May 22

Xaçmazdakı müdhiş qətllə bağlı yeni təfərrüatlar – “Əvvəl başından vurublar, sonra “kontrolnıy” boğazını kəsiblər”

İyul ayının sonunda, Nəcimə xanım həmin qətnaməni əsas gətirirək, yeni texniki pasportun alınması üçün Dövlət Reyestr Xidmətinə müraciət edir. Təbii ki, ordan gələn mütəxəssislər də, lazımi ölçüləri ölçüb, dəyərləndirərək, “bazarın torpaq davasına” birdəfəlik son qoyacaq sənədin hazıırlanması üçün lazımi tədbirləri görürdü. Çünki,1997-ci ildə verilən texniki pasportda göstərilən ölçülər rayon rəhərliyi üçün “mübahisəli” idi. Bütün torpaq və iqtisadi mübahisələrin kökündə bu bəhanə dayanırdı ki, guya o sənədlərdə ölçülər dəqiq deyil və Nəcimə xanım özbaşına olaraq, qanunsuz formada yeri zəbt edib və onun heç bir mülkiyyəti təsdiq edən sənədi yoxdur. Halbuki bütün məhkəmələrdə tənqidçi şairə sənədlərlə haqlı olduğunu sübut edirdi.Bu dəfə isə, 6 saylı Reyestr Xidmətinin əməkdaşları bütün günü bazarda yer ölçür, kəsişmə nöqtələrini təyin edir, müasir geodeziya avadanlıqları ilə hesablayır, bir sözlə öz işlərini görürdülər.
Nəcimə xanım, məlum qətnamədən sonra bir daha mövqelərini möhkəmləşdirmək üçün, məhz yeni icad olunmuş texniki vasitələrlə ölçülərək, yeni texniki pasportun alınması üçün həyata keçirilən tədbirləri nəzərdə tutaraq, öldürüləcəyini deyir, ailə üzvlərindən də özlərindən muğayat olaraq, bir-birilərini qorumağı dönə-dönə əmr edidi.
Çünki, bütün bu davalar hələ başlamamış, Xaçmaz Rayon prokuroru Rasim Məlikov həm də yaxın qonşusu olan(?) Nəcimə xanımı kabinetinə çağıraraq, təhdid edir. Prokuror Nəcimə xanıma, bazarı boşaltmağı, “sözə qalaq asan” olmağı məsləhət bilərək deyir: “Sən kimsən ki, bu boyda torpağı tutub oturmusan? Məni məcbur etmə ki, artıq torpaq sahəsini zəbt etdiyini əsaslandıraraq, səni bu yaşda həbsə göndərim. Üzünə elə adamlar durğuzaram ki, əlli-ayaqlı gedərsən.”

Nəcimə Babayeva prokurora nə deyib?

Nəcimə xanım, bütün rayon əhlinə məlum olduğu kimi, kişi xarakterli bir adam idi. Ona görə də, təbii ki, prokurora sərt cavab da qaytarır. Bu gün nə qədər qəribə səslənsə də, o zaman bunu bütün Xaçmaz bilirdi ki, Nəcimə xanım prokurora belə deyib: “Sən öləsən, məni bu yaşımda şərləyib həbsə göndərəcəksənsə, bir tapanca alıb, ikinizin də sarsaq təpəsini havaya dağıdaram. Səni də, sənə bu sözləri dedirdəni də məhv edərəm. Onda tutularam da, türməyə də gedərəm.”
Bu sərt dialoqdan sonra mütəmadi olaraq hücumlara məruz qalan ailə, məlum olduğu kimi ,sonunda, Nəcimə xanımı itirməklə “cəzalandırılır”.


