Jul 23

1-ci sinfə qəbul: Təhsildə rüşvətin TƏMƏL MƏRHƏLƏSİ... - FAKT BUDUR!

Bakıda fəaliyyət göstərən özəl orta məktəblərin qiymətləri təkcə maraq deyil, həm də heyrət doğurur. Bəzi prestijli ali məktəblərdən illiyi bir neçə dəfə baha (50-60 min manata qədər) olan özəl liseylər var.

Aydın məsələdir ki, özəl təhsil müəssisələri təhsil haqlarını müəyyənləşdirməkdə müstəqildirlər və hələ ki, bu müstəvidə qiymət tənzimləyici mexanizm yoxdur. Lakin məsələ burasındadır ki, indi bir çox nüfuzlu dövlət orta məktəb və liseylərinə qəbul üçün tələb olunan rüşvət də kəlləçarxa çıxıb.

Məlum olduğu kimi, növbəti tədris ili üçün ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına və məktəb seçimi prosesinə hələ aprel ayının sonundan başlanılır. Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi dərslərin başlanmasına bir gün qalmış (14 sentyabr tarixdə) başa çatır. Növbəti tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə Azərbaycan Respublikası Təhsil naziri əmr verir. Sonra isə həmin əmrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri verilir. Bu əmrlə müsahibələrin keçirilməsinə dair Təlimat; müsahibə apellyasiya komissiyalarının tərkibi; birinci siniflərinə şagird qəbulu üçün elektron sistem vasitəsilə qeydiyyat məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə onlayn formada fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzlərinin üzvlərinin siyahısı təsdiq edilir və s.

Valideynlər uşaqlarını oxudacağları məktəbi istədikləri ərazi üzrə seçərkən bir sıra çətinliklərlə rastlaşırlar. I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu bəzi üstünlük hüququ əsasında aparılır. Valideyni (qanuni nümayəndə) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşamalı; yaxud, həmin məktəbdə işləməli; uşağın bacısı və ya qardaşı həmin məktəbdə təhsil almalıdır. Problem budur ki, bir çox hallarda bu şərtlər doğrulanda belə məktəb direktorları “yer dolub” deyib valideynə imtina cavabı verirlər. Narazı valideynlər bildirirlər ki, bütün bunlar rüşvət tələsidir. Çünki sonradan konkret məktəbə qəbul olunanlarla imtina cavabı verilənlərin yuxarıda sadalanan kriterilərə uyğun olub-olmamasını müqayisəli şəkildə yoxlayan olmur. Tələb olunan rüşvət isə məktəbin yerləşdiyi ərazidən və prestijindən asılı olaraq 1000 manatdan 5000 manatadək dəyişir. Şikayətçilərin sözlərinə görə, kim deyirsə ki, uşağımı heç bir sövdələşmə olmadan, yəni, yalnız onlayn qeydiyyat prosedurlarını kompüterin düymələrini basmaqla birinci sinfə qəbul etdirmişəm, yalan danışır.

Bu sətirlərin müəllifi bu ərəfələrdə övladını Bakı şəhəri Xətai rayonunda yerləşən “Zəkalar” liseyinə birinci sinfə qəbul etdirmək istəyən valideyni müşayiət edərək iki dəfə həmin məktəbə getmiş, lakin direktor Aygün müəlliməylə görüşə bilməmişdir. Təmasda olduğumuz direktor müavini isə açıq etiraf etmişdir ki, məsələnin rüşvətsiz həll olunması qeyri-mümkündür və bu işlər Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın bacısı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın birbaşa nəzarətindədir. Başqa sözlə, belə çıxır ki, birinci sinfə qəbul üçün alınan rüşvətin əhəmiyyətli hissəsi ona çatır.
 //Deryaz.az//

Bənzər xəbərlər

Gündəm

0.035743951797485