Kahramanmaraş zəlzələsində Adıyamanda ev “ayaqlanıb yeridi” - VİDEO
Kahramanmaraşda baş verən zəlzələ Adıyamanda bir kənddə evi bünövrəsindən 30 santimetr yüksəkliyə qaldırıb və 2 metr irəliyə sürükləyib.
Gölbaşı rayonunun Ozan kəndində yerləşən 2 mərtəbəli evin bünövrəsinin düz qarşısından qırılma xətti keçir. Fevralın 6-da episentri Pazarcık olan 7,7 bal gücündə zəlzələ zamanı ev bünövrədən 30 santimetr yüksəyə qalxıb və iki metr “irəliləyib”.
Ev sakinlərindən Emin Atmaca bildirib ki, zəlzələ baş verən gecə böyük bir səs və titrəyə oyanıblar. “Çox səs-küy və gurultu var idi. Ev rəsmən “ayaqlanıb yeridi”. Zəlzələ dayananda bayıra çıxmaq üçün aşağı düşdük və qapı ilə pilləkənin fərqli yerlərdə durduğunu gördük. Pilləkənlə çıxa bilmədik və tullandıq. Bir kötük tapdım və anamı, bacı-qardaşlarımı qucağıma alıb aşağıya endirdim. Hava işıqlaşanda gördük ki, ev həm yuxarı qalxıb, həm də 2 metr irəliyə doğru sürüşüb. MTA qrupları da gəldi. Onlar da belə bir şey görmədiklərini dedilər. Qeyd etdilər ki, Ərəb qırılma xətti ilə Şərqi Anadolu qırılma xətti qapı və evin kandarından keçir. Onlar da çox təəccübləndilər”, - deyə o vurğulayıb.
Mənbə: Haber Global