SƏRTLƏŞDİRİLMİŞ KARANTİN PARADOKSLARI – Virus daha sürətlə yayılır, ona qarşı mübarizə səngiyir...
Azərbaycanda elan olunmuş iki həftəlik sərtləşdirilmiş karantin rejimi gözlənilən effekti vermir. İyunun 20-dən etibarən koronavirusa yoluxanların sayı həndəsi silsilə üzrə artaraq 600 nəfərə çatıb. Ekspertlər yaxın günlərdə bu rəqəmin daha da böyüyərək 1000 nəfəri keçəcəyini proqnozlaşdırırlar.
Fəlakətin miqyasının sürətlə genişlənməsinə rəğmən, ölkədə pandemiya şəraiti hiss olunmayacaq qədər zəifləyib. İstər dövlət qurumlarının fəaliyyəti, istərsə də vətəndaşların virusdan qorunma tədbirləri situasiyaya adekvat deyil. Bu təhlükəli tendensiya Azərbaycanı çox ciddi itkilərə aparsa da, sanki cəmiyyət yaranmış fəlakətli vəziyyətin fərqində deyil. Hansı ki, nə dövlət qurumları, nə də insanlar fiziki və psixoloji baxımdan bu itkiləri qarşılamağa hazır deyil.
Nə baş verir? Əvvəlki sosial məsuliyyət, qorunma, profilaktik tədbirlər niyə azalıb? Bu suala cavab vermək üçün Operativ Qərargaha daxil olan qurumların son dövrlərdəki fəaliyyətinə və ölkədəki real mənzərəyə diqqət yetirməyə ehtiyac var.
Nazirlərsiz qərargah...
Pandemiya şəraitini idarə edən edən Operativ Qərargahın fəaliyyəti, verdiyi qərarlar sərt tənqid hədəfidir. Bu qınaqların əksəriyyəti haqlıdır və onları belə sıralamaq olar: Qərargaha daxil olan nazirliklərdən heç birinin rəhbəri əhalinin qarşısına çıxmır, alınan qərarları elan etmir, vətəndaşlarla birbaşa ünsiyyətdən çəkinirlər.
Bu qurumları mətbuat konfranslarında ən yaxşı halda mətbuat katibləri təmsil edir. Yaxın qonşu ölkələrin təcrübəsinə baxmaq kifayətdir ki, pandemiya ilə bağlı statistik məlumatları, qərarları, tövsiyələri bilavasitə nazirlər çatdırır.
Azərbaycanda isə məsələn, Daxili İşlər Nazirliyini ya ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ehsan Zahidov, ya da Baş Dövlət Yol Polisinin mətbuat katibi Kamran Əliyev təmsil edir. Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva da koronavirusla bağlı görəvləndirilib. Halbuki XİN-nin özünə aid suallarla onun mətbuat katibindən cavab almaq hər jurnalistə nəsib olmur...
Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov bu günə qədər yalnız bir dəfə əhaliyə müraciət edib, onu da canlı yayımda etməyə ehtiyac görməyib. Mətbaut konfranslarının əsas məsuliyyəti Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova və TƏBİB sədri Ramin Bayramlıya həvalə olunub.
TƏBİB rəhbəri Ramin Bayramlı ictimaiyyət üçün yeni simadır. Amma pandemiyanın əsas yükünü çəkən bu qurumun fəaliyyətində ortaya çıxan ciddi nöqsanlar onun çıxışlarına, müraciətlərinə ictimai etimadı kifayət qədər aşağı salır. Bugünlərdə ona məxsus klinikanın kifayət qədər baha qiymətə koronavirus testləri aparması barədə mediada yayılan və təkzib olunmayan məlumatlar isə R.Bayramlının personasını uyğunsuz hala gətirdi.
