Apr 22

Hakimiyyətə qarşı odioz fiqur: Şahmar İbadov iqtidarı qıcıqlandırır – Detallar…

Şahmar İbadov son illərdə odioz fiqurlardan biri kimi adı keçməkdədir. Onun adı mətbuatdaMTN-nin qara kabusu olmuş general Akif Çovdarovdan heç də az çəkilməyib, hələ də çəkilməkdədir.

İctimaiyyət Şahmar İbadov adı gələndə onu Bakının strateji rayonlarından olan Nərimanov İcra Hakimiyyətində ən qalmaqallı məmurlardan biri kimi xatırlayır. O, həm də siyasi hakimiyyət üçün bir persona non-qrata, yəni arzuolunmaz şəxsdir.

Çünki Ş.İbadov dövlətin 12 milyonluq mənzil layihəsində korrupsiyaya yol verməkdə ittiham olunur və indi məhkəmə istintaqının sualları ilə üzbəüz qalıb, digər tərəfdən isə yol qəzasında adam ölümünə səbəb olan oğlu Elmar İbadova bəraət verilməsindən sonra dövlətdən təzminat istəmək ambisiyasıiqtidar rəhbərliyini qəzəbləndirib.

Bu barədə Reportyor.info-ya hakimiyyətdəki mötəbər qaynaqlardan sızan məlumatda deyilir ki, Nərimanov RİH-də I müavin olan Ş.İbadov vəzifəsindən kənarlaşdırıla bilər.

İcra başçısı Abdin Fərzəliyevin hakim ailəyə yaxınlığı hesabına özünü sığortalamağa müvəffəq olmuş Şahmar İbadovun situasiyası tükdən asılıdır.

Əgər icra başçısı arxasından çəkilərsə, özü gözdən əlillərlə bağlı 12 milyonluq mənzil korrupsiyasına görə məsuliyyətə cəlb edilə bilər, oğlunun törətdiyi qəza ilə əlaqədar isə iş yenidən istintaqa qaytarıla bilər.

Lakin ciddi dayaqlara güvənən başçı müavini cəzasız qalacağını, işini davam etdirmək arzusunda olduğunu düşünür.

Hətta oğluna bəraət verilməsinə görə dövlətdən İbadovlara dəymiş maddi-mənəvi ziyan üçün kompensasiya tələb etmək niyyətindən keçir. Bu xəbər yuxarıların qulağına çatıb və iddialara görə, Ş.İbadova bərk qəzəbləniblər, özünü yığışdırmağı tələb ediblər.

 

Onun iqtidarı qıcıqlandırması və çomaq soxması “sirkənin tünd olması” misalı kimi nəticələnə bilər.

Onsuz da cəmiyyət bilir ki, Ş.İbadov oğlu Elmarın bəraət alması üçün Sumqayıt apelyasiya məhkəməsinin hakimi ilə sövdələşib, babat xərci çıxıb. Bundan sonra onun susması və dövlətdən təzminat güdmək planından vaz keçməsi məsləhətlidir.

Ş.İbadov Nərimanov İH başçısının müavini olduğu ilk illərdə o qədər də tanınmayan, oliqarxlaşmamış məmur idi. Fərzəliyev ona necə qol-budaq açdısa, sürətlə varlandı, villalara, obyektlərə sahibləndi.

Görünür ki, onlardan birinin satışı yaxud illik icarə pulundan aldığı gəliri məhkəməyə “tərləmək”lə oğlu Elmarı cinayətdən “sudan quru” çıxarıb, bəraət almasına nail olub.

Amma proseslərin gedişatı göstərir ki, Nərimanovun başçısı A.Fərzəliyev müavini Ş.İbadov üçün əməlli-başlı “torba” hazırlayır, özü pərdəarxasında dayanaraq onu irəli verir, gələcək üçün istintaqa lazımlı qovluq hazırlayır.

Söhbət həm oğlu ilə bağlı qeyri-rəsmi sövdələşməyə getməsindən, Nərimanov rayonunda obyektlərə sahiblənməsindən, vətəndaşların mülklərinin uçurulmasında İbadovun adının hallanmasından, ən əsas gözdən əlillərin mənzilləri ilə bağlı işdə məhz müavinin adının keçməsindən gedir.

Fərzəliyev siyasi kəməri İbadovun belindən açıb, onu paraşütlə aşağı buraxsa, çətin ki Şahmar müəllimin siyasi paraşütü açılsın. Amma İbadov Fərzəliyevin bu siyasi kursunu təhlil edə bilmir.

Hətta Qarabağ qaziləri də bir müddət əvvəl üzləşdikləri haqsızlıqla bağlı icra başçısını yox, məhz I müavini ittiham edirdilər. Həmin kadrları sizə təqdim edəcəyik.

https://www.youtube.com/watch?v=O4aaIPu1z3o

Lakin, diqqət edin, bütün proseslərdə nə Fərzəliyevin, nə onun digər müavinlərinin adları hallanır, yalnız İbadov odioz, camaata “qan udduran”, Nərimanovun Çovdarovu kimi adı çıxarmaqdadır.

Məsələn, icra başçısının müavinləri olan İlqar Mirzəyevin, İradə Mahmudovanın hansısa qanunsuz əməli, biznesi yaxud övladlarının harın hərəkətləri barədə eşitmisiniz?

Və yaxud Nərimanov RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdiri Elmar Əlizadənin adı heç bir qalmaqalda hallanmayıb.

Deməli, pis-yaxşı bu kadrlar öz işləri ilə məşğuldurlar, xüsusi olaraq insanları incitmirlər, gözdən əlillərə ev paylanmasında yeyintiyə yol verməyiblər, biznesmenə çevrilməyiblər, qəbula gələni qapıdan qovmurlar. Nə Fərzəliyevə, nə prezidentə qalmaqallı məmur lazımdır.

Xüsusən də islahatlar getdiyi bir vaxtda, məhkəmə-hüquq sistemində reformalar həyata keçirildiyi dövrdə İbadov oğluna bəraət verdirir.

Halbuki, adı çəkilən məmurlar da Ş.İbadov kimi başçının müavinləridir, nümayəndələridirlər, sadəcə, I müavin rayonun az qala yarısına sahiblənib, “meydan sulayır”.

Nəticədə onun biznesinin siyahısı, villaları haqda məlumatlar çıxır, Qarabağ qazilərinə, sahibkarlara “divan tutması” barədə şikayətlər olur, gözdən əlillərin mənzil işində adı korrupsiyada keçir, oğlunun avtoqəzada adam öldürməsi və bəraət alması sərt tənqid edilir.

Hakimiyyətə isə belə fiqurlar, başağrısı olan məmurlar lazım deyil. O baxımdan Ş.İbadov qədər adı müxtəlif qanunsuzluqlarda, biznes məsələlərində, ölüm və korrupsiya işlərində hallanan ikinci belə başçı müavini yoxdur deyə onun da fəaliyyətinə tezliklə xitam veriləcəyi istisna edilmir. Biz isə Reportyor.info olaraq bu analiz və faktlarla bağlı adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Gülay

REPORTYOR.info

Bənzər xəbərlər

Gündəm

0.02180290222168