Qeyd etdiyim kimi, yeni və sonuncu olacaq texniki pasportun alınması məsələsi ortaya çıxandan sonra, Nəcimə xanım və ailəsi maksimum diqqətli olmağa çalışırlar. Hər kəsdən ehtiyatla davranmağa başlayan ailənin içərisində kənardan təkcə, bazarın işçiləri, xüsusən də Elşad Nurməmmədov olur. Elşad Nurməmmədovun həmin ərəfədə etdiyi bütün əməllər, ilk baxışda ailənin diqqətini çəkməsə də, sonradan bütün baş verənlərin təhlili göstərir ki, Elşad Nurməmmədov digər işçilərdən fərqli olaraq, ailənin bütün söhbətlərini dinləməyə, onların hərəkət marşrutları barədə dəqiq informasiyaları toplamağa meylli və müvəffəq olub. Bu barədə isə, daha sonra geniş yazacağam.
Elşad Nurməmmədov bir zamanlar Nəcimə xanımın rəfiqəsi olmuş, hazırda da Xaçmaz Rayon Təhsil Şöbəsinin müdirəsi Mədinə Nurməmmədovanın qardaşı, indi isə sürücüsüdür.
Elşad Nurməmmədovun tüfeyli həyat tərzi keçirdiyin ailəsindən ayrıldığını eşidən Nəcimə xanım, bacısı ilə yaxın münasibətlərdə olduğu üçün onu çoxdan öz yanına işə götürür, başqa sözlə desək, çörək sahibi edir.
Evdən bayıra çox nadir hallarda çıxan Nəcibə xanım, səhhəti ilə əlaqədar olaraq, 2010-cu ilin avqust ayının 17-si oğlu Cavidlə Kislovodskiyə gedir.


Adətən rayonda hamı bilirdi ki, yay fəsli gələndə ürək xəstəliyindən əziyyət çəkən, Nəcimə xanım, həm də nəfəs almağa çətinlik çəkirdi və buna görə də həmişə müalicəyə gedirdi. Ancaq bu dəfə Nəcimə xanımın nə vaxt gedib, nə vaxt gələcəyini, ailədən başqa təkcə Elşad Nurməmmədov bilir. Onun niyə bu sualları təkrar təkrar soruşub, Nəcimə xanımın gediş və gəliş tarixlərini öyrənməsi bu gün də heç kəsə məlum deyil. Hətta ailənin bildirdiyinə gör, bütün hadisələrin mərkəzində olan Elşad nədənsə istintaqın diqqətini cəlb etməyib. (?)

Təhsil şöbəsinin müdirəsindən Nəcimə Babayevaya qəfil zəng

Nəcimə xanım müalicədən, Ramazan bayramı ərəfəsində, sentyabrın 5-i sübh tezdən qayıdır. Onu oğlu Fuad Həbibov və işçisi Rəşad Kərimov qarşılayır.
Burada kiçik haşiyəyə çıxaraq qeyd edim ki, Fuad Həbibov Nəcimə xanımı qarşılamaq üçün gedəndə, evdə tək qalan həyat yoldaşı, həyətdən şübhəli səslər, adam ayaqlarının tappıltısını, addım səsləri eşidərək bərk qorxur.
Evə qayıdarkən, Fuad Həbibov öz maşınında Nəcimə xanımı, Rəşad Kərimov isə öz maşınında Cavid Həbibovu evlərinə aparır.


