Bayramov və Çavuşoğlu Kahramanmaraşdakı dağıntılar olan ərazilərə baş çəkiblər - YENİLƏNİB + FOTO/VİDEO
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olub.
Daha sonra C.Bayramovla M.Çavuşoğluya əməliyyatlarla bağlı məlumat verilib.
Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.
13:14
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.
Azərbaycan Respublikasının xarici işlər naziri @Bayramov_Jeyhun qardaş Türkiyənin dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş şəhərində Türkiyənin xarici işlər naziri @MevlutCavusoglu tərəfindən qarşılanıb. pic.twitter.com/GzH4d64nhW
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) February 11, 2023
Ceyhun Bayramov Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.
Nazir @Bayramov_Jeyhun #Türkiyə|nin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində @AFADBaskanlik Mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub. pic.twitter.com/lfJo9IbL5B
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) February 11, 2023
12:33
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gedib.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə yeddi günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində üç aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
08:44
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.