Taylandda 11 polis 14 yaşlı yeniyetməyə təcavüz edib
15 nəfər, o cümlədən 11 Tayland polisi 14 yaşlı qıza təcavüz etməkdə şübhəli bilinir.
Saxlanılan kişilərdən 11-nin Tayland polisinin xidmətdə olan zabitləri olduğu vurğulanır. Uşaq hüquqları təşkilatlarının məlumatına görə, Taylandın şimal-şərqindəki Ley əyalətində iki il ərzində bir yeniyetmə qızın dəfələrlə təcavüzə məruz qaldığı iddia edilib.
Uşaqların, Gənclərin və Ailələrin Müdafiəsi Fondunun nümayəndələri Taylandın ədliyyə naziri Somsak Tepsütinə məktub göndərərək, qrup şəklində zorlamanın 14 yaşlı qurbanı üçün ədalətin bərpası xahişi ilə müraciət ediblər.
Müəyyən edilib ki, 2021-ci ilin martından 2023-cü ilin yanvarınadək qız 15 kişi tərəfindən dəfələrlə qrup şəklində zorlanıb. Bəzi mənbələr zorlama aktlarından birinin nəticəsində zərərçəkənin hamilə olduğunu iddia edir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları 11 polis əməkdaşını həbs edib, onlardan 5-i zaminə buraxılıb, 6-nın isə azadlığa buraxılmasına icazə verilməyib. Cinayətdə daha 4 şübhəlinin də əli olduğu güman edilir, lakin onların şəxsiyyəti hələ müəyyən edilməyib.
Uşaq fondunun müşaviri bildirib ki, polis leytenantı tabeliyində olan ən azı 10 nəfərlə yeniyetmənin qrup şəklində zorlanmasına rəhbərlik edib. O, həmçinin bildirib ki, zərərçəkmiş artıq öz vilayətini tərk edib, lakin hələ də polis tərəfindən təzyiqlərə məruz qalır.
Qızın qohumları şübhəlilərin əksəriyyəti sərbəst buraxıldığından özlərini təhlükəsiz hiss etmədikləri üçün səlahiyyətli şəxslərdən işin araşdırılmasını sürətləndirməyi tələb edirlər.
Qurbanın ancaq anası və əlilliyi olan kor nənəsi var. Fond Ədliyyə Departamentindən şəxsi təhlükəsizliklərini təmin etmək üçün onları şahidlərin müdafiəsi proqramına daxil etməyi xahiş edib.
Mənbə: gazeta.ru