Yeni il süfrəsi neçiyə başa gəlir? - ARAŞDIRMA
Artıq Yeni ilə sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də əksər ailələr bayramı öz evində, süfrə arxasında qarşılamağa hazırlaşır. Yeni il süfrəsinin tərkibi isə hər ailənin zövqünə və büdcəsinə görə dəyişir. Burada dəqiq qiymətlər demək o qədər də asan deyil, lakin təxmini nə qədər xərcimizin çıxacağını hesablaya bilərik.
İlk növbədə bayram süfrələrinin əsasını təşkil edən ət və ət məhsullarının qiymətlərinə nəzər salaq. Qiymətlər satış məntəqəsindən asılı olaraq dəyişir. Belə ki, dana ətinin 1 kiloqramının qiyməti qəssabxanalarda 17-23 manat arasında dəyişdiyi halda, marketlərdə bu göstərici təxminən 15-28,99 manat arası təşkil edir. 1 kq quzu ətinin qiyməti isə marketlərdə 18-24 azn, qəssab mağazalarında isə 21 azndır.
Kərə yağının 1 kiloqramının qiyməti orta hesabla 15–30 manat arasında dəyişir.
Bayram süfrələrində geniş istifadə olunan toyuq əti isə daha əlçatan hesab edilir. Toyuq ətinin qiyməti istehsalçıya, çəkisinə və satış nöqtəsinə görə dəyişərək 5 manatdan 9 manata qədər yüksəlir. Xüsusilə dolma, salat və isti yeməklərin hazırlanmasında toyuq əti daha çox seçilir.
Bayram süfrəsində hazırlanan salatların əsas tərkib hissələrindən olan mayonezin qiyməti də qablaşdırmanın ölçüsünə və markasına görə dəyişir. Belə ki, mayonez məhsullarının qiyməti 2 manatdan başlayaraq 6 manata qədər yüksəlir.
Konservləşdirilmiş məhsullar da bayram süfrəsinin vazkeçilməzlərindəndir. Yaşıl noxud konservlərini 2-7 manat, qarğıdalı konservini 3–7 manata əldə etmək mümkündür. Turşu məhsullarının qiyməti isə çeşidinə və hazırlanma üsuluna görə kiloqramı 3 manatdan başlayaraq 16 manata qədər yüksəlir.
Ən çox istifadə olunan gündəlik məhsullardan olan yumurtanın bir ədədinin qiyməti orta hesabla 20-40 qəpik arası təşkil edir. Süfrəni tamamlayan göyərti növlərinin qiyməti isə məhsulun növünə və mövsümünə uyğun olaraq 16 qəpikdən 1 manata qədər dəyişir.
Bayram süfrəsinin ayrılmaz hissəsi olan quru meyvələrin də qiymətləri çeşidinə görə dəyişir. Sarı kişmişin kiloqramı 8–16 manat arasında olsa da, bəzi növlərdə bu qiymət 20 manata qədər yüksələ bilir. Ərik qurusunun qiyməti isə 8–12 manat aralığında dəyişir. Qış süfrələrinin sevilən məhsullarından olan şabalıdın kiloqramı təxminən 12 manat təşkil edir.
Süfrənin həm bəzəyi, həm də əsas ərzaqlarından sayılan düyünün qiyməti 3,60–5 manat arasında dəyişdiyi halda, soğanı 0,90–1,50 manata almaq mümkündür. Kartofun kiloqramının qiyməti 70 qəpikdən başlayaraq 1 manata qədər dəyişir. Digər tərəvəzlər arasında kökün 1 kiloqramının qiyməti isə 1 manat 70 qəpikdir.
Meyvələrdən alma 1-3 manat, banan 3 manat, mandarin 2-3 manat arası, kivi 4 manat, ananas 6 manat, üzüm 2-3 manat aralığındadır. Tərəvəzlərdən pomidor 3-4 manat arası, xiyar 4 manatdır.
Bayram süfrəsini tamamlayan içkilər arasında qazlı içkilərin 1,2 litrlik şüşələrinin qiyməti 2,20 manat, təbii meyvə şirələri isə orta hesabla 2-3 manat aralığında satılır.
Beləliklə, orta hesabla 4 nəfərlik bir ailənin bayram qabağı xərci təxminən 175–180 manat civarındadır.
Bayramınız mübarək!
Həmidə İbrahimova



















































