Dünyada ən çox satılan dərmanlardan birinin 40 il gizlədilən sirri - FOTO
Britaniyanın “Glaxo” əczaçılıq şirkəti mədə xorası və mədə qıcqırması dərmanı “Zantac”ın təhlükəsi barədə məlumatı 40 ildən artıq gizlədib.
Bu barədə “Bloomberg” öz mənbələrinə istinadla xəbər verib.
Məlumata görə, istehsalçı hələ 1978-ci ildən “ranitidin” preparatının aktiv maddəsinin orqanizmdə güclü kanserogen N-nitrosodimetilamin (NDMA) ifraz etmək xüsusiyyətini bilib. Ancaq şirkət bu araşdırmaların nəticələrini gizlədib və dərmanı apteklərdən geri çağırmayıb.
Qeyd olunur ki, NDMA əvvəllər raket yanacağına əlavə edilib, indi isə laboratoriya siçovullarında xərçəng yaratmaq üçün istifadə olunur. Tədqiqatlara görə, NDMA az miqdarda təhlükəli olmasa da, “ranitidin”in tərkibində bu maddənin miqdarı həddindən artıq olub və zamanla daha da artırılıb.
Agentlik tərəfindən nəzərdən keçirilən “Glaxo” sənədlərinə görə, şirkət problemdən əvvəldən xəbərdar olub, lakin dərmanın kanserogenliyi ilə bağlı araşdırmanın nəticələrini ABŞ tənzimləyicisindən gizlədib.
“Zantac” vaxtilə dünyada ən çox satılan resept dərmanı idi. Şirkət, hətta Kraliça II Elizabet tərəfindən mükafatlandırılıb, icraçı direktor Endryu Uitti isə “cəngavər” tituluna layiq görülüb.
“Ranitidin”in təhlükələri barədə ancaq 2019-cu ildə məlum olub. O vaxtdan bəri, “Zantac” istehsalçıları və dünyadakı sağlamlıq tənzimləyiciləri dərmanı geri çağırmağa başlayıblar. 2020-ci ilin yazında dərmanın buraxılması və istifadəsi qadağan edilib. 70 mindən çox pasiyent şirkəti məhkəməyə verib.