Cənubi Koreyanın ilk kəşfiyyat peyki Pxenyanın şəkillərini çəkib
Cənubi Koreyanın ilk kəşfiyyat peyki Şimali Koreyanın paytaxtı Pxenyanın detallı fotolarını çəkib.
Bu barədə hərbi mənbələrə istinadən məlumat yayılıb.
“Bu yaxınlarda göndərilmiş peyk şəkillərinin redaktə nəticələrinə əsasən, keyfiyyət gözlənildiyi kimi yaxşıdır. Şəkillər Pxenyanın mərkəzini və limandakı gəmiləri göstərir”, - deyə mənbə bildirib.
Cənubi Koreya hakimiyyəti gələn ay fotoşəkillərin keyfiyyətinin daha yüksək olacağını gözləyir. Başqa bir mənbəyə görə, kəşfiyyat peykinin tam istismarı iyun və ya iyul aylarında başlayacaq.
Qeyd edək ki, Cənubi Koreya ilk kəşfiyyat peykini 2 dekabr 2023-cü ildə Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından “SpaceX Falcon 9” raketi ilə buraxıb. Seul KXDR-i izləmək üçün 2025-ci ilə qədər daha dörd peyk buraxmağı planlaşdırır. İkinci peykin aprel ayında orbitə göndərilməsi nəzərdə tutulur.
Mənbə: TASS