Mar 13

Polkovnik Elşən Kazımovun sənədində səhv tutan Arzuman Arzumanlı sürücüdən - 300 manat aldı

Yol polisi əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımovun imzaladığı sənəddəki səhvə görə sürücüdən 300 manat rüşvət alıb.

Xeberfakt.az-a müraciət edən vətəndaş Balaxan Rəcəbov bildirib ki, özəl şirkətlərdən birinə məxsus "DAF” markalı yük maşınını idarə edir və həmin yük maşını ilə yanacaq daşınması ilə məşğul olur.

Belə ki, bu il yanvarın 18-də B.Rəcəbovun idarə etdiyi yük maşını ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səmədağa Səmədov "Təhlükəli yükün daşınma marşrutu” ilə bağlı yol vərəqəsini imzalayaraq onun hərəkətinə icazə verib.

Eyni sənədi, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımov fevralın 12-də imzalayaraq təsdiqləyib.

İki rəisin imzaladığı bir sənəddə yük maşının nömrəsi səhv yazılıb. Yəni, "DAF” markalı 44 AC 504 nömrəli maşının dövlət qeydiyyat nişanı sənəddə "504” əvəzinə "507” yazılıb.

Sürücü bildirir ki, içində 35 ton tezalışan maye (benzin) daşıyan yük maşını martın 8-də paytaxtın Nizami rayonu ərazisində 10 YP 537 nömrəli yol polis əməkdaşı tərəfindən saxlanılıb. O bildirib ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin 10 YP 300 nömrəli xidməti avtomobilinin sürücüsü, inspektor Eyyub tərəfindən yük maşınının saxlanılması barədə göstəriş verilib.

YPX əməkdaşı yol vərəqəsinin yoxlanışı zamanı Elşən Kazımov və Səmədağa Səmədovun imzaladığı sənəddəki "səhv”i aşkar edib və təhlükəsizlik qaydalarını qorumadan "bomba” sayılacaq yük maşınını BDYPİ-nin 17 nömrəli siqnal-cərimə meydançasına aparıb.

İçində 35 ton təhlükəli maddə olan maşın günlərlə digər avtomobillərlə birgə meydançada saxlanılıb. Sonda isə rəislərin texniki səhvə yol verdiyi aydınlaşsa da, sürücü Balaxan Rəcəbov Bakı şəhər DYPİ-nin 5-ci otağında inspektor Arzuman Arzumanlıya 300 manat verməyə məcbur olub. Yol polisi əməkdaşı ondan rüşvət verməsə maşının buraxılmayacağını bildirib.

Martın 8-də sürücü Balaxan Rəcəbov 300 manatı verdikdən sonra inspektor ona "Arayış” verib ki, maşını "ştrafnoy”dan çıxara bilsin. Lakin ona qanunun hansı maddəsini pozması barədə məlumat verilməyib və barəsində protokol tərib edilməyib.

B.Rəcəbov Fövqəladə Hallar Nazirliyi tərəfindən "Təhlükəli yüklərin daşınmasında texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normalarının öyrənilməsi” üzrə təlim kursunu keçib və bununla bağlı ona nazirlik tərəfindən şəhadətnamə də verilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Vaqif Əsədov Mubahise.az-a bildirib ki, bu məsələ ilə bağlı sürücünün özü ilə danışmaq istəyir: "Əgər sürücü bizimlə əlaqə saxlamaq istəmirsə, deməli, iddiaları tamamilə yalandır”.

Sürücü B.Rəcəbov isə bildirib ki, məsələ ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcək.

Qeyd edək ki, bir ay öncə digər sürücü Samid Əliyev Bakı yol polisinin inspektoru Arzuman Arzumanlının ondan 150 manat rüşvət aldığını bildirmişdi və həmin rüşvət tələb etmə anının səs yazısını da təqdim etmişdi.

Görünür, hansısa səbəblərdən DİN rəhbərliyi inspektorun bu əməlini təqdir edərək hadisə araşdırmayıb və məsələ ilə bağlı dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq DİN və Bakı DYP-sinin mətbuat xidməti heç bir açıqlama verməyib.

Həmin yazı ilə buradan tanış ola bilərsiniz: Yol polisi 150 manat rüşvət alıb maşını cərimə meydançasından buraxdı - İddia + Səs yazısı

Bənzər xəbərlər

Gündəm

0.02453088760376