Jan 14

Bakı-Vaşinqton oxu: Zəngəzur üzərindən yeni geosiyasi düzən - Şərh

 “8 avqust 2025-ci il Vaşinqton razılaşmasından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb. Bu reallığın əsas memarı məhz Azərbaycan olub. Bakı yaranmış imkanları və çağırışları düzgün qiymətləndirərək regionda dayanıqlı sülh, təhlükəsizlik və əməkdaşlıq formatının institusional əsaslar üzərində qurulmasına yönəlmiş ardıcıl siyasət yürüdür. Artıq bu siyasətin konkret nəticələri görünməkdədir”.

 Bunu Mozalan.az -a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, yeni regional reallığın mərkəzində duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Naxçıvan arasında maneəsiz quru əlaqəsinin təmin edilməsidir. “Prezident İlham Əliyevin yerli mediaya verdiyi müsahibədə vurğuladığı kimi, bu yolun adının necə adlandırılması prinsipial məsələ deyil. Əsas hədəf Azərbaycanın strateji məqsədlərinə nail olunması və ölkənin ərazi bütövlüyü çərçivəsində kommunikasiya bağlantılarının bərpa edilməsidir. Bu yanaşma Bakının praqmatik və nəticəyönümlü siyasətinin göstəricisidir”, - o vurğulayıb.

Deputat bildirib ki, Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyi ABŞ tərəfindən də açıq şəkildə dəstəklənir: “Bunun bariz nümunəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilən görüşdür. Məhz bu görüşdə Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsinin elan edilməsi regionda formalaşan yeni əməkdaşlıq modelinin praktik mərhələyə keçdiyini təsdiqlədi.

Marko Rubionun açıqlamalarından aydın olur ki, TRIPP mexanizmi beş ay əvvəl Azərbaycan, ABŞ və Ermənistan liderləri tərəfindən imzalanmış tarixi sülh sammitində götürülən öhdəliklərə əsaslanır. Bu isə o deməkdir ki, Vaşinqton razılaşması kağız üzərində qalan sənəd deyil, konkret icra mexanizmləri olan siyasi-hüquqi çərçivədir.

ABŞ Dövlət Departamentinin açıqladığı sənədə əsasən, TRIPP-in icra çərçivəsi Ermənistan ərazisindən keçməklə maneəsiz, multimodal tranzit əlaqəsinin yaradılmasını nəzərdə tutur. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən strateji xətt kimi Transxəzər Ticarət Marşrutunun mühüm halqasına çevrilir.

Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, TRIPP çərçivəsi suverenlik, ərazi bütövlüyü və qarşılıqlılıq prinsiplərinə əsaslanır. Yəni nə Azərbaycan, nə də Ermənistan öz suveren hüquqlarından imtina etmir. Bu model münaqişədən sonra regionda əməkdaşlığın mümkünlüyünü göstərən nümunəvi mexanizm kimi təqdim olunur”.

Deputat əlavə edib ki,  Zəngəzurda reallaşacaq TRIPP-in əsas məqsədi təkcə Azərbaycan və Ermənistan arasında əlaqələri bərpa etmək deyil. “Bu layihə daha geniş geoiqtisadi məna daşıyır. Mərkəzi Asiya və Xəzər hövzəsini Avropa ilə birləşdirən yeni tranzit imkanlarının yaradılması Cənubi Qafqazı qlobal ticarət və enerji xəritəsində mühüm mərkəzə çevirir.
Marko Rubionun qeyd etdiyi kimi, bu saziş iqtisadi fəaliyyətin və rifahın suverenlik və ərazi bütövlüyünə xələl gətirmədən necə inkişaf etdirilə biləcəyini göstərən presedent yaradır. ABŞ üçün bu, ticarət imkanlarının genişlənməsi, region ölkələri üçün isə iqtisadi dirçəliş və təhlükəsizliyin möhkəmlənməsi deməkdir.

Bütün bu proseslər bir daha göstərir ki, Bakı bölgədə sülhü taktiki addım kimi deyil, uzunmüddətli strateji xətt kimi qəbul edir. Azərbaycanın təşəbbüsü ilə formalaşan sülh gündəliyi regional əməkdaşlığı, qarşılıqlı etimadı və iqtisadi inteqrasiyanı ön plana çıxarır. Bu yanaşma həm regiondaxili, həm də beynəlxalq aktorlar tərəfindən dəstəklənir.

Vaşinqton razılaşmasından sonra yaranmış yeni geosiyasi reallıqda Azərbaycan aparıcı aktor kimi çıxış edir. Zəngəzur dəhlizi və TRIPP çərçivəsində atılan addımlar Cənubi Qafqazda dayanıqlı sülhün, təhlükəsizliyin və sıx əməkdaşlığın təmin olunmasına real zəmin yaradır. Bakının praqmatik və strateji siyasəti nəticə etibarilə regionda münaqişə mərhələsindən inkişaf və rifah mərhələsinə keçidi mümkün edir. Bu isə Cənubi Qafqaz üçün yeni və ümidverici gələcək vəd edir”, - o qeyd edib.

Mürtəza

Bənzər xəbərlər

Gündəm

0.031394004821777