Mar 25

Şaffer: “Metsamor” AES-in istismarı təkcə region üçün deyil, Ermənistanın özü üçün də təhlükədir”

“Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması Gürcüstan, Türkiyə, Azərbaycan, İran və Qara dənizin cənub regionunun əhalisinin, ilk növbədə isə Ermənistanın özünün əhalisinin həyatı və sağlamlığı üçün təhlükə yaradır”.

Bunu “Report”a “Naval postgraduate school”un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer bildirib.

“Ermənistanın paytaxtı İrəvan yaxınlığında yerləşən “Metsamor” AES-in istismarı radiasiya təhlükəsizliyi, ekoloji problemlər və insan sağlamlığı üçün potensial təhlükələr yaradır.

Türkiyə, Avropa İttifaqı və müxtəlif beynəlxalq təşkilatlar uzun müddətdir, bu atom elektrik stansiyasının bağlanmasını istəyirlər.

Bununla belə, 2024-cü ilin martında Ermənistanın baş naziri Nikol Paşinyan “Metsamor” AES-də 2036-cı ildə, yəni hazırkı aqreqatın istismar müddəti başa çatdıqdan sonra yeni enerji blokunu işə salmağı planlaşdırdığını açıqlayıb.

“İrəvandan cəmi 35 km aralıda yerləşən “Metsamor”da “Çernobıl” kimi qoruyucu qat yoxdur. Beləliklə, Çernobılda olduğu kimi, bu AES-də baş verə biləcək qəza asanlıqla irimiqyaslı çirklənməyə səbəb ola bilər. Təəccüblüdür ki, Ermənistanın özündə bu təhlükəli müəssisəni bağlamağa çağıran vətəndaşlar və təşkilatlar azdır”, - professor vurğulayıb.

Şaffer xatırladıb ki, İrəvan Aİ ilə bütün tərəfdaşlıq sazişlərində atom stansiyasını bağlamağa hazır olduğunu bildirib, hətta bunun üçün vəsait də alıb, amma verdiyi vədləri yerinə yetirməyib.

“Aİ-nin ali nümayəndəsi Jozep Borrel 2024-cü ilin fevralında Ermənistanın xarici işlər naziri Mirzoyan ilə görüşü zamanı Aİ-nin Ermənistana stansiyanı bağlamağa kömək etməyə hazır olduğunu bəyan edib. Aİ ölkələrinin qonşuluqda çox təhlükəli nüvə reaktorları hələ də işlədiyi halda Avropada müasir və yaxşı işləyən atom elektrik stansiyalarını bağlamasının nə mənası var onda?!” - o əlavə edib.

B.Şaffer Paşinyanın Ermənistanın AES-ə malik olmasının ölkənin suverenliyini simvolizə etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib: “Ermənistanın AES-ə texniki qulluq və yanacaq təchizatında 100 faiz Rusiya “Rosatom”undan asılı olduğunu nəzərə alsaq, bu, zarafat kimi gəlir. Burada istehsal olunan elektrik enerjisinin paylandığı elektrik şəbəkələri də Rusiyaya məxsusdur”.

Onun sözlərinə görə, son vaxtlar Ermənistan Rusiyadan asılılığını azaltmaq və Qərblə geniş əməkdaşlığı təmin etmək istəyindən danışır.

“Metsamor” AES-in gücünün artırılması, əksinə, bu asılılığı daha da artıracaq. Vaşinqton və Brüssel Ermənistana Qərblə əlaqələrini dərinləşdirməyə kömək etməkdə ciddidirlərsə, onlar Moskvanın Ermənistanın strateji infrastrukturu, o cümlədən, bütün enerji infrastrukturu üzərində nəzarətinə son qoymağın yolunu tapmalıdırlar”, - o vurğulayıb.

Professor hesab edir ki, Ermənistan da enerji ehtiyacını daha təhlükəsiz mənbələr hesabına ödəyə bilər, xüsusən də atom elektrik stansiyasının məhsulunun yarısının İrana ixrac olunduğunu nəzərə alsaq, ölkənin adambaşına düşən ehtiyacı isə sənayenin kiçik həcmlərinə görə çox azdır”.

Bənzər xəbərlər

Gündəm

0.073063850402832