Telekommunikasiya "dəllalı" Yardımlını rabitəsiz qoyub - Fərail Agayev eləcə söküb satır
Qurumun kəndlərdə çəkdiyi rabitə xətləri köhnəlib, telefon naqilləri özbaşına fəaliyyət sayəsində heç bir təhlükəsizlik nəzərə alınmadan işıq dirəklərinə pərçimlənib, nömrə ayrıcları üçün nəzərdə tutulan dəmir qutular isə hara gəldi bağlanıb, elektrik gərginlikli naqillərin müşaiyətilə evlərə uzanan telefon xətlərinin, məftillərdəki calaqların adi izolyasiyasına belə əməl olunmayıb. İnanmayacaqsınız, amma qovşaq müasirliyə keçid etmək, müştərilərinə yüksək keyfiyyətdə xidmətlər təklif etmək kimi missiyanı özündən xeyli uzaqlaşdırıb və ancaq dağıdıcılıqla məşğuldur. Bu hallar da ki, deyiləsi dərdin texniki tərəflərinin heç yarısı da deyil, bu idarədə əməlli başlı dağıt-ha-dağıt, lap vurhavur, sök-ha-sökdur!..
"Demokratik.Az"-ın əldə etdiyi məlumatlara görə, "Aztelekom" İstehsalat Birliyinin (MMC) Yardımlı rayon şöbəsinin müdiri Fərail Agayev qurumun bütün imkanlarını öz maddi maraqları naminə çapıb-talamaqla, özfəaliyyətlə əlləşir. F.Ağayevin abonentlərə və kollektivinə sərgilədiyi naxoş münasibəti özünün yarıtmaz idarəetmə qabiliyyəti və varlanmaq həvəsilə birləşərək qurumun Yardımlı rayonundakı fərsizliyinə də çox dərin yol açıb. Adıçəkilənin etdikləri Yardımlı camaatında "Aztelekom" MMC-yə qarşı əməlli-başlı, həm də haqlı ikrah hissləri oyadıb.
Aldığımız məlumata görə, "Aztelekom" MMC-nin Yardımlı rayon şöbəsinin müdiri Fərail Agayev uzun illərdir "Aztelekom" İB-nin (MMC) rayonda görüləcək işlərə ayırdığı mal-materialı təlimatdankənar sənədləşmələrilə talamaqla xüsusi ad çıxarıb. Özünü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin I müavini Zaman Verdiyevin adamı kimi təqdim edən bu şəxsin maxinasiyaları, dövlət əmlakının çeşidli şəkildə mənimsənilməsi və israf etmə yolu ilə talanması özbaşınalıqları heç bir sərhəd tanımır. Göz görəsi hallarda Zaman Verdiyevin və ya F.Ağayevi himayə edənlərin Yardımlı TKQ-nin əyri işlərində hansı rolları bölüşmələri, ayrı-ayrı vəzifəli şəxslərdən ibarət korrupsiya şəbəkəsinin hansı məbləğlərə və daha haralara qədər uzandığı bizdən daha çox hüquq mühafizə orqanları üçün çox ciddi araşdırma mövzusudur.
Aldığımız məlumata görə, özünü tamamilə cəzasızlıqda hiss edən F.Ağayev təkcə son aylarda 10 kilometrlərlə ölçülən kabel və məftillərin istifadəsində aşkar israfçılıq və köhnə sökülü nə varsa mənimsəməklə üzərinə düşən vəzifə öhdəliklərini və müvafiq təlimatları pozub. Rayon üzrə bir sıra kəndlərdə rüşvət almaq müqabilində abunəçi qutudan evə qədər olan məsafə 300-500 metr olsa belə (normativ 100 metrədək götürülür) kimlərəsə telefon xətləri qurumun vəsaiti hesabına çəkilib. Eləcə də fərdi sifarişli işlərdə rayonun zəruri telekommunikasiya tədbirləri üçün ayrılan 100-lərlə taxta-şalban və uzunluğu 6 metr olan dörd künclü profil tipli dəmir dirəklər, "əridilib" və mahiyyət etibarilə yalnızca F.Ağayevin cibinin karlı qazancına çevrilib.
Məlumatlı mənbəmizin bildirdiyinə görə, "Aztelekom" MMC hər ay yerli qurumların tələbnamə və ya sifarişlərini incələyərək idarələri hər cür maddi-texniki vəsaitlə, lazımi qədər kabellərlə və dirəklərlə təmin edir. Abonentlərin müraciətlərini və tələbatı qarşılamaq üçün müxtəlif təyinatlı naqillər ayrılır. Lakin, Yardımlı rayon Telekominikasiya qovşagının müdirindən başqa, kollektivdə təmsil olunan digər maddi-məsul şəxslər ayrılan mal-materialın, eləcə də işin görülməsi üçün xərclər smetasında nəzərdə tutulan vəsaitin hara və necə istifadə olunduğunu bilmir. Çünki, cənab Ağayevin talançı qərarlarında nə sahə rəislərinin, nə də mühəndislərin ümumi rəyinə ehtiyac duyulmur. Cari ilin yanvarından bəri tərtib edilən əksər aktlarda da yalnız müdirin özünün xətti və imzası olduğu bildirilir. O da iddia edilir ki, idarənin baş mühəndisi Natiq Mirzəcanovun da öz işini bilməməsi, rabitəçi deyil ixtisasca informasiya texnologiyaları mühəndisi olması Fərail Ağayevin əsassız qərarlarına təkan verir. Ən əsası, qovşaqda mühəndis ştatları da F.Ağayevin seçimilə "susqun" şəxslərə paylanıb ki, kimsə özbaşınalıqlara üsyan etməsin. Görünür ona görə də, Fərail Ağayev işçilərinə qarşı asanlıqla kobud davrana, tabeliyindəki şəxslərə qarşı vulqar ifadələr də asanlıqla işlədə bilir.
