Vatikan və Oman arasında diplomatik əlaqələr qurulub
Vatikan və Oman Sultanlığı arasında diplomatik əlaqələr qurulub.
Bu barədə cümə axşamı Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib.
“Müqəddəs Taxt-Tac və Oman Sultanlığı qarşılıqlı anlaşmanı təşviq etmək, dostluq və əməkdaşlığı daha da gücləndirmək arzusuyla, suveren bərabərlik, müstəqillik, ərazi bütövlüyü prinsiplərini rəhbər tutaraq, apostol nunsiyası (səfirliyə bərabərdir – red.) səviyyəsində diplomatik əlaqələr qurmaq qərarına gəliblər”, - Vatikanın bəyanatında deyilir.
Qeyd edək ki, hazırda Vatikanın 184 ölkə, eləcə də Avropa İttifaqı və Malta ordeni ilə diplomatik əlaqələri var. Şəhər - dövlət müxtəlif beynəlxalq təşkilatların üzvü və ya müşahidəçisi statusuna malikdir.
Mənbə: TASS