Xırdalan sakini: İcra nümayəndəsi işçiləriylə birləşib məni döydü
“Getdim Xırdalan şəhər icra nümayəndəsinin otağına, dedi, nə var, niyə ora-bura şikayət yazırsan? Dedim, qəbiristanlıqda rus qəbirlərini dağıdırsız, köhnə qəbirlərin yerlərini də kənardan gələnlərə 300-500 manata satırsız. Dedi: “Əcəb edirik, sənə nə? Sən kimsən ki, başından böyük işlərlə qarışırsan?” Əvvəl küçə söyüşləri ilə təhqir etdi, mərhum atamın ünvanına kəskin söyüşlər söydü, sonra da müavinlərini, başqa işçilərini çağırdı. Boğazımdan yapışdı, dedi, səni burda boğaram, evinə ölün gedib çıxar, boğazımı sıxdıqca sıxdı, işçiləri də üstümə tökülüşüb məni döydü. Sonra da dedi: “İndi polisi çağırın, deyin, vətəndaş iş otağımda mənə hücum edib”“.
Xırdalan sakini Qorxmaz Əliyev Meydan TV-yə danışır ki, iyulun 25-də Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhəri üzrə icra nümayəndəliyinə gedib. İcra nümayəndəsi Rafiq Yusubovun iş otağında olarkən icra nümayəndəsi və işçiləri birləşərək onu döyüblər.
Bundan əvvəl polisə müraciət edib
Bir müddət əvvəl Qorxmaz Əliyev və bir qrup Xırdalan sakini Xırdalandakı qəbiristanlıqda baş verənlərlə bağlı Abşeron Rayon Polis Şöbəsinə ərizəylə müraciət edib. Ərizənin aqibətini öyrənmək üçün polis idarəsinə gedəndə Qorxmaz Əliyevə bildirilib ki, sənəd araşdırılması üçün Abşeron Rayon İcra Hakimiyyətinə göndərilib. O da nəticəsini öyrənmək üçün həmin quruma gedib.
“Dedi, qırtlağını yerindən çıxardaram”
“İcra hakimiyyətinin dəftərxanasından bildirdilər ki, ərizə Xırdalan şəhər icra nümayəndəsinə göndərilib. Ordan üz tutdum Xırdalanın icra nümayəndəliyinə. İcra nümayəndəsi nəyə görə gəldiyimi biləndə məni iş otağında qəbul elədi, ancaq danışmağa imkan vermədi. Dedi, lotu çıxmısan, ora-bura şikayət yazırsan? Sən kimsən ki, başından böyük işlərə qarışırsan? Mən ona bildirdim ki, bələdiyyə ilə əlbir olub qəbirsanlıqda yer qoymamısız. Rus qəbirlərini dağıdıb, yerini kənardan gələn mərhumların ailəsinə aşağısı 300-500 manata satırsız. O da mənim ailəmin, mərhum atamın ünvanına kəskin söyüşlər yağdırdı. Dedim, haradək lazımdır gedəcəm, sizin bu cinayət əməlləriniz haqqında daxili işlər nazirinə, Baş prokurora, Prezidentə yazacam. O da yapışdı boğazımdan, sıxdı, dedi, bilmirsən kimə rast gəlmisən, qırtlağını çıxardaram, sonra da işçilərini otağa çağırıb məni döydürdü, göstəriş verdi ki, polisə zəng vurun. Bir müavini məni dartıb çölə çıxartdı, dedi, sənə artıq başağrısı lazımdı? Niyə şərəfsizlik edib ora-bura yazırsan? Məndə Abşeron polisinin sakinlərin şikayətinə görə olan rəsmi cavab məktubu vardı, dedi, ver, baxım, tutdu, onu da əlimdən aldı, dedi, yeri get, ayıbdır sənə, kişi şikayət eləməz,” – Qorxmaz Əliyev danışır.
“Özü səs-küy salıb, xəbərdarlıq olunub”
Qorxmaz Əliyev başına gələnlərlə bağlı DİN 102 xidmətinə də məlumat verdiyini deyir.
Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər icra nümayəndəliyindən baş verənləri təkzib ediblər. Bildiriblər ki, Qorxmaz Əliyev özü günorta saatlarında icra nümayəndəliyinin binasına gələrək səs-küy salıb. Ona xəbərdarlıq olunandan sonra icra nümayəndəliyinin binasını təkr edib. Qorxmaz Əliyevin yerli qəbiristanlıqda məzarların dağıdılması və məzar yerlərinin satılması ilə bağlı dedikləri də təkzib olunub. Bildirilib ki, həmin əraziyə Xırdalan bələdiyyəsi baxır.
Abşeron Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, bir neçə sakinlərin ərizəsi Abşeron Rayon İcra Hakimiyyətinə göndərilib. Xırdalan icra nümayəndəliyində kiminsə döyülməsiylə bağlı isə hər hansı vətəndaşın şikayəti daxil olmayıb.