"Öz gözündə tiri görməyib başqasında çöp axtaran" Çinarə Atayeva: Nöqsanlara görə işdən çıxarılan sabiq direktor niyə həmkarlarını ləkələməyə çalışır?
Bu gün təhsil sahəsində bir çox problemlərin mövcud olması heç kimə sirr deyil. Ancaq necə deyərlər, "iş nöqsansız olmaz". Yəni, istənilən sahədə əməli fəaliyyət varsa, orada nöqsan da olmalıdır. Təəssüflər olsun ki, bəzən biz həm fərd, həm də kollektiv olaraq "öz gözümüzdə tiri görməyərək, başqasının gözündə çöp axtarırıq". Bütün problemlərimiz də məhz burdan qaynaqlanır. Doğrudur, Sovet təhsil sistemindən keçid tam formalaşmadığından sözügedən sektorda müəyyən qədər problemlər hələ də qalmaqdadır. Xüsusən, müəllim-şagird, direktor-müəllim arasındakı ziddiyyətlər, eləcə də şagirdlərin dərsə davamiyyət və repetitorluq məsələləri təhsil sektorunun ən çox sadalanan problemləri sırasında yer almaqdadır. Ancaq təəssüfedici məqam ondan ibarətdir ki, özü başdan-ayağa çirkab içində boğulan, yarıtmaz fəaliyyəti ilə təhsil sektoruna ciddi zərbə vuran, elə nöqsanlarına görə də layiqincə cəzalandırılan bəzi şəxslər, əməli fəaliyyəti ilə ortaya sözün əsl mənasında iş qoyan və ucalan həmkarlarına paxıllıqla yanaşır və hər fürsətdə onları ləkələməyə çalışırlar. Ancaq necə deyərlər, "Ağ, qara ləkə götürməz".
Sadaladığım "kriteriya"lara uyğun gələn, təhsildəki nöqsanlarına görə, işdən kənarlaşdırılan, adı hər zaman qalmaqallı məsələlərdə hallanan, bir sözlə, təhsildən başqa bütün digər işlərlə məşğul olan Çinarə Atayeva da məhz həmkarlarının uğurlarını həzm etməyi bacarmayan və onlara paxıllıqla yanaşan şəxslərdəndir. Söhbət vaxtilə Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru olan Çinarə Atayevayadan gedir. O Atayeva ki, adıçəkilən təhsil ocağına rəhbərlik etdiyi vaxtlarda məktəbin azyaşlı qız şagirdini döyməklə, ona işgəncə vermək və xəsarət yetirməklə yadda qalıb. Ancaq təəssüf ki, bu, Atayevanın ilk və son əməli olmayıb. Belə ki, o, məktəb direktoru işlədiyi müddətdə məktəbin 7 "D" sinfinin şagirdi Anar Mirzəağayevə də fiziki təzyiq göstərərək şagirdin qulağını əzib və onun boynunda iz qalıb.
Ancaq bu da Çinarə Atayevanın son qalmaqallı və kobud əməli olmayıb. Belə ki, sabiq direktor həmin vaxt məktəbdəki hadisəni işıqlandırmaq istəyən jurnalistlərə də hücum təşkil etdirmişdi. Belə ki, özünü Atayevanın mühafizəçisi kimi təqdim edən şəxs media nümayəndələrinə təzyiq göstərərək kameranı sındırmışdı. Direktor işlədiyi vaxt özünü əməlli-başlı məmur hiss edən xanım Atayeva hətta mühafizəçi saxlamaqdan da çəkinməyib.
Təəssüflər olsun ki, Çinarə Atayevanın qanunsuz əməlləri bununla da yekunlaşmayıb. Xanım direktor vaxtilə təkcə şagird döyməklə yox, həm də təhsil ocağındakı qanunsuzluqları ilə ad çıxarıb. Belə ki, Çinarə Atayeva direktor olduğu vaxtlarda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində məktəbdə ciddi nöqsanlar aşkarlanıb, direktor Çinarə Atayeva və onun qurduğu “şəbəkənin” qanunsuz fəaliyyətləri üzə çıxıb. Təhsil Nazirliyində yaradılmış Komissiya tərəfindən həyata keçirilən yoxlama zamanı məlum olub ki, həmin dövrdə direktor müavini olan Pərvanə Qarayevanın bacısı İlhamə Vəliyevaya qanunsuz dərslər verilib, onun fəaliyyəti isə başqa müəllimlərin adına rəsmiləşdirilib.
Bu cür özbaşınalıqlarına və qanuzsuz fəaliyyətinə görə, işdən kənarlaşdırılan xanım Atayeva isə nədənsə özünə yox, başqalarına hirslidir. Elə ona görə də, "öz gözündə tiri görməyən Atayeva, başqalarında çöp axtarmaq eşqinə düşüb". İşdən kənarlaşdırılmasını indiyədək həzm edə bilməyən Çinarə Atayeva savadlı, peşəkar və təhsil sahəsində xeyli işlər görərək uğurlar qazanan həmkarlarını ləkələməklə məşğuldur. Ancaq yaxşı olardı ki, Çinarə Atayeva və onun timsalında digər bu kimi şəxslər vaxtilə yol verdikləri nöqsanlardan dərs çıxararaq cəmiyyətə və təhsil sahəsinə faydalı insanlara çevrilərdilər. Ancaq təəssüflər olsun ki, Çinarə xanım vaxtilə ona göstərilən etimadı doğrultmamasına rəğmən hələ başqaları haqda da mənfi fikirlər formalaşdırmağa səy göstərir. Hərçənd bu, heç bir effekt verməyəcək. Çünki "həm elin, həm də dövlətin gözü tərəzidir". Kimə hansı vəzifənin həvalə olunmasına, kimin hansı posta layiq görülməsinə, eləcə də kiminsə vəzifəsindən kənarlaşdırılmasına məhz dövlətə və onun müxtəlif strukturlarına rəhbərlik edənlər qərar verirlər. Odur ki, Çinarə Atayeva boş və mənasız işlərə vaxt ayırmaqdansa, öz keçmiş səhvlərindən nəticə çıxarsa, bəlkə, yenidən pedaqoji fəaliyyətində uğur qazana bilər.
Xeberxetti.com