Onu da qeyd edim ki, Nəcimə xanım, qətlə yetirildiyi evdə məhz oğlu Fuad Həbibov və ailəsi ilə birlikdə yaşayırdı.
Nəcimə xanım bu səfərdən sonra evdən bayıra çıxmağa da ehtiyat edir. Bu zaman çərçivəsində təkcə bir dəfə ayın 8-i bir neçə saatlıq bazara gedir və qayıdır. Bir neçə gündən sonra, ayın 11- i isə yaxın qohumunun toyuna gedir.
Bu günlərdə ailədə yalnız qarşıda olan təhlükə barədə müzakirələr gedir və Nəcimə xanım dönə-dönə son qətnamədən sonra alınacaq texniki pasportu vurğulayaraq, “bunu mənə bağışlamayacaqlar, dəqiq bilirəm. Çünki, mən onların istəmədikləri, ən çox çəkindikləri işi gördüm” deyə gileylənir.
Maraqlıdır ki, rayon rəhbərliyinin Nəcimə xanıma qarşı olan qəzəb və nifrətinə, ədavətinə görə ona salam belə verməkdən çəkinən Təhsil Şöbəsinin müdirəsi Mədinə Nurməmmədova, gözlənilmədən sentyabrın 12-si, keçmiş rəfiqəsinə zəng vurur və onunla söhbətləşir. Onun bu addımı nəinki Nəcimə xanımı təəccübləndirir, hətta sonradan ailədə müzakirə də olunur. Həqiqətən də maraqlıdır ki, görəsən necə olmuşdu ki, Mədinə Nurməmmədovanın yadına Nəcimə xanım qəfildən düşmüşdü? Və yaxud, onsuz da münasibəti bərbad olan bir adamın nə vaxt nə işlər görəcəyini niyə maraqlanırdı ki? Görəsən Mədinə xanımın zəngi və söhbətin məğzi istintaqın diqqətini cəlb etməyib?
Ayın 12-si, gecə saatlarında Fuad Həbibov Bakıya gedir. Həmin gün axşam saat 22 radələrində Gülnarə Həbibova anasının yanına gəlir və anasının tək olmaması üçün onunla birlikdə, bu evdə qalır.
Nəcimə xanım hiss etdiyi təhlükəyə görə, evdən bayıra çıxmadığı üçün, ayın 13-14-ü Gülnarə xanım özü işə, yəni bazara, tək gedir.
Sentyabrın 14-ü bərk külək əsir və Gülnarə xanım, ailənin sürücüsü Oqtay Azayevlə evə gəlir. Oqtay Azayev onu evə düşürür və gedir. Sonra isə Gülnarə xanım, N. Nərimanov küçəsi 70, mənzil 20-də yerləşən evlərinə gəlir. Sonradan hətta fikirləşir ki, bəlkə elə bu evdə qalsın, Nəcimə xanım da o biri evdə tək gecələsin.Çünki, Nəcimə xanım tək qalıb, şer yazmağı sevirdi. Daha sonra mağazaya gedir ki, anası üçün bazarlıq etsin.
Nəcimə xanım şəkərli diabet xəstəsi olduğu üçün, ona yeməyə xüsusi dietik peçenye və bir sıra şirniyyatlar və kiçik xalça alır. Pulu az olduğu üçün, 20 manat beh verərək, dükanla, xalçanı daha sonra pulunu ödəyib, aparmağı razılaşdırır. Bu zaman Nəcimə xanım ona zəng vuraraq, küskün səslə, evə niyə gec gəlməsini soruşur. Gülnarə xanım, ona əslində heç evə gəlməyi düşünmədiyini deyə bilmir, tez Nəcimə xanımın yanına gəlir.
Nəcimə xanım, ayın 14-ü bərk külək əsdiyi üçün, həyəti süpürür, külək nəticəsində həyətə tökülmüş budaqları təmizləyərək, çöldə yandırır. Demək olar ki, evdə və küçədə tam rahat və tək hərəkət edir, hətta qonşuluqda yaşayan Zərxanım adlı qadınla söhbət də edir. Saat 20-21 radələrində qonşu qadın öz balaca nəvəsi ilə evlərinə gedir.
Bundan sonra Nəcimə xanım, həyətdəki talvarın altıdnda oturaraq, oğlu Fuadla telefonla danışır və bərkdən “inşaallah, sağ-salamat gələrsiz” deyir. Hətta buna görə də ailə hesab edir ki, qatil gecədən evdə, daha doğrusu həyətdə gizlənib və yəqin ki, bu sözləri eşidib.


