Maliyyə Nazirliyində gizli oliqarx... - Xaqani Rzayevin şok tenderləri, oğlanlarının Avropa biznesi və...
Azərbaycan məmurları içərisində sirli boğçalar, gizli sandıqlar kimi elə qapalı oliqarxlar kök salıb ki, onlar uzun illər sərvətlərini, ailələrinin biznesini, dövlətdən çırpışdırdığı milyonları diqqətdən yayındıra biliblər.
Özlərini gözə soxmadan, fəaliyyətləri xüsusi nəzərə çarpmadan, mətbuatın gündəminə gəlmədən xımır-xımır büdcəni talayanlar, uşaqlarına xaricdə malikanələr, şirkətlər açanlar indi bir-bir ifşa olunmağa başlayıblar.
Rublika.Az-ın verdiyi xəbərə görə, onlardan biri gizli oliqarx, işlədiyi yerlərdə rəhbər şəxslərlə heç vaxt yola getməyən sirli Xaqani Rzayev personajıdır. Bu haqda ayrıca...
2019-cu ildə Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi təyin olunmuş Xaqani Rzayev bu iki il ərzində elə varlanıb ki, bəlkə nazir Samir Şərifov bu cür sürətlə oliqarxlaşmayıb.
X.Rzayev Xidmət rəisi olduğu vaxtdan sonra üzə çıxan faktlardan biri onun oğlu İslam Rzayevin Londonda şirkət açmasıdır. Düzdür, məmur balası şirkəti 2012-ci ilin oktyabrından təsis edib - Unison LTD...
Amma simvolik kapitalla yaradılan firma cəmi iki işçisi ilə qısa müddətdə böyük gəlirlərə sahiblənib. Müəmmalıdır, axı necə olub?
Bildirilir ki, X.Rzayevin oğlu əvvəlcə öz şirkətinə 4 illik 92 min funt sterlinq borc verib. Çox çəkməyib ki, onun vəsaiti 652 min funt, yəni 1, 5 milyon manat olub.
Londonda tez-tez yer dəyişən, ayrı-ayrı ofislərə köçən məmur oğlu nəhayət, şirkət üçün 760 min manata dörd otaqlı mənzil alıb. Görəsən İ.Rzayevin gənc yaşında Böyük Britaniyada biznesdə uğur qazanmasının səbəbi nədir?
Onun hansı fitri istedadı və fərasəti olub ki, həmyaşıdları gecə-gündüz, qan-tər içində oxuyarkən, iş axtararkən məmur balası Avropanın göbəyində şirkət qurur, milyonlar qazanırmış?
Bu da ayrı məsələdir ki, nədənsə məmur uşaqları biznesdə uğur qazanırla. O mənada Xaqani Rzayevin oğlu da seçilib. Onun digər oğlu Cəbrayıl Rzayev isə dövlət proqramı ilə xaricdə təhsil alıb, İsveçənin Cenevrə şəhərində yaşayır. Nə kəramətdirsə, dövlətin xaricdə təhsil proqramından da ən çox elə varlıların, vəzifəlilərin uşaqları yararlanırlar. Xaqani Rzayev isə bu məsələdə də bacarıqlı olub, oğlunu bu siyahıya saldırıb, dövlətin hesabında Avropada oxudub.
Başqa bir maraqlı fakt ondan ibarətdir ki, Rzayevlər ailəsi Bakının Yasamal rayonu, Mikayıl Müşviq küçəsi 15/17 ünvanında qeydiyyatda göstərilir. Həmin ünvanda isə "Məcid - M” MMC fəaliyyət göstərir. Buradan iki nəticə çıxarmaq mümkündür: ya şirkət X.Rzayevə yaxın birinə məxsusdur, ya da Xidmət rəisi həmin ünvandakı əmlakı MMC-yə kirayə verib, bundan da pul çıxarır.
Rublika.Az-ın əldə etdiyi məlumata görə, Xidmət rəisi bütün bu işlərini, əmlaklarını, oğlunun adına olan firmanı uzun illər gizlədib, hətta maliyyə naziri Samir Şərifov belə xəbər tutmayıb. Məlumatlara görə, ümumiyyətlə, S.Şərifovla X.Rzayevin əlaqələri yaxşı deyil.
Amma o, Xidmət rəisi postunda qalmağa hansısa yolla müvəffəq olub. Onun varlanmasında xüsusən tender əməliyyatları ciddi rol oynayır. Elə oğlanlarının Avropa "uğurları” da əldə edilən pullar hesabınadır.
Hətta mediada X.Rzayevin adı "tender əjdahası” kimi keçir və büdcədən maliyyələşən bütün təşkilatlarda təftiş aparmaq səlahiyyətlərinin olması da ona ayrıca üstünlük qazandırır.
İddialara görə, X.Rzayevin Xidmətində çalışan əməkdaşlar büdcə təşkilatlarında maliyyə yoxlamaları zamanı hər hansı yeyinti, nöqsan aşkarlayanda bunu yoluna qoymağın "üsul”larını bilirlər.
Məlumatda deyilir ki, X.Rzayevlə dil tapmağa çalışan idarə rəhbərləri onu "razı” salır və büdcə pullarının israf olunmasını, mənimsənilməsini ört-basdır edirlər.
O da bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin "yetirmələri” olan bir neçə daimi qaliblər var. Həmin onlar müxtəlif adlarla çoxlu sayda şirkətlər yaradaraq müxtəlif qurumların tenderlərində iştirak edib "qalib” olurlar.
Çox maraqlıdır ki, X.Rzayevin barəsində vikipedik məlumatlar belə yoxdur və onun bioqrafiyası, əvvəllər hansı vəzifələrdə işlədiyi haqda informasiya verilmir.
Gələn xəbərlərə görə, o, hazırda Sumqayıtın icra başçısı olan Zakir Fərəcovla çalışıb, lakin korrupsiya əməllərinə yol verib, bu səbəbdən işindən kənarlaşdırılıb. Yəni belə bir dosyesi olan məmur indi nazirlikdə Xidmət rəisi vəzifəsini tutmaqla oğlanlarına gün ağlayıb, Avropada güzəran qurub, özü də tenderlərdən "qaz vurub, qazan doldurur”.