Feb 22

Aİ-nin mülki missiyası, yoxsa silahlı dəstəsi: Cəmi bir günə iflasa uğrayan fəaliyyət - ŞƏRH + FOTO

Avropa İttifaqının (Aİ) missiyasının Ermənistanda fəaliyyətə başladığı günün səhəri Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Bu hadisə Azərbaycan tərəfinin haqlı olduğunu bir daha nümayiş etdirir. Çünki Azərbaycan tərəfi Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini dəfələrlə bildirib. Odur ki, bu məsələ Azərbaycanın haqlı tərəf kimi indiyədək beynəlxalq ictimaiyyətə çağırışlarını təsdiqləmiş olur.

Azərbaycan öz problemini hər zaman özü təkbaşına həll edib. Bu həlletmələr həm döyüş meydanında, həm də siyasi masada gerçəkləşib. Təbii ki, Azərbaycanın haqq savaşında ona mənəvi və siyasi dəstək olan kifayət qədər dost və qardaş ölkələr mövcuddur. Həmin dövlətlərin bu dəstəkləri danılmazdır.

Haqsız tərəfin - Ermənistanın himayədarlarının bu ölkəyə açıq hərbi dəstəklər göstərməsi isə göz önündədir. Aİ-nin “mülki” missiyasının da Ermənistana dəstəyi məhz bu qəbildəndir. Çünki ötən gün axşam saatlarından etibarən missiyanın məqsədinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün, eləcə də region üçün heç bir faydasının olmadığı sübut olunub.

Ona görə ki, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Təbii ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Qanunsuz erməni silahlı dəstə üzvlərinin bölgədə silahları işə salması onu göstərir ki, Aİ-nin missiyasının fəaliyyəti sıfırdan da aşağıdır. Yəni ziyanlıdır. Bu missiyanın ATƏT-in keçmiş Minsk qrupu kimi baş qatmaq və tərəf tutmaq niyyəti əvvəldən görünürdü. Buradan belə nəticəyə gəlmək olar ki, Ermənistanın himayədarları gərginliyin daha otuz il də davam etməsini ən azı arzulayırlar.

Azərbaycanın haqlı mövqeyi bəllidir və bu mövqe ən yüksək instansiyalar vasitəsilə bütün dünyaya çatdırılıb. Azərbaycan hər zaman, bütün dünyada olduğu kimi, regionda da sülh istəyib və gərginliyin olmamasını arzulayıb. Amma bununla yanaşı, Azərbaycanın özünü müdafiə etmək hüququ da qalmaqdadır. Lazım gələrsə, bu hüquqdan istifadə zərurəti yarana bilər.

Fevralın 20-də Aİ-nin missiyasının Ermənistanda fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı süılhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən mövqelərimizi atəşə tutması məsələnin mahiyyətini göstərir.
 

Görünür, erməni tərəfi avropalı müşahidəçilərin regionda olmasını özləri üçün “təhlükəsizlik çətiri” hesab edir və onların ölkələrində olmasından yaman “cəsarətlənib”. Amma Azərbaycan üçün erməni silahlı dəstələrinin hansı ölkənin və ya missiyanın arxasında gizlənməsinin heç bir əhəmiyyəti yoxdur – təxribat və təhdid davam edərsə, sərt şəkildə cavablandırılacaq. Artıq iki il yarım əvvəl hər kəs “Dəmir yumruğ”un zərbəsinin şahidi olub.

Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, missiyada iştirak edən 100 nəfərdən 50-nin “silahsız müşahidəçi” olduğunu ilk dəfə etiraf edib. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Bu fakt hətta erməni ictimaiyyəti üçün də gözlənilməz olub. Ermənistan rəhbərliyi ölkə ərazisinə Aİ-nin silahlı missiyasını buraxdığını indiyədək hətta öz ictimaiyyətindən də gizli saxlayıb.

Bununla yanaşı, ən qəribəsi odur ki, İran da düz sərhədinə avropalılardan ibarət silahlı missiyanın gəlişini hələ də sükutla qarşılayır. Eyni zamanda, Rusiya Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə neqativ münasibətini gizlətməsə də, açıq-aydın onu regiondan sıxışdırıb çıxartmaq cəhdlərinə qarşı təsirli tədbirlər görmür.

“Report” İnformasiya Agentliyi

Bənzər xəbərlər

Gündəm

0.036394119262695