Bozayran kənd sakinlərinin "Demokratik.Az"-a dediyinə görə, "Aztelekom" İB-nin Yardımlı rayon şöbəsinin müdürü Fərail Ağayev məhz onların kəndindəndir, lakin o, həmkəndlilərinin də müraciətlərinə heç bir məhəl qoymur. Ayrılan pulu da, mal-materialı da öz istədiyi yerlərə, könlünü xoş edən yeni abonentlərə məsrəf edib pul qazanır.
Rayonda internetin ümumi səviyyəsi olduqca aşağıdır, əksər kəndlər bir neçə telefonun ümidinə qalıb. Rayon mərkəzi ilə kəndlər arasında birləşdirici kabellər illər əvvəldən optik kabellərlə əvəz olunsa da nöqsanlar düzəlmir, əksinə artıb. Yalnız o baş verib ki, Fərail Ağayev təkcə kənd xəttlərinin yenilənməsi işində SSRİ vaxtından qalma, mis tərkibli (KSPP-en kəsiyi 0,4) 30 km uzunluğunda kabeli anbara mədaxil etmədən sataraq pulunu mənimsəyib, vəssalam!..
Telavar-Bərcan, Telavar-Astanlı, Hamarkənd-Alar kəndlərində olduğu kimi, demək olar ki, rayon üzrə bütün köhnə kabellərin misinə göz dikən F.Ağayevi və iritutumlu kabelləri yerindəcə doğrayıb satmaq üçün maşında kəsici alətlər gəzdirən sürücüsü Qəribağa Niftiyevi artıq missatan kimi tanıyırlar. Təsadüfi deyil ki, dağıdıcılıq sayəsində rayonun Ərsilə, Şıxhüseyinli, Şovud kəndləri ümumiyyətlə rabitəsiz buraxılıb, SSRİ dönəmində mövcud olan mis kabellər buralarda da çıxarılaraq dədə malı kimi satılıb. Sözügedən kəndlərin sakinlərinin hüquqları debütor borc bəhanəsilə beləcə pozulub. XXI əsrdə Azərbaycanda hansısa kəndin ümumiyyətlə rabitəsiz buraxılması qəbilə təfəkkürüdür, sivilizasiyaya qarşı vandalizmdir! Daha nə deməkdir, bu nə qabiliyyətsizlikdir, bir az da özünüz düşünün!
Qovşaq müdiri Yardımlının mərkəzində mövcud olan yeni kabel xəttlərini də maraqları müqabilində kimlərəsə telefon çəkdirir deyə müxtəlif yerindən kəsdirərək yararsız şəkilə saldırıb. Nəticədə, həmin xətlərdə tez-tez nəmlik yaranır ki, bu da naqilin radioötürücülük qabiliyyətini axsadır. Bundan başqa, Yardımlı TKQ-də ən ciddi nöqsanlardan biri Mərkəzi stansiyadan (KSQ qurğusu ilə-red) bölüşdürücü şkaflara (TPP-200x2 2 ədəd, TPP-300x2 1ədəd - cəmi 3) gedən kabellərə ötən ildən bəri isti hava vurulmur. Müdirin bu nöqsanı aradan qaldırmaması (qurğunun xarab olduğu deyilir-O.N) da kabellərdə və ümumi xidmətdə nasazlıqlara gətirib çıxarıb. İnternetdəki əksər şikayətlər də elə bundan qaynaqlana bilər.
Onu da bildirək ki, bugünlərdə rayonun Kürəkçi kənd sakini, II Qarabağ qazisi Salmanov Rəşad Allahşükür oğlu da F.Ağayevin özbaşınalığı ilə üzləşib. Qazi pul vermədiyi üçün yaşadığı evə nə telefon, nə də ki, internet çəkdirə bilmir, əksinə, yekəxana bir müdir tərəfindən idarədən qovulub. Digər qazilərimizə qarşı da anoloji halın yaşandığı aldığımız xəbərlər sırasındadır. Hansı ki, vətənin bütövlüyü uğrunda canını cəfa etmiş qazilərimizin qanuni xahişini yerinə yetirmək digərlərindən daha vacib, daha qanunauyğun əsaslara dayanmırmı ey "Aztelekom"?
Maraqlıdır ki, NRYTN-in tabeliyindəki "Aztelekom" MMC 2019-2020-ci illər ərzində dəfələrlə yarıtmaz fəaliyyətinə görə töhmətlər verdiyi Fərail Ağayevin bunca əməllərini görməzlikdən gəlir, sadalanan cinayət xarakterli özbaşınalıqların durdurulması istiqamətində heç bir tədbirlər görülmür.
Sonda, Rabitə nazirimiz cənab Rəşad Nəbiyevə nazir təyin edilərkən ölkə rəhbərindən eşitdiyi sözləri xatırladıram.
Prezident: "... mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır"-deyə xəbərdarlıq edərək yeni nazirə tövsiyyələrini vermişdi.
Buyursun cənab nazir, yuxarıda yazılan faktları dərindən araşdırsın, imkanı varsa Yardımlı TKQ-yə yoxlama da göndərsin. Və iradəsi yetəcəksə başlatdığı kadr islahatları çərçivəsində "Aztelekom"MMC-dəki "rabitə dəllalları"na da göz gəzdirsin.
Məndən hələlik bu qədər...
Osman Nərimanoğlu
Demokratik.Az
DİA.AZ olaraq yazıda iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...