Visente Kintero: “Müharibə ehtimalı var” - MÜSAHİBƏ
Ötən il dekabrın əvvəlində Venesuela Prezidenti Nikolas Maduro xarici neftçilərə Qayana ilə mübahisəli şelfdən çıxmaları üçün üç ay vaxt verib və Qayana-Essekibo Venesuelanın 24-cü ştatı elan edilib. Sərhəd mübahisəsinin özü 200 ildən artıqdır ki, davam edir. Amma keçən ilin sonunda Karakas referendumdan sonra bu ərazini özünə məxsus elan edərək uzun müddət davam edən münaqişəyə son qoymaq qərarına gəlib.
Qayana üçüncü aydır ki, Venesueladan daha çox neft ixrac etdiyi üçün Venesuelanın xarici neftçilərə olan tələbi ödənilibmi? Ümumi vəziyyət necədir, Karakas öz “yeni ərazilərinə” nəzarət edirmi? Mozalan.az-ın bu suallarını cavablandıran venesuelalı politoloq Visente Kintero qeyd edib ki, hazırda Venesuelanın xaricilərin Qayanada neft kəşfiyyatı və hasilatından imtina etməsi tələbi təmin edilməyib:
- Yaxın günlərdə Venesueladan daha aktiv diplomatik hərəkətlər gözlənilir. Hazırda Karakas Qayana-Essekibo adlı yeni ştatın ərazisi üzərində effektiv nəzarətə malik deyil. Lakin Venesuela bu məqsədə addım-addım necə nail olmağı başa düşür və səmərəli danışıqlara nail olmaq üçün cəhdlər edilir.
- Venesuela və Qayana liderləri güc tətbiq etməmək barədə razılığa gəliblər. Lakin eyni zamanda “The Wall Street Journal” yazıb ki, Venesuela Qayana ilə sərhəddə hərbi kontingentini - yüngül tanklar, raketlərlə təchiz olunmuş patrul katerləri və zirehli transportyor daşıyıcılarını artırır. Hələ də hərbi münaqişə təhlükəsi varmı?
- Hazırda biz hərbi münaqişəni istisna edirik və danışıqların uğurlu olacağına ümid edirik. Buna baxmayaraq, hər şey dialoq prosesinin inkişafından asılı olacaq.
- Yəni müharibə hələ də mümkündür? Əgər belədirsə, Latın Amerikası və dünyanın hansı ölkələri Venesuelaya, hansı ölkələr Qayanaya dəstək verəcək?
- Çox yüksək olmasa da, hələ müharibə ehtimalı var. Görünür, vəziyyətin gərginləşəcəyi təqdirdə Venesuela Belarus, Rusiya, İran, Çin və bir çox Latın Amerikası ölkələrindən dəstək alacaq. Amma kollektiv Qərb Qayananı dəstəkləyəcək.
- Bu yaxınlarda ABŞ-nin Venesuelaya yeni hücum təhlükəsinin yarandığı barədə məlumatlar yayıldı. Bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
- Venesuelada ABŞ-nin apreldə ölkəmizə qarşı konkret addımlar atacağını gözləyirlər. Məsələn, çox güman ki, Venesuelaya qarşı bəzi sanksiyalar yenilənəcək. Ancaq hələ hansı sanksiyalar olacağını da aydınlaşdırmaq lazımdır.
- Venesuela Folklend (Malvin) adalarının Argentinaya qaytarılması ideyasını dəstəklədi. Bu adalar Böyük Britaniyaya məxsusdur, buna görə Argentina və Böyük Britaniya arasında Folklend müharibəsi 1982-ci ildə baş verib. “Essekibo Venesuela olduğu kimi, Malvin adaları da Argentinadır”, - deyə Venesuela Xarici İşlər Nazirliyindən bildiriblər. Lakin sonra Venesuela Prezidenti Nikolas Maduro həmkarı Xavyer Mileyi “Argentina üçün ən pis səhv” adlandırıb. Argentina və Venesuela arasındakı problemlərin səbəbi nədir?
- Venesuela Argentinanın Folklend adaları üzərində suverenliyini dəstəkləyir və bunun Argentinada hakimiyyət başında kimin olması ilə heç bir əlaqəsi yoxdur.
Əlbəttə, Nikolas Maduro və Xavyer Miley ideoloji rəqiblərdir, lakin iki ölkənin prezidentlərinin çərçivələrindən kənara çıxan tarixi əlaqələri var. Argentinanın Folklend adaları üzərində suverenliyini müdafiə etmək Latın Amerikası layihəsi, bütün regionumuz üçün həyati əhəmiyyət kəsb edir.
Nair Əliyev