Çünki, qeyd etdiyim kimi, adı çəkilən evdə Nəcimə xanım qızı Gülnarə ilə deyil, oğlu Fuad və ailəsi ilə yaşayırdı. Ona görə ehtimal olunur ki, qatilin hesabına görə, Nəcimə xanım evdə tək olmalı imiş.
Təxminən saat 20:30 da baş verən bu telefon danışığından sonra Nəcimə xanım evin ikinci mərtəbəsinə çıxır və qızı Gülnarə ilə bir yerdə kinoya baxırlar. (Kinoya baxdıqları evin pəncərəsi açıq, həm də üzü parka tərəfdir) Nəcimə xanım həmin gün hamamdan çıxdığı üçün, əyninə qalın, boğazlı köynək geyinir, başını isə qalın şal ilə bağlamış vəziyyətdə olur.
Gecə saat 23-də ailənin digər oğlu Cavid gəlir, Gülnarə xanıma feni verir və gedir. Gülnarə qapının arxasını bərk, cəftə ilə BAĞLAYIR və ev işləri ilə məşğul olur.
Nəcimə xanım evin xadiməsi Məlahət xanıma zəng vurur ki, sabah gəlməsin, çünki, yağış yağır. (Ancaq səhər saat 08:47-də yenidən zəng vurub çağırır) Gecə saat 1 radələrində Nəcimə xanım yatır. Gülnarə xanım da, gecə su çəninin suyunu söndürmək üçün evin arxasına keçmək istəyəndə, heç vaxt qorxmadığı kimi diksinir. (Çən evin həyətinin sağ küncündə yerləşir. Bu ətrafda hasar olduqca alçaq formadadır, sonradan hər kəs qatilin məhz burdan evə keçə biləcəyini düşünür)
Yatmamışdan qabaq, Gülnarə xanım anasına, evdə çörək az olduğu üçün tapşırır ki, onu saat 10-un yarısı yuxudan oyatsın. Anası isə ona deyir ki, olan çörəyi özü yeyəndən sonra, işçiləri Qurbana zəng vurub, evə çörək aldırar.
Bundan sonra Gülnarə xanım “domofon”un səsinə yuxudan ayılır və Gülnarə xanım yerindən qalxıb, dəstəyi götürür. Məlahət Gülnarə xanıma deyir ki, müəlliməyə nəsə olub, o yıxılıb. Gülnarə xanım tez aşağı qaçır.
(Baxmayaraq ki, Gülnarə xanım gecə qapını bağlamışdı, Məlahət xanım ifadəsində deyir ki, o gələndə çöl qapı açıq olub.Buna görə də ehtimal olunur ki, qatil qapıdan çıxıb sərbəst gedib.)
Məlahət “domofonu” basır və eyni vaxtda bazarın işçisi Elşad Nurməmmədova zəng vurur.
Gülnarə xanım aşağı düşəndə görür ki, Nəcimə xanım mətbəxdə yerdə yıxılmış vəziyyətdə uzanıb…

“Əvvəl başından vurublar, sonra “kontrolnıy” boğazını kəsiblər”

