Dec 29

Sürücülərin başına bəla olan "sürprizlər" - Polisə deməlidirlər

Şəhərin bəzi küçələrində sürücülər hər gün eyni təhlükə ilə üz-üzə qalır. Yolun ortasında, heç bir xəbərdaredici nişan və ya işıqlandırma olmadan qoyulan armatur parçaları təkcə avtomobillər üçün deyil, insan həyatı üçün də ciddi risk yaradır. Gecə saatlarında görünməyən bu maneələr qəza təhlükəsini bir neçə dəfə artırır.

Sual isə açıq qalır: bu məsuliyyətsizliyin cavabdehi kimdir və niyə bir faciə baş vermədən tədbir görülmür?

Nəqliyyat eksperti Elməddin Muradlı Mozalan.az -a təəssüf hissi ilə deyib ki, yollarımızda bu cür xoşagəlməz hallar, neqativ vəziyyətlər tez-tez ortaya çıxır:

"Mən deməzdim ki, hansısa dövlət qurumu gedib yolun ortasına armatur və ya dəmir parçası yerləşdirib. Daha çox ehtimal edirəm ki, bunu hansısa məsuliyyətsiz vətəndaş edib. Hətta mümkündür ki, kimsə bilərəkdən sürücülərə zərər vurmaq məqsədilə bu addımı atsın.

Hər bir halda vətəndaşların belə hallarla rastlaşdıqda polisə müraciət etməsi daha doğru olar. Kameralar vasitəsilə həmin ərazidə bu işi kimin gördüyünü, armaturu ora kimin yerləşdirdiyini aşkar etmək mümkündür. Həmin şəxs tapılmalı və məsuliyyətə cəlb edilməlidir. Çünki burada söhbət insan həyatından gedir. Bu cür məsuliyyətsiz hərəkət nəticəsində başqalarına maddi ziyan dəyib, bunun daha ağır fəsadları da ola bilərdi. Hərçənd ki, bu dəfə yalnız maddi ziyanla ötüşübsə, yenə də yaxşıdır.

Düşünürəm ki, bu məsələ mütləq polisin nəzarətində olmalıdır. Daxili işlər orqanları bu hərəkəti törədən hər kimdirsə, onu tapmalı və cəzalandırmalıdır. Əks halda bu cür davranışlar bir tendensiyaya çevrilə bilər. Bəzi vətəndaşlar elə düşünür ki, yolda istədikləri kimi hərəkət edə, istədiklərini edə bilərlər. Bu isə yolverilməzdir.

Yol hər bir vətəndaş və istifadəçi üçün təhlükəsiz və rahat olmalıdır. Aidiyyəti qurumlar tərəfindən də bu sahəyə ciddi nəzarət edilməlidir. Yol hərəkətinin təhlükəsizliyinə və hərəkətin təşkilinə cavabdeh olan qurumlar bu məsələyə diqqət yetirməlidirlər. Əgər yolda kiməsə ziyan dəyibsə, bunun səbəbi araşdırılmalıdır. Araşdırma aparılmırsa, deməli həmin qurumlar da məsuliyyətsiz davranırlar".

Həmidə İbrahimova

Bənzər xəbərlər

Gündəm

0.019325017929077