21-ci əsrin Lerikində UZUNQULAQ ZƏRURƏTİ...
Dünya əhalisinin artımı, ətraf mühiti çirkləndirməsi və sudan istifadə zamanı israfçılığa yol verməsi nəticəsində mövcud ehtiyatlar sürətlə tükənmək üzrədir.
Məsələn, son 50 ildə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər hər 8 saniyədə 1 uşağın ölümünə səbəb olur.
İnkişaf etməkdə olan ölkələrdə 80% xəstəliklər və ölüm hadisələri məhz içməli su ilə bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hazırda dünya əhalisinin 80%-i keyfiyyətsiz sudan istifadə edir.
Cənubi Qafqazın ümumi su ehtiyatının 10%-i Azərbaycanın payına düşür... İçməli su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də mövcuddur.
Araşdırmalara görə, bizim yerüstü su ehtiyatımız orta illik 32,3 mlrd. kubmetrdir. Quraqlıq illərdə (az sulu illərdə) isə bu göstərici 23 mlrd.kubmetrə qədər azalır.
Ölkədə adambaşına orta illik 3800 kubmetr su düşür. Yeraltı içməli su mənbələrində isə 23 764,28 mln. kubmetr/gün su ehtiyatı var. Azərbaycan ərazinin hər kv.km-nə və əhalinin hər nəfərinə düşən yerüstü su ehtiyatları göstəricisinə görə Cənubi Qafqaz dövlətləri və Rusiyadan geridə qalır.
Cənubi Qafqazın ümumi su ehtiyatının (310 mlrd.kubmetr) 62%-i Gürcüstanın, 28%-i Ermənistanın, yalnız 10%-i Azərbaycanın payına düşür.
Su çatışmazlığı həmçinin mövcud su ehtiyatlarından rasional istifadə edilməməsi ilə də izah edilir. Bakının su təsərrüfatı, infrastrukturu 1,3-1,7 mln. insan üçün nəzərdə tutulsa da, hazırda paytaxt sakinlərinin sayı 2 dəfə artıb.
İnfom.az xəbər verir ki, ölkənin cənub bölgəsininin bir çox rayonlarının kəndlərində içməli su problemi illərdir ki, yerində qalmaqdadır. İnsanlar su tələbatlarını təbiətdə olan bulaqlardan götürürlər. Bunun üçün isə kifayət qədər yol qət etməli olurlar.
Lerikin Sori və ətraf kəndləri hələ də içməli su probleminə görə əziyyət çəkir. Kənd sakinləri içməli su gətirmək üçün uzunqulaqla bir neçə kilometr yol qət etməli olurlar.
Sakinlərlə söhbətimiz zamanı isə məlum oldu ki, bu günə kimi kəndlərin içməli su problemini həll etmək üçün müvafiq qurumlar tüklərini belə tərpətməyiblər. İyirmi birinci əsrdə Lerik camaatı evlərinə suyu uzunqulaqla daşıyırsa, rəhmətlik Mirzə Ələkbər Sabirin şeiri adamın yadına düşür:
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz.
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər.
Allah səni rəhmət eləsin, ustad!