Səhiyyə naziri Oqtay Şirəliyev isə pandemiya şəraitində nazir kimi fəaliyyəti ilə yox, karantin qaydalarına "ən yaxşı əməl edən" vətəndaş kimi "şöhrət tapıb". Son 3 ayda nazir cəmi bir dəfə ictimaiyyət arasında görünüb, o, ümumiyyətlə özünü və təmsil etdiyi qurumu pandemiyaya qarşı mübarizədən kənarda saxlayıb. Yaxud da saxlanılıb. Bu fakt cəmiyyətdə kəskin qınaq obyektinə çevrilsə də, hökumət üçün o qədər də əhəmiyyət daşımır.
Pul olmasa, karantin də olmayacaq...
Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin rəhbərliyi də pandemiyaya qarşı mübarizədən danışmır, Operativ Qərargahın tədbirlərində iştirak etmirlər. Belə mənzərə yaranır, sanki pandemiyanın miqyası genişləndikcə hökumət qurumlarının fəaliyyəti kiçilir, azalır və əhəmiyyətini itirir.
Ölkə əhalisi iyun və iyul aylarını karantin şəraitndə keçirəcək. Bu müddətdə sahibkarlıq, biznes, qeyri-dövlət sektorunda çalışan yüz minlərlə işçi üçün gəlir mənbələrinin qapalı qalması deməkdir. Sərtləşdirilmiş karantin rejimi elan olan paytaxtda, iri şəhərlərdə və rayonlarda təxminən 300 min adam üçün bir aylıq 190 manat ödəniş veriləcək.
Bu, aprel -may aylarında dövlətdən dəstək alan insanların yarısı deməkdir. Əlavə olaraq növbəti iki ayda sahibkarlar, biznes qurumları və xidmət sektorunda çalışan işsiz vətəndaşların dəstəklənməsi üçün heç bir paket nəzərdə tutulmayıb. Bu, əhalinin karantin şərtlərinə əməl edib-etməməsinə təsir edən olduqca mühüm faktordur. İnsanları sosial qayğılarının bir qismini təmin etmədən qapalı rejimdə saxlamaq çətindir. Maddi dəstək bu məsələdə həlledici amildir.
Dezinfeksiyadan yoruldular?
Yoluxanların sayı kəskin artsa da, məsələn, şəhər və rayonlarda dezinfeksiya tədbirləri də azalıb. Aprel ayında küçələrdə, inzibati binalarda, əhalinin müntəzəm baş çəkdiyi obyektlərdə həyata keçirilən dezinfeksiya işlərinə indi tək-tük hallarda rast gəlinir.
Maraqlıdır, apreldən iyuna qədər ölkədə yoluxmanın, insan itkilərinin sayı azı 20 dəfə artıb, amma profilaktik tədbirlərin həcmi də elə bir o qədər azalıb. Bu məsuliyyətsizlik nə ilə bağlıdır, vəsait çatmır, aidiyyatı dövlət qurumları üzərlərinə düşən işi icra etmirlər, yoxsa dezinfeksiya işlərinin əhəmiyyətsiz olduğuna özlərini inandırıblar? Bu paradoksa mütləq aydınlıq gətirilməlidir.
Marketlər, mağazalar, ictimai nəqliyyat virus mənbəyidir
Müştərilər sosial məsafəni gözləmir, günün müəyyən saatlarında marketlərdə basırıq yaranır. Əminliklə yazmaq olar ki, şəbəkələşmiş iri ticarət mərkəzləri virusun ən çox yayıldığı yerlərdən bidirdir. Banklarda da vəziyyət dözülməz həddədir. Məlumdur ki, 4 bankın bağlanmasına görə onların müştəriləri üzrə bütün əməliyyatlar 3-4 banka yönəldilib. Üstəlik, həmin kommersiya qurumlarının cari iş qrafiki də həddindən artıq sıxdır. Hər gün bank filiallarının qarşısında maskasız, sosial məsafə gözləmədən irəli keçməyə can atan yüzlərlə vətəndaşın yaratdığı mənzərə "ölkədə koronavirus niyə sürətlə yayılır" sualının əsas cavabıdır. Bu mühitdə bir virus daşıyıcısının onlarla insanı yoluxdurması, onların da öz növbəsində ətraflarında onu yayması tamamilə təbidir.
Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobuslarında, metro nəqliyyatında da eyni mənzərə hakimdir. Maskasız insanlarla ağzına qədər dolu avtobuslar şəhər küçələrində şütüyür, səhər tezdən və iş saatı bitdikdən sonra bu avtobuslara, metro vaqonlarına ilk cəhdə minmək hünər sayılır. Onların gündəlik istifadəçiləri artıq çoxdan "pandemiya", "koronavirus infeksiyası" kimi qorxulu ifadələri unutmuş kimi görünürlər.
Karantin postları formal hala gəlib
İyunun 21-dən etibarən şəhər küçələrində qurulan karantin postlarında isə bu dəfə tam fərqli mənzərə hakimdir. "icazə.gov.az"-dan icazəli, 8103 nömrəsindən SMS-li insanlarla dolu avtomobil karvanlarının qarşısında DYP, Çevik Polis Alayı əməkdaşları və Daxili Qoşunların iri cüssəsli əsgərləri köməksiz görsənirlər. Günün əksər saatlarında dayanmadan icazələri yoxlamaq, sürücülərlə sorğu-sual aparmaq fiziki cəhətdən insanı əldən salır və bu da görülən işin keyfiyyətinə mənfi təsir göstərir.
Nəticədə, uzun tıxaclar yaranır, yoxlama formal hala gəlir, karantin postları pandemiyaya qarşı mübarizədə əhəmiyyətini itirir. Operativ Qərargah bu işə əncam çəkmək üçün karantin qaydalarının sərtləşdiriləcəyini elan edib. Bildirilib ki, dövlət və özəl sektorda icazələrin alınması məsələsinə, habelə SMS-lərin dərhal cavablandırılmasına yenidən baxılır. Bu yeniliyin paraktik əhəmiyyətinin nədən ibarət olacağını zaman göstərəcək...
Polis naryadları ilə vətəndaşlar arasında "anlaşma"
Yaşayış massivlərində, küçələrdə, məhəllələrdə aparılan nəzarət tədbirlərindən də danışmağa dəyməz. İnsanların sərbəst hərəkətinə hər hansı mane yoxdur, əvvəlki qaydada toplaşır, gəzir, dağılışırlar. Ara-sıra polis naryadları gözə dəysə də, onlar vətəndaşları narahat etmək istəmirlər. Əvvəlki nəzarət, intizam tədbirlərini "qarşılıqlı anlaşma" əvəzləyib.
Operativ Qərargahın, habelə dövlət qurumlarının pandemiya şəraitinə çox da adekvat olmayan fəaliyyəti barədə daha ətraflı yazmaq mümkündür. Amma bu o demək deyil ki, vətəndaşların məsuliyyəti yoxdur, yaranmış fəlakətli durumun günahkarı yalnız dövlət təşkilatlarıdır.
İlk növbədə koronavirusun varlığına inanmamaq, xaricdə və ölkədəki blogerlərin həqiqətlə heç bir əlaqəsi olmayan konspiroloji məlumatlarını tirajlamaq ciddi səhvdir. Təəssüf ki, bu saxta materiallara inanan, onu sosial şəbəkələrdə təbliğ edəb böyük kütlə var. Qloballaşan dünyada informasiya hər kəs üçün əlçatandır, istənilən informasiyanı araşdırmaq, məlumat əldə etmək çox asandır. İnternetdə koronavirus haqqında elmi əsaslara malik olan kifayət qədər məlumatlar var. Habelə dünyanın inkişaf etmiş ölkələrində virusa qarşı genişmiqyaslı mübarizə aparılır, bütün rəqəmlər açıq mənbələrdən cəmiyyətə ötürülür.
