Rübabə Abdullayeva: “Füzuliyə qayıtmaq ən böyük arzum idi”
“Ən böyük arzum idi Füzuli şəhərinə qayıtmaq”.
Bunu Mozalan.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün Rübabə Abdullayeva deyib.
O bildirib ki, Füzuliyə çatan kimi ilk işi doğmalarının məzarlarını tapıb ziyarət etmək olacaq:
“Sumqayıtda idarə binasında 30 ildən çox idi ki, köçkün həyatı yaşayırdıq. Bu gün bizə doğma yurda qayıtmaq nəsib oldu. Ən böyük arzum idi Füzuliyə qayıtmaq və ən başlıcası - doğmalarımın məzarlarını tapıb ziyarət etmək. İnşallah, onların, əsas da atamın məzarını tapıb ziyarət edərəm.
Bu gün bizim köçkün həyatımız sona çatır, nəvələrimlə, gəlinimlə, oğlumla Füzulimizə qayıdırıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 35 ailə (134 nəfər) öz doğma yurduna köçürülür.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 631 ailənin, yəni 2 379 nəfərin daimi məskunlaşması təmin edilib.
Aytac Qasımova