Jun 02

Həmkarlarına qənim kəsilən Həmkarlar Komitəsinin sədri... - Pedaqoji Universitetdə NƏ BAŞ VERİR?

Artıq neçənci dəfədir Azərbaycan Dövlət Pedoqoji Universitetin Həmkarlar Komitəsinin sədri Vaqif Əliyevin barəsində “Təzadlar”a şikayətlər daxil olur.

Həmin şikayətlərin məzmunu ilə ilə tanışlıqdan sonra isə neçə dəfədir barəsində ittihamlar irəli sürülən V.Əliyevlə əlaqə saxlamağa çalışmışıq. Lakin telefon zəngimizə cavab verən şəxs pandemiyanı bəhanə edərək Vaqif Əliyevin fiziki görüşlərdən və təmaslardan kənar oluduğunu bildirib.
Amma həmin şikayəti ADPU-nun elektron poçtuna göndərmişik. Cavab gəlmədiyindən həmin şikayəti təqdim etməyə məcbur olduq.
***
Beləliklə, bu dəfə şikayətçilər Baş Prokuror Kamran Əliyevə, təhsil naziri Emin Əmirullayevə və AHİK-nin sədri Səttar Mehbalıyevə ünvanlı müraciətinin surətini və şikayət məktubunu, əlavə olunmuş KİV yazılarını redaksiyamıza göndəriblər. Bəlli olur ki, Vaqif Əliyev özünü AHİK-nin sədri, millət vəkili Səttar Mehbalyıyevin “sağ əli” və həmyerlisi kimi təqdim edərək arzuolunmaz hərəkətlərə yol verməkdədir. Elə şikayət məktubunda da bildirilir ki, o, universitetin “Şöhrət” ordenli, Əməkdar elm xadimi, uzun illər Respublika Təhsil Şurasının sədr müavini olmuş Mirzəli Murquzovu və onun həyat yoldaşı, dosent Rəna Məmmədovanı, elmlər doktoru Ramin Əliyevi, elmlər namizədi Nərminə Əliyevanı, dosentlər- Olqa Velimedova, Əliqulu Quliyev, baş müəllim Akif Quliyev, baş laborantlar Arzu Əliyeva, Fəridə Hacıyeva, laboratoriya müdirləri Vahid Osmanov, Südabə Hüseynova, Elmira Şəfiyeva, laborantlar Qəmər Əliyeva, Nurlana Rəhimova, böyük dispetçer Vidadi Hüseynov, mətbəə işçisi Şükufə Əliyeva, nəzarətçi xanım Mehdiyeva və başqalarını qərəzli münasibəti ilə bezdirmişdir. “Bildiririk ki, Vaqif Əliyevin
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri kimi həmin vəzifədə əvəzolunmaz kadr olsa da, müdafiə edilməsi hamıya qaranlıq qalır. Vaqif Əliyev nəyin bahasına olursa-olsun, daha iki il postu təhvil verməməyi qarşısına məqsəd kimi qoyub.
Çünki 2023-cü ildə ADPU-da həmkarlar təşkilatının yaradılmasının 100 illiyi qeyd olunacaq və Vaqif Əliyev də təmtəraqlı yola salınmaq üçün bu əlamətdar hadisənin məhz öz hazırki yüksək mövqeyində şahidi olmaq, yubileylə əlaqədar mükafat bölgüsündən yararlanmaq arzusundadır.
ADPU Həmkarlar İttifaqı Komitəsinin (HİK) “çoxşaxəli və rəngarəng” iş fəaliyyətinə əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onlar üçün ictimai iaşənin keyfiyyətli və ucuz təminatı, ehtiyacı olan insanlara diqqət və qayğı göstərilməsi, onların sağlamlığının qorunması, müxtəlif kompensasiyaların ödənilməsi, iş və istirahət günlərinin tənzimlənməsi və təşkil edilməsi kimi vəzifələr daxil olsa da, Vaqif Əliyevin özbaşınalığı səbəbindən komitə onları layiqincə yerinə yetirə bilmir. Pandemiya və Vətən müharibəsi dövründə öz əməllərindən əl götürməmiş, əksinə, bu gərgin dönəmlərdən də öz nəfinə manipulyasiyalar etmiş Vaqif Əliyev son illərdə öz həmkarlarından pul qopartmaq üçün ən müxtəlif yollara əl atmışdır. Məsələn, imtahan sessiayalarının nəticələri əsasında araşdırmalar aparılarkən xüsusi zəif nəticələrə və digər pozuntulara yol vermiş müəllimlər haqqında Elmi Şuranın qəbul etdiyi sərt qərarlar - həmin adamların tutduğu vəzifədən biryolluq kənarlaşdırılması məsələsi ADPU HİK-in iclaslarında “müzakirə” edilmiş, həmin müəllimlərdən bir çoxunun digər aşağı vəzifəyə keçirilməsi ilə cəza tədbirləri “yüngülləşdirilmişdir”. Analoji proses əməkdaşların attestasiyası keçirilərkən də baş vermiş, HİK-in “qayğısı” ilə onlarla əməkdaşın iş yerini itirməsinin guya qarşısı alınmışdır. Bəs niyə rektor Cəfər Cəfərov bunlara göz yumur???
