Həkim karantin dövründə maaşının kəsildiyini deyir: 5280 manat yerinə 842 manat?
Həkim koronavirusa görə maaşının düz hesablanmadığını iddia edir
Nazirlər Kabineti martın 25-də "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Qərara əsasən tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə aylıq maaşının üç misli, təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, laboratoriya, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə aylıq maaşının dörd misli, pasientlərə stasionar tibbi xidmət göstərən işçilərə isə aylıq maaşının beş misli məbləğində əmək haqqı ödənilməlidir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkimi Şaiq Məmmədov Toplum TV-yə deyir ki, onun maaşı almalı olduğu məbləğdən azdır:
"Mənim aylıq vəzifə maaşım 750 manatdır, eləcə də gecə növbəsi üçün əlavə 130 manat olmaqla, cəmi 880 manatdır. Stansiyada həkim çatışmazlığı olduğu üçün əlavə iş yüküm var. Bu isə o deməkdir ki, mənim aylıq vəzifə maaşım 1320 manatdır. Müvafiq sərəncama əsasən mənim maaşıma 5280 manat əlavə olunmalıydı. Ancaq TƏBİB tərəfindən mart ayı üçün mənim maaşıma 842 manat əlavə olunub”.
"Heç olmasa bunu demə, biz xəyal qurmayaq”
Həkim üzünü rəsmi qurumlara tutaraq deyir: "Heç olmasa bunu demə, biz xəyal qurmayaq. Deyək, bu bizim işimizdir, deyək ölkə adına nəsə etdik. Sözdə "həkimlərin yanındayıq” deyirlər, sözü təsdiq edən də əməldir. Sən də əməldə bunu göstərmirsən. Bu, sadəcə bizimlə məzələnməkdir”.
Şaiq Məmmədov fevralda məzuniyyət üçün müraciət etdiyini, amma Səhiyyə Nazirliyinin əmrinə əsasən bütün həkimlərin məzuniyyətinin ləğv olunduğunu, özünün də 15 aydır fasiləsiz işlədiyini bildirir.
Şaiq Məmmədov
Həkim koronavirusa yoluxmuş xəstələrlə işləməyin təhlükəliliyindən və əmək haqqının ona uyğun olmadığından şikayətlənir: "Koronaviruslu bir xəstə ilə 20 santimetr məsafədən təmasda olmaq çox risklidir. Digər xarici ölkələrdə, məsələn, Amerikada vətəndaşlıq verirlər, yüksək əmək haqqı verirlər, ev, maşın. Verdiyiniz maaş göz qabağındadır. Siz oturmusuz orda, amma biz hər an ölümlə üz-üzəyik. Nə qədər risk, nə qədər stress, durmadan çalışmaq... İlk vaxtlar lap ağır oldu, sonradan nisbətən azaldı. Sizin etdiyiniz dilənçi kimi bizimlə alay etməkdir. "Azərbaycan həkimi igiddir, qəhrəmandır, beləyik, yanındayıq”, bəs nə oldu?”
"President.az-a yazacağam”
Həkim Ş. Məmmədovun iddiasına görə, digər xəstəxana və poliklinikalarda da işçilərin maaşı az verilir.
"Poliklinakadakı həkimlər ümumiyyətlə 70 manat aldıqlarını deyirlər. Çox gülünc vəziyyətdir. Hər ay üçün sadəcə 12 milyon manat lazımdır. 2,5 milyard ayrımısan, on iki milyona gücün çatmır?”
Şaiq Məmmədov əmək haqqının az verilməsi ilə bağlı prezidentə müraciət edəcəyini deyir: "Prezident.az saytına yazacam, birbaşa prezidentin özünə müraciət edəcəm. Yazacam ki, sizin sərəncamınız yerinə yetirilmir. Həmçinin istəyirəm media vasitəsilə ictiamiyyətə də çatdırım”.
Şikayətçi bu məsələnin məhkəmə vasitəsi ilə həll olunacağına isə inanmır: "Əslində normal sivil toplumda TƏBİB-i verirsən məhkəməyə, deyirsən ki, mən xəyal qurmuşdum sən buna zərbə vurdun, sən həm mənim pulumu, həm də təzminat ödəyirsən. Amma bizdə bu mümkün deyil və məhkəmədə uduzacaqsan. Avropa Məhkəməsinə (Avropa İnsan Hüquqları Məhkəməsi –red.) versən, bu üç il, beş il uzanacaq”.
Cavabdeh kimdir?
Toplum TV həkimin dedikləri ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib. Qurumun mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, buna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavabdehdir.
Dövlət Agentliyinə iki gün ard-arda zəng vursaq da, sualımıza cavab almaq mümkün olmayıb.
Arzu Çinarlı