İsraildə fövqəladə hökumət yaradılıb - YENİLƏNİB + VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müxalif siyasi bloku “Dövlət Düşərgəsi”nin liderlərindən biri, Knessetin (parlament) üzvü Benni Qantsın iştirakı ilə ölkədə fövqəladə hökumət yaradıldığını elan edib.
O, bu barədə xalqa televiziya ilə müraciəti zamanı bildirib.
“İsrail vətəndaşları, bu gecə biz fövqəladə hökumət yaratdıq. İsrail xalqı birdir və bu gün onun rəhbərliyi də birləşib”, - deyə hökumət başçısı bəyan edib.
Baş nazirin sözlərinə görə, “bütün digər mülahizələr” bir kənara qoyulub, çünki indi İsrailin taleyi təhlükə altındadır.
O, hakimiyyətin bütün israillilərin və ölkənin rifahı üçün birgə çalışacağını vurğulayıb.
Netanyahu qeyd edib ki, əsas vəzifə İsrailə hücum edən Fələstinin radikal HƏMAS təşkilatı üzərində qələbə qazanmaqdır.
11.10.2023, 14:20
İsrailin bütün parlament qüvvələri fövqəladə hökumətin yaradılması ilə bağlı razılığa gəliblər.
Keçmiş müdafiə naziri Benni Qantzın “Milli Birlik” müxalifət partiyası istisna olmaqla, bununla bağlı əksər partiyaların razılığı hələ dünən alınıb.
Bu gün isə Benni Qantz İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb və bu təşəbbüsə qoşulduğunu bildirib.
İsrail mətbuatında dərc olunan xəbərlərə görə, məhdud sayda nazirlərdən ibarət hərbi kabinetin yaradılması planlaşdırılır. Bu kabinetə müharibənin idarə edilməsi üzrə əsas səlahiyyətlərin verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, daha əvvəl İsrail hökuməti koalisiya partiyalarının liderləri baş nazir Benyamin Netanyahuya milli birlik hökuməti qurmağı tapşırıblar. Netanyahu müxalifət liderlərini Fələstinin HƏMAS radikal hərəkatı ilə silahlı münaqişə kontekstində ölkədə milli birlik hökuməti qurmağa dəvət edib.
Mənbə: “Politika strain” “Telegram”