Əlbəttə ki, bu “qayğılı” münasibət müəllimlərə ucuz başa gəlməmişdir. Lakin Vaqif Əliyev əslində işdən qovulmağı haqq etmiş belə müəllimlərdən fərqli olaraq, həqiqətpərəst, ədalətsizliyə etiraz edən təhsil işçilərinin hüquqlarını müdafiə etmir, əksinə, onların zəif oxuyan tələbələr vasitəsilə şantajını təşkil edir. Onların vəzifələrindən uzaqlaşdırılmasının vacibliyi barədə rəhbərlik qarşısında məsələ qaldırır və bu istəyinə nail olur da. Bu barədə kütləvi informasiya vasitələrində indiyədək xeyli sayda tənqidi yazılar getmişdir. Məsələn, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, uzun illər Respublika Təhsil Şurasının sədr müavini olmuş professor Mirzəli Murquzovu və onun həyat yoldaşı dosent Rəna Məmmədovanı bu yolla şantaj edərək rəhbərliyin gözündən salmış və Universitetdən qovdurmuşdur. Məhşur idman ustası Gülbaba müəllimin də eyni qayda ilə müəssisədən kənarlaşdırılmasına nail olunmuşdur. Universitetdə ixtisara düşdüyü xəbərini eşidən dörd nəfər əməkdaş infarktdan dünyasını dəyişəndə də Vaqif Əliyevin vicdanı susmuşdur.
Ayrı-ayrı vaxtlarda universitetdə haqsızlıqlarla üzləşmiş elmlər doktoru Ramin Əliyev, elmlər namizədi Nərminə Əliyeva, dosentlər Olqa Velimedova, Əliqulu Quliyev, baş müəllim Akif Quliyev, baş laborantlar Arzu Əliyeva, Fəridə Hacıyeva, laboratoriya müdirləri Vahid Osmanov, Südabə Hüseynova, Elmira Şəfiyeva, laborantlar Qəmər Əliyeva, Nurlana Rəhimova, böyük dispetçer Vidadi Hüseynov, mətbəə işçisi Şükufə Əliyeva, nəzarətçi xanım Mehdiyeva və başqaları HİK sədrinin köməyindən faydalana bilməyiblər, əksinə, ondan badalaq görmüşlər.
Hörmətli Kamran müəllim!
Hörmətli cənab nazir!
Hörmətli Səttar müəllim!
Vaqif Əliyevin qol qoyduğu ən ciddi qanunsuzluqlardan biri onun 2008-ci ildən sonra əməkdaşlardan xəbərsiz Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqəyə girərək, onların adına hektarlarla bağ sahəsi alması və həmin bağ sahələrini öz qohumlarının və Universitetdə işləməyən şəxslərin adına sənədləşdirməsidir. Bu məsələ ilə bağlı bildiririk ki,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin qohumu olduğunu və bu səbəbdən ona heç kəs “bata bilməyəcəyini”, “pulumu verib torpaq almışam, istədiyimi edə bilərəm” deyən Vaqif Əliyev həmin torpaqları hasara almış, üstündə villalar (məsələn, Pirşağıda dəyəri 1 milyonluq malikanə) və obyektlər tikdirərək satışa qoymuş və satmışdır.
Xatırladırıq ki, Vaqif Əliyevin bu siyasətinə qarşı çıxanlar da olub. Məsələn, “91-lər”dən olan Heydər Hüseynova məxsus torpaq sahəsini satışa qoyandan sonra bundan xəbər tutan H.Hüseynov onu məhkəməyə verib, istəyini gerçəkləşdirməsinə mane olub.
Vaqif Əliyevin yenə də “91-lər”dən olan ziyalılardan mərhum Maqsud Nəcəfovla, Allahverdi Eminovla, keçmiş təsərrüfat işləri üzrə prorektor mərhum Əlirza müəllimlə mövqeləri toqquşub ki, bu məsələlər də araşdırılsa, kökündə korrupsiya motivinin olduğu üzə çıxacaq.
Universitetdə heç kəsə sirr deyil ki, bütün sanatoriyalara göndərişlər (“putyovkalar”) 80-100 manat olduğu halda, Vaqif Əliyev onları əməkdaşlara, hətta Universitetdə işləməyən şəxslərə 300-500 manata satır. Xəstəliyi ilə bağlı müalicə almaq üçün müraciət etmiş əməkdaşların ərizələri isə illərlə baxılmamış qalır. Niyə tədris prosesində və ictimai işlərdə fərqlənən müəllim və işçilərin mükafatlandırılması unudulur?”.
Şikayətçi müəllimlər sonda Baş Prokuror Kamran Əliyevdən Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar Komitəsinin sədri Vaqif Əliyevin fəaliyyətinin yoxlanılmasını, komitənin hesabına daxil olmuş vəsaitlərin təyinatı üzrə xərclənməsinin araşdırılmasını və digər məsələlərin diqqətə alınaraq yoxlanılmasını xahiş edirlər.
Mövzuya qayıdılacaq. Qalmaqal barədə hələki rektor Cəfər Cəfərovun mövqeyini öyrənmək mümkünsüz olaraq qalır.

“Təzadlar”

Bənzər xəbərlər

Gündəm

0.026445865631104