Anasının gənc yaşlarından ürəyi xəstə olduğu üçün, bir neçə dəfə huşunu itirmək halını gördüyündən, əvvəlcə elə bilir ki, Nəcimə xanım huşunu itirib. Ancaq ona yaxınlaşa bilmir. Çünki, cəsədin uzanmış vəziyyətinə görə, bir qapıdan keçə bilməyən Gülnarə xanım, əvvəl həyətə çıxıb, sonra mətbəxin digər qapısından keçməyə məcbur olur. Cəsədə yaxınlaşır, hərəkət etmək mümkün olsun deyə, cəsədi qapıdan çəkir.
Əvvəlcə anasının huşunu itirdiyini düşündüyü üçün, ona ilk tibbi yardım yardım göstərməyə çalışır, əllərini hərəkət etdirməyə, onu ayıltmağa çalışır. Olduqca həyəcanlı olan Gülnarə xanım, bir də baxır ki, əlləri qana bulaşıb.
Keçən yazıda qeyd etdim ki, Nəcimə xanım həmin gün hamamdan çıxdığı üçün, əyninə qalın, boğazlı köynək geyinir, başını isə qalın şal ilə bağlamış vəziyyətdə olur. Buna görə də, qızı hələ onun boğazının kəsildiyini hiss eləmir.
(Bu zaman soyuducunun qapısı açıq vəziyyətdə, özü isə yerindən tərpənmiş vəziyyətdə olması, əvvəl diqqəti çəkməsə də, sonradan duruma görə belə ehtimal edilir ki, Nəcimə xanım soyuducudan özünə yemək hazırlamaq üçün hazırlıq görən zaman qətlə yetirilib.)
Özünü itirmiş Gülnarə xanım, anasının vəziyyətinə təəccüb edərək, onu özünə gətirməyə çalışsa da, bunun faydasız olduğunu görüb, ağlamağa, qışqırmağa başlayır və səbəbini özü də bilmədən, şok vəziyyətində ikinci mərtəbəyə tərəf qaçır. Bir neçə dəfə iki mərtəbənin arasında yuxarı-aşağı qaçan Gülnarə xanım, elə bilir ki, anası yıxılıb və başı harasa dəydiyi üçün zərbədən yarılıb, çoxlu qan itirdiyindən bu vəziyyətdədir.
Ailə tərəfindən bir neçə günlük ona əmanət olunan anasına diqqət göstərə bilmədiyini fikirləşərək, əsəbləşir, dərk etmədiyi halda evin içində qışqırıb ağlayır, o tərəf bu tərəfə qaçır.
Bu zaman qonşuluqda yaşayan Təbriz adlı yaşlı qadın gəlir. Artıq hadisə yerinə yaxınlıqdakı polis bölməsindən, sahə rəisi İdris Axundov da yetişir. Əvvəlcə İdris Axundov Nəcimə xanımın yıxılaraq, başının zədə almasına görə dünyasını dəyişdiyini deyir. Təbriz xanım yerdə uzanmış halda olan Nəcimə Babayevanın əlini tutaraq, nəbzini yoxlayır və maraqlıdır ki, soyuqqanlı bir şəkildə, “bu çoxdan keçinib ki…əgər yerə yıxılıb zədələnsəydi, qan daxilinə vurardı, çölə bu qədər qan çıxmazdı…”deyib, sakitcə çıxıb gedir. Yaxınlıqda yaşayan bir qonşunun, belə bir davranışı istintaqın diqqətini cəlb edib-etməməsini bilməsək də, onu deyə bilərik ki, Nəcimə xanımın qatilinin ayaq izlərindən biri də məhz Təbriz xanımın evi tərəfdə olub. Hətta mənzərəyə nəzər salanda, Təbriz xanımın evinin pəncərələrinin vəziyyəti və ayaq izləri onu deməyə əsas verir ki, bu qonşu qatili də görə bilərdi.
Artıq Gülnarə xanım öz də anasının öldüyünü anlayır. Yuxarı qalxır ki, telefonu götürsün, yaxınlara xəbər versin. Telefonu götürəndə görür ki, işçiləri Elşad Nurməmmədov zəng edib. Gülnarə xanım Elşadın zəngini görsədə, ona zəng vurmadan, qardaşları Cavidlə əlaqə saxlayır, Nəcimə xanımın deyəsən infarkt keçirdiyini bildirib, onu çağırır.
Burda da haşiyəyə çıxaraq onu qeyd etmək istəyirəm ki, keçən yazıda bildirdik ki, Məlahət xanım cəsədi ilk görən adam kimi birinci Gülnarə xanıma, sonra isə bazarın işçisi Elşada zəng vurub. Beləliklə məlum olur ki, bazarın işçilərindən ölüm hadisəsini ilk bilən adam Elşad olub. Hətta o, ailənin digər üzvü Kəmalə Həbibovaya zəng vuraraq müəlliməyə nəsə olduğunu deyir. Beləliklə məlum olur ki, hadisəni ailənin özündən başqa, ən əvvəl Elşad bilir. Maraqlıdır ki, Elşad hadisə yerinə, ən sonda gələn şəxsdir. Başqa sözlə desək, Elşad olayı ən birinci bilib, ən sonda gələn yeganə adamdır.
Həyətdə baş verən səs-küyə təbii ki, bütün qonşular yığılır və bu vaxt Cavid də gəlib çıxır. Cavid anasını görən kimi, diqqətlə baxır və qışqırır ki, mama, səni nə günə qoyublar?
Gülnarə xanım ona anasının cəsədini əslində necə tapdığını, məcburən dəyişdiyini deyir. Cavid isə, bacısına, ümumiyyətlə nahaq əl vurduğunu irad tutur,ona kənara çəkilməsini söyləyir və anasının başındakı, beşbarmaqla vurulduğu zənn edilən zərbə yerlərini göstərir.