Onları oxuyub bilgilənmək, qorunmaq, insanları maarifləndirmək çətin iş deyil. Təəssüf ki, bu missiyanı yerinə yetirmək istəyən insanlar olduqca azdır. Bugünlərdə sosial şəbəkədə məşhur bloqçulardan birinin izləyiciləri arasında keçirdiyi sorğu cəmiyyətdəki inamsızlığın səviyyəsini ortaya çıxarmışdı. Sorğuda işitrak edən 700-ə yaxın izləyicinin təxminən yarısı koronavirusa inanmadığını yazmışdı... Əlbəttə, bu insanlar nə maska taxır, nə də sosial məsafə gözləyir və beləliklə ölkədə pandemiyanın miqyasının genişlənməsinə "töhfələrini" verməkdə davam edirlər. Bu tendensiyanı durdurmaq isə təəssüf ki, hələ mümkün görünmür.
Ölkədə epidemioloji vəziyyət o qədər təhlükəli həddə yaxınlaşıb ki, artıq hər kəs yaxın çevrəsində baş verən yoluxmalardan, ölümlərdən bəhs etməyə başlayıb. Dövlət rəsmiləri də elan edirlər ki, xəstəxanalar dolub, təcili yardım xidmətinin fəaliyyəti iflic olub, yoluxan insanların bir çoxuna tibbi yardım etmək imkansız hala gəlib. Həkim personalı, səhiyyə sisteminin imkanları ölkədəki xəstə sayını qarşılamaq iqtidarında deyil.
Proqnozlara görə xəstə sayının indiki templə artması Azərbaycanda yaxın keçmişdə İtaliyada, İspaniyada yaranmış epidemioloji fəlakətin təkrarlanmasına gətirib çıxara bilər. Bu, tamamilə realdır və onu önləmək üçün nə vətəndaş məsuliyyəti, nə də dövlət qurumlarının adekvat fəaliyyəti var. Vətəndaşlar, nəhayət, bu reallığı dərk edib özlərini və ailələrini qorumaq üçün fövqəlada şəraitdə hərəkətə keçməlidirlər. İnsanlardan çətin heç nə tələb olunmur: maska taxmaq, sosial məsafə gözləmək, basırıq yaratmamaq, qoruyucu məhlullardan istifadə etməklə gigiyena qaydalarına riayət etmək...
Unutmamaq lazımdır ki, virusa qalib gələn ölkələrin təcrübəsində nailiyyətlər dövlət qurumlarının fəaliyyətindən daha çox vətəndaş məsuliyyəti sayəsində əldə olunub.
Vəziyyəti necə dəyişmək olar?
Təsvir olunan mənzərini dəyişmək üçün dövlətin əlində hələ də müəyyən imkanlar var. İlk növbədə Operativ Qərargahın üzvlərini dəyişmək, nazirləri prosesə qoşmaq, qəbul olunmuş qərarların icrasına ciddi nəzarəti təmin etməyə ehtiyac var.
Hökumət elə bir metodlar seçməlidir ki, virusun yayılmasına qarşı cəmiyyətin əhəmiyyətli bir hissəsini inandırmaqla onu öz müttəfiqinə çevirsin. Bu, çox önəmli faktordur, təkcə inzibati metodlar işə yaramayacaq.
Sadalanan tədbirlərlə yanaşı aztəminatlı əhalini, pandemiyaya görə işini itirənləri maddi cəhətdən dəstəkləmək, kommunal xidmətlərdə güzəştlər tətbiq etmək, maskaların, tibbi ləvazimatların, qoruyucu məhlulların qiymətini azaltmaq və ya onları pulsuz paylamaq, testləri simvolik qiymətə aparmaq çox vacibdir. Xüsusən, virusun geniş yayıldığı iri şəhərlərdən koronavirus testi neqativ çıxmış insanların bölgələrə getməsinə şərait yaratmaq təsirli vasitlərdən biri ola bilər.
Elçin
AzPolitika.info