Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
Elsevər Məmmədov 20 ildir yataqxanada vəziyyətdə yaşayır. Sumqayıtda yerləşən yataqxana qəzalı və yararsız durumda olduğundan məcburi köçkünlər elə bu il buradan köçürülüb. Geriyə yerli sakinlər qalıb - uşaqlı, böyüklü 10 ailə...
"Qaçqınlara dövlətimiz 70-80 minlik yeni evlər verib. Bizi də yerli icra hakimiyyətinə tapşırıblar. İcra Hakimiyyəti də deyir ki, bizim sizə veriləsi heç nəyimiz yoxdur. Bir dənə qotur, dağılmış-uçulmuş yataqxana göstərir bizə. İt deyilik axı biz, Azərbaycanın vətəndaşlarıyıq. Hamımız İlham Əliyevə səs vermişik”, - Elsevər Məmmədov etiraz edir.
Sakinlər deyir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri onlara buradan başqa bir şəraitsiz yataqxanaya köçürüb, 6 ay sonra kompensasiya ödəyəcəklərini deyib. Ancaq onlar yağışdan çıxıb, yağmura düşəcəklərindən qorxurlar.
Yataqxananı tərk etmədiklərindən burada yaşayan 10 ailənin su, işıq, qazları qurumun tapşırığı ilə kəsilib. Hədə tək bununla bitmir.
"Təhqir edirlər ki, onlara müqavimət göstərək, bizi dubinka ilə vurub polisə aparsınlar. Onların fikri budur. Kim işləyirsə, iş yerinə zəng edirlər ki, sizi işdən çıxaracağıq. Öyrənir ki, işləyirsən? Bax, Teymur müəllim özü zəng edir ki, səni işdən çıxaracam, niyə?”, - yataqxana sakinləri deyir.
Adı çəkilən Teymur Səmədov Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavinidir. İşdən çıxarma iddiası ilə bağlı xidməti otağına zəng vursaq da, dəstəyi qaldıran olmadı. Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözcüsü Eyvaz Qocayevsə bunların fərziyyə olduğunu dedi. O, həmçinin yataqxananın təmir olunub Sumqayıt Dövlət Universitetinin tələbələrinin istifadəsinə veriləcəyini bildirib.
“Yataqxana bildiyiniz kimi qəzalı vəziyyətdədir. Ora təmir olunduqdan sonra tələbələrin ixtiyarına veriləcək. Oradakı məcburi köçkün olmayan şəxslər də, müvafiq yerlə - yəni yataqxana ilə təmin olunacaq”, - Eyvaz Qocayev deyir.
İllər öncə evsizlikdən məcburi köçkünlərin məskunlaşdığı yataqxanaya pənah gətirən sakinlər şəraitsizliklə çoxdan tanışdılar. Ancaq məcburi köçkünlər yeni evlərinə qovuşan zaman onların problemləri birə beş artdı. Tərk olunmuş xarabalığı xatırladan bu otaqlar və susuz, işıqsız həyət.
Sakinlərin məlumatına görə, çəkilişdən sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və mülki şəxslər yataqxanaya gəlib, buradan çıxmalarını tələb edib. Burada yaşayanlarsa kompensasiya istəyirlər.
Mənbə:Dia.az