Mehman Şükürov məsuliyyətdən yayına bilməyəcək-FOTOFAKT
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib.
Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.
Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb. Qurum ötən həftə Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi.
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir.
Şənbə günü prezident İlham Əliyev Rafiq Bayramovun və Zakir Sultanovun vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Bu sərəncam Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində "əməliyyat-istintaq tədbirləri"ndən bir gün sonra elan olunub.
DTX bildirir ki, Rafiq Bayramovun və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara baxış keçirilib və bu zaman Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilib.
DTX iddia edir ki, tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə şübhə var.
Qurum bildirir ki, Zakir Sultanov vəzifə səlahiyyətlərindən istifadə edərək "mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində razılıq verib".
Rafiq Bayramov isə nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir.
Məlumata görə, nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib.
DTX-nın yaydığı video görüntülərdə Rafiq Bayramov "cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini" deyir. Onun sözlərinə görə, rayonlarda müəyyən cari təmir işləri üçün 1 milyon 500 min pul ayrılır və il ərzində 40-45 müəssisə təmir olunurdu. "Bu məbləğin 10 faizini idarə rəisləri nazirliyə dəstək kimi verirdilər. Məbləğ təxminən 150 min edir,"- Rafiq Bayramov DTX-nın əməliyyat işçilərinə deyib.
Azerinfo.tv bildirir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsində ciddi yeyinti faktları var.Buranın rəhbərliyi də cinayətkar çete ilə əlaqədə olub.
Məlumata görə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bir çox maxinasiyaları əsasən idarənin tabeliyində olan köçkün rayonların mədəniyyət müəssisələrində həyata keçirir. İdarənin tabeliyində olan Qubadlı, Zəngilan və Şuşa rayonlarının mədəniyyət müəssisələrində xeyli sayda “ölü can”ların olduğu da məlumatlar arasında yer alır.
Qeyd edilir ki, klubların, mədəniyyət evlərinin, kitabxana binalarının, rəsm qalareyalarının cari təmiri üçün dövlət tərəfindən ayrılan vəsaitlər də idarə rəhbərliyi tərəfindən mənimsənilir. Görüləcək işlər isə sadəcə olaraq kosmetik formada həyata keçirilir. Məlumatda iddia olunur ki, Mehman Şükürovun mühasibi ilə hər ay İdarənin tabeliyində olan müəssisələrdə işləyən işçilərin əmək haqqından 4-10 manat kəsməklə ayda 6 min manata yaxın qazanc əldə edir. Bundan başqa musiqi məktəblərdə işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının pulu da məhz İdarə rəhbərliyinə çatır.
Bununla yanaşı, tender məsələlərində də Mehman Şükürovun maxinasiyalara yol verdiyi söylənilir. Məsələn, iddiaya görə ötən il İdarəyə komputer və digər texniki avadanlıqların alınması zamanı keçirilən 27900 manatlıq tenderdə 10000 (on min) manatdan çox vəsait mənimsənilib.
Xəbərdə vurğulanır ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisinin bu cür qanunsuzluqlara yol verməsinə rəğmən heç kimdən çəkinməməsinə səbəb isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yaxın dost olmasıdır. Zakir Fərəcovla olan dostluğuna görədir ki, Mehman Şükürovun rəis olduğu Sumqayıt Regional İdarəsində heç bir yoxlama aparılmır, nazirlik tərəfindən gələn audit isə necə lazımdı elə də “yola salınır”.
Saytımızın əldə etdiyi maraqlı məqam isə Mehman Şükürovun “ölü can”lara olan “vurğunluğudur”. Belə ki, hələ illər öncə Mehman Şükürovun Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olduğu zaman teatrda 100-dən artıq “ölü can”lar olub. O zaman bu barədə hüquq mühafizə orqanlarının teatrda apardığı araşdırma zamanı da bu fakt öz təsdiqini tapıbmış.
Xatırladaq ki, 2014-cü ildə qalmaqallı formada işdən çıxan Mehman Şükürov istefasının səbəbini səhhətində olan problemlərlə əlaqələndirmişdi. M.Şükürovun mədəniyyət tariximizdə analoqu olmayan bıabırçılıqdan sonra yenidən Sumqayıt Regional Mədəniyyət İdarəsi kimi böyük və məsuliyyətli təşkilata rəhbərlik etməsi görünür, Mədəniyyət naziri Əbülfəs Qarayevin ona olan “xüsusi diqqət”idir.
Mehman Şükürovun da həbsi qaçılmazdır.