Sep 19

“Dövləti olmayan kürdlər Avropada daha fəaldırlar, nəinki azərbaycanlılar”

Son günlər sosial şəbəkələrdə Ermənistan hakimiyyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə müxtəlif ölkələrdən ermənilərin köçürülməsi ilə bağlı xəbərlər və videogörüntülər yer alıb. Ermənilərin təxribatları illərdir davam etsə də, nə beynəlxalq müstəvidə, nə də iki ölkə arasında rəsmi səviyyədə öz həllini tapır.

Yayılan digər provokativ məlumatlarda isə, Avropada Dağlıq Qarabağın “müstəqil respublika” kimi tanıdılması və sadə vətəndaşlar arasında tanınması ilə bağlı müxtəlif xəbərlər mövcuddur.

Maraqlıdır, həqiqətənmi belədir? Ermənilər xain planlarını necə gerçəkləşdirirlər?

Almaniyada yaşayan azərbaycanlı jurnalist, hüquq müdafiəçisi İntiqam İbrahimoğlunun AYNA-ya dediyinə görə, belə bir münasibətə rast gəlməyib: “Çünki almanlar işğal olunmuş ərazilərimizi tamamilə Azərbaycan ərazisi kimi tanıyırlar. Hətta, burada erməni diasporu da bir o qədər güclü deyil. Yəni, bu cür hallara rast gəlinsə də, çox da geniş yayılmayıb. Almaniyada türklərin sayı çoxdur və diasporları da çox güclüdür. Onlar da heç vaxt imkan verməzlər ki, ermənilər aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olsunlar”.

“Almaniyada Azərbaycan diasporu isə yox dərəcəsindədir. Mən almanların siyasi partiya təmsilçiləri ilə görüşəndə Dağlıq Qarabağla bağlı bir neçə dəfə müzakirələr aparmışam və Dağlıq Qarabağı necə tandıqlarını soruşmuşam. Onlar Qarabağın Azərbaycan ərazisi olduğunu deyiblər. Düzdür, 20-ci əsrin sonlarında Avropaya ayaq açan ermənilər vaxtilə geniş təbliğat işləri ilə məşğul idilər. Amma sonradan azərbaycanlıların sayı çoxaldı, türklər üstünlük təşkil elədi və ermənilərin təbliğatı zəifləməyə başladı. Onlar özləri də bilirlər ki, bu gün tarixi arxivlər üzə çıxsa, onların bütün fəaliyyəti sıfıra düşəcək”, - həmyerlimiz deyib.

O, Almaniya siyasi rəhbərliyinin də Dağlıq Qarabağın “müstəqilliyini” tandımadığını bildirib: “Sadə vətəndaşlar arasında aparılan təbliğatlar nəticəsində inananlar ola bilər. Lakin bu, heç nəyə yaramır. Çünki əsas üst səviyyədir və üst səviyyə də bizim vahid müstəqilliyimizi, ermənilərin isə işğalçılığını tanıyır. Ona görə də mən düşünmürəm ki, siyasi rəhbərlik ermənilərin təbliğatını dinləyər, yaxud onlarla bu kimi məsələlərdə razılığa gələr”.

“Ümumiyətlə, biz təşkilati məsələlərdə çox zəifik. İnsanları yanımıza ala və təsir edə bilmirik. Tutaq ki, mən bir qurum yaradıram və insaların problemlərini həll etmək üçün quruma üz tutmalarını təklif edirəm. O cümlədən, diasporun yaranması da bir nəfərin işi deyil. Gərək ətrafında olan bütün ictimai-siyasi insanları bu işə cəlb edəsən ki, bu diaspor da çalışa bilsin. Lakin əfsuslar olsun ki, hərə bir tərəfə çəkilib öz işiylə məşğuldur. Düzdür, insanlar fərdi şəkildə fəaliyyət göstərir, təbliğat aparır və bu barədə bilməyənləri məlumatlandırırlar. Amma bu, təşkilat şəklində olsa, daha məqsədəuyğun olar və dövlətimizin də, xalqımızın da lehinə çevrilər”, - İbrahimoğlu vurğulayıb.

“Necə ki, Azərbaycanda siyasi partiyalar xalqla birləşə bilmir, aksiyalarda çoxluq iştirak etmir, burada da eyni cür davranırıq. Əslində, mümkündür, sadəcə təşkilatçılar çox zəifdir. Buna da diaspor demək olmaz. Çünki hər kəs öz mənfəətini güdür. Lakin vətənini sevən insan mənfəət güdməməli, xalqını və millətini düşünməlidir. Xaricdə yaşasalar da, xalqın gəlcəyi üçün nələrsə etməlidirlər. Türklərin çox güclü diasporları var. Əslində, bizim belə bir təşkilatçılığımız olmadığı üçün onlarla da birləşə bilmirik. Yəni müəyyən qədər adam bir yerə yığılsa, ən azından türk diasporları ilə də birlikdə çalşmaq mümkündür. Təəssüf ki, o da yoxdur. Məhz bu yoxluğun sayəsində biz bu günə qalmışıq. Hətta, siz təsəvvür edin ki, burada dövləti olmayan kürdlər belə, daha çox fəaliyyət göstərir, nəinki bizim azərbaycanlılar”, - müsahibimiz əlavə edib.

İbrahimoğlu fikrini belə yekunlaşdırıb: “Ümumiyyətlə, sadə avropalılar siyasətlə məşğul olmurlar. Onlara Qarabağı tanıyıb-tanımadıqları ilə bağlı sual versən, ermənilərlə azərbaycanlılar arasında münaqişə zonası olduğunu deyəcəklər. Düzdür, Dağlıq Qarabağı Azərbaycan ərazisi sayırlar, amma ermənilərin də orada yaşadığı üçün haqlarının qorunmalı olduğunu deyirlər. Bu da o deməkdir ki, ermənilərin təbliğatları vaxtında güclü olub. Amma bizim son təbliğatlarımız da müəyyən qədər effekt verib deyə, açıq şəkildə mövqe bildirə bilmirlər. Yəni, ərazisi bizim olduğu üçün, ermənilər də orada yaşadığına görə qəti mövqe sərgiləmirlər”.

Bənzər xəbərlər

Gündəm

0.026573896408081