Dec 17

Narazılıq yaradan məmurlar üçün “ƏCƏL ZƏNGİ” - Ağcabədinin başçısı da hədəfə çevrilir

Prezidentin imzaladığı sərəncamla Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, R.Məmmədov şəhəri “yaşıl soyqırımına” məruz qoyanlardan və haqqında ciddi narazılıqlar olan məmurlardan biri idi. Bu ilin oktyabr ayında onun yaxın qohumu, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Məmmədov rayonda bir sıra qanunsuz tikililərə görə saxlanılıb. 

O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Təbii ki, X.Məmmədovun Razim Məmmədovdan xəbərsiz belə bir addım atması, hansısa tikiliyə icazə verməsi mümkün deyil. Bu baxımdan X.Məmmədovun saxlanılmasından sonra R.Məmmədovun da tutduğu postdan uzaqlaşdırılacağı gözlənilən idi. Aparılan kadr islahatları göstərir ki, mənfi fəalliyyətinə görə adı tez-tez hallandırılan, medianın tənqid hədəfinə çevrilən, ictimai rəydə etibarını itirən məmurlar komandadan xaric edilir. Razim Məmmədov da məhz bu cür kadrlardan idi. Hadisələrin gedişi onu göstərir ki, proses davamlı olacaq. Hakimiyyət fəaliyyətilə xalqın narazılığına səbəb olmuş məmurlarla yola davam etmək niyyətində deyil. Bu tendensiya başqa məmurlar üçün də “əcəl zəngi” çalır.

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da bu günlərdə "özünəməxsus addımla" medianın gündəminə gəlib. Sosial şəbəkələrdə onun rayon mərkəzindən kəndlərdən birinə polis mühahizəsi və avtomobil karvanı ilə getməsi yayılıb. Doğrudan da, maraqlıdır ki, icra başçısı niyə maşın karvanı ilə, polis mühafizəsində gəzməlidir ki?! Xatırlatmaq yerinə düşər ki, Salyan rayonu İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimov da belə bir səhvin qurbanı olub və işdən azad edilib. “Gül bayramı” zamanı keçirdiyi təntənəli mərasim onun sonunu gətirib. Sabiq başçı məşhur türk serialı “Möhtəşəm yüzil”də şahzadə Mustafa kimi təntənəli keçid təşkil edib, gənclərin əlində tutduğu güllərin altından keçib. Bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra cəmiyyətdə, siyasi rəhbərlikdə ciddi narazılıq yaradıb. Hadisədən qısa müddət sonra isə T.Kərimov tutduğu vəzifədən azad olunub. 

Dəfələrlə ölkə rəhbərliyinin iştirakı ilə keçirilən müşavirələrdə icra başçılarına konkret olaraq tapşırılıb ki, heç kim tutduğu postdan sui-istifadə etməsin, şəffaf fəaliyyət göstərsin, əsas amal xalqa xidmət olsun. Həmin müşavirələrin birində işində ciddi nöqsanlar olan başçılara açıq şəkildə xəbərdarlıq da edilib. Müşavirədə xüsusi olaraq Bakının Sabunçu, Xətai və Xəzər rayonlarının icra hakimiyyəti başçılarının adı vurğulanıb, onlara konkret tapşırıqlar verilib. 

Əldə olunan məlumatlara görə, təkcə işinin öhdəsindən gələ bilməyən icra başçıları deyil, digər dövlət qurumlarının rəhbərləri də tutduqları postu itirə bilərlər. Artıq yeni tələblərin olduğu bir zamandır və hökumət fəaliyyətində ciddi nöqsanlara yol vermiş məmurların bağışlanmamasında qərarlı görünür. Bu ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra komanda daxilində ciddi dəyişikliklər edilib. Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibinin təsdiqlənməsi haqqında imzaladığı sərəncamlarla bir sıra nazirlər, məmurlar iqtidar komandasından kənarda qalıb. Seçkidən sonra bir sıra icra hakimiyyəti başçıları vəzifədən uzaqlaşdırılıb. Görünən odur ki, komandanın daha çevik və fəaliyyətinin gücləndrilməsinə yönəlik proses davam edir. 

Hesab olunur ki, hökumətin indiki kadr islahatları hələ prosesin birinci mərhələsidir.Növbəti mərhələdə isə hökumət ciddi struktur dəyişikliyinə gedəcək, köklü islahatlara başlayacaq.Hökumət islahatların yekun nəticəsi olaraq çevik idarəetmə mexanizmi yaradılacaq. Bunun üçün isə daha çevik, enerjili kadrlara ehtiyac var. Hər kəs yaxşı bilir ki, köhnə kadrlarla çevik idarəetmə mexanizmi qurmaq, uğurlu nəticələr əldə etmək mümkün deyil.Bu mexanizmin işlək olması üçün ilk növbədə kadrların bunu mənimsəməsi, yeni idarəetmə üsuluna uyğunlaşması vacibdir. Müasir tələblərlə ayaqlaşa bilməyən, fəaliyyətlərində dönüş etməyi bacarmayanların komandadan kənarda qalması gözlənilir.
 

Bənzər xəbərlər

Gündəm

0.023950099945068