4 aydır işçinin maaşını verməyən Akim Bədəlovun Avropada mülkələri üzə çıxdı
Bir neçə gün bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun işçilərinin maaşlarını vermədiyinə dair məlumat yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı ictimai fəal Bəxtiyar Hacıyev yayımlamışdı və bildirmişdi ki, agentliyin işçiləri 4 aydır əmək haqqlarını ala bilmirlər.
Hacıyev qeyd edirdi ki, Akim Bədəlovun 300-ə yaxın işçisi 4 aydır maaşlarını ala bilmir və bunun səbəbi də məlum deyil. “Hörmətli Akim Bədəlov müəllim, (Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri) 4 aydır 300-ə yaxın işçinizin maaşını niyə vermirsiniz?
Pandemiya vaxtı onların nə yeyib, nə içdiyi sizi heç maraqlandırmır, narahat etmir? Agentlik və tərkibindəki "Azalternativenerji" MMC-in 300ə yaxın işçisinin maaşını dövlət vermir, yoxsa siz? Prezident fərmanla 1 il 6 ay əvvəl ləğv etmişdi də, saxlaya bilmirsinizsə, prezident fərmanını da saymayaraq camaatı niyə işlədirsiniz?”
Qeyd edək ki, açıqlanan məsələyə Agentlik tərəfindən heç bir münasibət bildirilməyiblər. Yəni, 300 işçinin maaşlarının verilməməsi Akim Bədəlov tərəfindən “əhəmiyyətsiz” məsələ kimi qəbul edildiyindən, reaksiya verməyə lüzum görülməyib.
Bildirək ki, Akim Bədəlovun adı bu tip məsələlərə tez-tez qarışıb. Hələ bir neçə il əvvəl onun “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini” qanunsuz ələ keçirməsi məsələsi gündəmə gəlmişdi. Belə ki, mərhum dövlət katibi, Qarakənd səmasında ermənilər tərəfindən vurulan helikopterdə şəhid olan Tofiq İsmayılovun ailəsinə məxsus olan şirkətin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov tərəfindən mənimsənilməsi iddia edilirdi.
Mərhum Tofiq İsmayılovun qızı Səbinə İsimayılovanın açıqladığına görə, Akim Bədəlov balansında çoxlu sayda obyekt, torpaq sahəsi olan və mərhum dövlət katibi Tofiq İsmayılov tərəfindən yaradılan "Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini ləğv edilmiş MTN rəhbərliyinin köməkliyi ilə, saxta notarial sənədlərlə ələ keçirib. Vurğulanırdı ki, Tofiq İsmayılovun ailəsi dəfələrlə məhkəməyə müraciətlər etsə də, sonda Akim Bədəlov qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevin dəstəyi ilə problem "yoluna” qoya bilib.
Amma Akim Bədəlovun bir başqa işləri də ortaya çıxıb. Daha doğrusu, onun adı ölkədən külli miqdarda pul çıxarılmasında və xaricdə çoxsayda mülk almaqda hallanır. İiddialara görə, Agentliyin rəhbəri birinci devalyasiyadan sonra, həmin ilinin aprel ayında Bakı şəhərindəki topraq sahələrini, evlərini və obyektlərini sataraq ölkədən çıxardıb. Məlumatda deyilir ki, Agentlik sədrinin pullarını bacısı oğlanları, "Azalternativenerji” MMC-nin sədri Rizvan Vəliyev və Hava Limanı İdarəsinin sabiq rəisi polkovnik Pərviz Vəliyevlə birgə, Türkiyəyə və Avropa ölkələrinin birinə yerləşdiriblər. Belə ki, agentlik sədri bacısı oğlanları ilə birlikdə Türkiyədə turizm şirkəti yaratmaqla bərabər, həm də İstanbulda bir neçə ev, villa və dükanlar alıb.
Amma məlumatlar bununla yekunlaşmır. Belə ki, Bədəlovların ölkədən çıxartdığı vəsaitin böyük hissəsini Avropada İngiltərə və İsveçrə dövlətlərinə transfer etdikləri vurğulanır. Hazırda Londonda Akim Bədəlovun oğlu Aqşin Bədəlova məxsus dəbdəbəli bir malikanənin və iki şirkətinin olduğu deyilir. Həmin şirkətlər isə keçmiş MTN zabiti Hava Limani İdarəsinin rəisi Pərviz Vəliyevin və qardaşı Rizvan Vəliyevin pulları hesabına qurulub.
Həmin məlumatlarda daha sonra deyilir ki, ölkədə ikinci devalyasiyadan sonra da Akim Bədəlovun şansı gətirib. Belə ki, onun bacısı oğlu, MTN işinə görə vəzifəsindən qovulan Pərviz Vəliyev dayısının əli ilə özünə məxsus pullarını da ölkədən çıxarmağa müvəffəq olub. Bundan başqa Agentlik rəhbəri Bakını Nəsimi rayonundakı mağazalarını, həmçinin Yasamal rayon Badamdar qəsəbəsindəki villasını və digər obyektlərini də satışa çıxartdığı deyilir. Lakin əmlak qiymətlərinin kəskin ucuzlaşmasına görə agentlik sədri obyektlərini və evlərini ucuz satmaqdan vaz keçib.
İddialara görə, təkcə, ötən ilin aprelində Akim Bədəlov və bacısı usaqları ölkədən 60 milyon dollardan çox vəsait çıxardıblar. Amma pul çıxartma əməliyyatı bununla bitməyib. Belə ki, davamlı olaraq avqust ayına kimi dayı və bacıoğlanları bir neçə dəfə ölkədən vəsait çıxardıblar. Və həmin pulların nağd şəkildə ölkədən çıxarıldığı deyilir. Həmin məlumata görə, bu əməliyyatın həyata keçirilməsini isə Bədələovun bacısı oğlu, Hava Limanın İdarə rəisi Pərviz Vəliyev təşkil edib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayaraq, Akim Bədəlovun Avropaya böyük pullar yatırdığı, çoxlu sayda şirkətlər qurduğu barədə əlində sənədlərin olduğunu bildirmişdi.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
http://www.dia.az/8/257517-4-aydir-ishchinin-maashini-vermeyen-akim-bedelovun-avropada-mulkeleri-uze-chixdi.html