Bundan sonra Cavid əsəbi halda, həyətə çıxaraq icra başçısı Şəmsəddin Xanbabayevin ünvanına, “bax buna görə cavab verəcəksən, sənin nəslini kəsəcəm” deyə qışqırır. Onu sakitləşdirməyə çalışırlar, o isə əsəbi halda qardaşı Fuada zəng vurub, analarının öldürüldüyünü deyir.
Maraqlıdır ki, Fuad Həbibov qardaşı ilə danışanda eşidir ki, hadisə yerinə artıq gəlmiş sahə müvəkkili İdris Axundov Cavidə deyir ki, Nəcimə xanım yıxılaraq, aldığı zərbədən dünyasını dəyişib. Cavid isə qışqırır ki, “nə yıxılıb, kimi aldatmaq istəyirsən? Korsuz, görmürsüz ki, gicgahında beşbarmaq izi var?!”
Artıq prokuror Rasim Məlikov və digər hüquq mühafizə işçiləri hadisə yerinə gəlib çatırlar və olay yerinə baxış keçirilir. Burda da diqqəti çəkən bir məqam var. Beləki, Cavid stresdən, düşdüyü ruhi həyacandan üzünü yığışan qonşulara tutaraq, “ay camaat, anamı beşbarmaqla öldürüblər” deyəndə, Rasim Məlikov onun ağzını tutaraq, “nə ağzına gələni danışırsan, nə beşbarmaq?!” deyə, cəld içəri çəkir.
Kriminalistlər hadisə yerinə baxışla məşğul olmağa başlayırlar. Gülnarə xanım həyətə çıxır, görür bir göy köynəkli kişi olay yerinə yığışan camaata danışır ki, Nəcimə xanımı ailə üzvlərindən biri öldürüb.(?)
Maraqlısı odur ki, hələ prokurorluq nə rəsmi, nə də qeyri-rəsmi heç bir versiya elan etməmiş, artıq bu şəxs əvvəl həyətdə, sonra isə parka çıxaraq, eyni mövzunu təlqin edərək, “qatil ailənin içindədir”- fikrini yayırdı. O zaman bu adamın kimliyini tanımasalar da, sonradan ailənin barmaq izlərini götürəndə, eyni şəxsin pəncərədən içəriyə qulaq asaraq pusduğunu görəndə, onunla maraqlanırlar. Məlum olur ki, bu adam Xaçmaz Rayon prokuroru Rasim Məlikovun həm sürücüsü, həm də xalasıoğludur.
Prokuror cəmi bir neçə dəqiqədən sonra cəsədi tez MORQ-a aparılması üçün təcili yardım maşını çağırır, hadisə yerini boşaltmağa çalışır. Ancaq hardansa prokurora gələn qəfil zəngə görə cəsədi apara bilmirlər. Hətta təcili yardım maşını həyətə girir, darvazaları bağlayırlar.
Təxminən saatr 12 radələrində Fuad Bakıdan gəlir çıxır. Əvvəl onu tanımadıqları üçün həyətə buraxmaq istəməsələr də, sonradan içəri girməyə icazə verirlər. Fuad içəri girir, cəsədə baxır və bərkdən qışqırır: “şərəfsizlər, axır ki, öldürdünüz?!”deyib qışqırır. Onu sakitləşdirmək üçün çölə çıxarırlar və o sakitcə, indi də xatırlamadığı bir nəfərdən siqaret götürüb yandırır. Bu zaman prokurorluğun müstəntiqi Soltanməhəmməd ondan bazarın şəhadətnaməsini istəyir. Maraqlıdır ki, hələ qətllə bağlı olay yerinə baxış tam keçirilib qurtarmamış, bazarın şəhadətnaməsini tələb etmək nəyə lazım idi? Ancaq sonradan bunun niyə lazım olduğu üzə çıxır. Çünki, müstəntiq şəhadətnaməni götürən kimi, onu yanındakılara göstərərək, “budu da, Cavidin adı yoxdu burda, ananı elə sən öldürmüsən” deyib hamının eşidəcəyi şəkildə qışqıraraq ittiham edir.
Halbuki, ailədə hamı bilirdi ki, o sənədin hazırlanmasına rayon rəhbərliyi səviyyəsində süni maneələr yaratdıqları üçün, ailə cəmisi 3-4 gün vaxt qazana bilmişdi ki, hüquqlarını rəsmiləşdirsinlər. Bu zaman isə Cavid ölkədə olmadığı üçün, onun adını ora qeyd edə bilməmişdilər. Onsuz da olduqca mehriban olan bu ailədə bu adın orda olub-olmaması heç vaxt heç bir problem yaratmamış, bu barədə heç kəsdə inciklik olmamışdı. Çünki ailə kimlərlə vuruşduqlarını dərk edir, ömrü boyu maksimum özlərini müdafiə etməyə çalışırdılar.
Fuad çöldə siqaret çəkən zaman, hüquq mühafizə orqanlarının birində mühüm post tutmuş nüfuzlu və təcrübəli bir şəxs Fuada yaxınlaşaraq, “əvvəl başından vurublar, sonra “kontrolnıy” boğazını kəsiblər, ayıq olun, sifarişli qətldir” deyib xəbərdarlıq edir…

Cəmil Məmmədli

Bənzər xəbərlər

Gündəm

0.025444030761719