edilməyəcək. Bundan sonra qayda pozuntularına görə 90-170 avro, təkrar pozanlara isə 200-400 avro arasında cərimə tətbiq olunacaq.
Bildirilir ki, Litva dilinin A1 səviyyəsində biliyi tələbi əcnəbinin ilk yaşayış icazəsini aldığı tarixdən etibarən iki il müddətində qüvvədə olacaq. 2025-ci ilin sonuna qədər belə bir sənəd alanlar üçün iki illik müddət 1 yanvar 2026-cı ildə başlayacaq. Oxşar tələblər mövsümi icazəsi olan işçilərə də şamil edilir. Müəyyən edilmiş sahələrdə iki il işlədikdən sonra işçilərdən daha yüksək dil biliyi səviyyəsi olan A2-yə nail olmaq tələb olunacaq.(publika.az)



















































