Feb 28

"Gözümün biri aya, biri də çaya"

El oğlu, pullarım palaz altda dəstdir mənim,
Varım bundan sonra yeddi nəslə bəsdir mənim
Eyləmə hay-həşir, bəs canıma qəstdir mənim!
Nədir, yenə qiymət qalxdı düşdünüz haraya?!
Belə gözümün biri aya, biri də çaya...

Bu xalqdan mənə nə, keyfim hələ şeşlə gedir?!
Ürüşvət verirəm, qiymətlərim beşlə gedir
Millətdən cibimə elə bil ki, çeşmə gedir.
Pintivaylıq edib bir lo salsaz da araya,
Belə gözümün biri aya, biri də çaya...

Kimə nə, evimdə keyf ilə bayram edirəm?!
Belə var yaxşı vəzifəm şərəfə yüz gedirəm
Mən ancaq özümdən böyüyə boyun əyirəm.
Ayla yatsan qapıda, ayaq açsan saraya?!
Belə gözümün biri aya, biri də çaya...

Dəxi dərdin yığıla bir dağ ola, görməyəcəm,
Nə sənin, nə millətin əzabını çəkməyəcəm
Nə qədər istəyəsən lap olsa da verməyəcəm.
Zülm ilə zindanə düşüb möhtac olsan paraya,
Belə gözümün biri aya, biri də çaya...
____________________________________
 "Biz ki, varıq gör, nə müsəlmanlarıq"?!
 
Dövr-i zaman ilə bizim bizim çarx düzə qalmaz,
Etdiklərimiz gözdə durur heç sözə qalmaz
Bil, gecədən haqq bağıran gündüzə qalmaz.
Ədalət deyəni asmaq üçün canlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Elmdən bixəbər olub daşla alov yandırırıq,
Özgə qazan görüb də əkməyimizi bandırırıq
Bu hal ilə atam, görən kimi qandırırıq?
Uşağı da bizim kimi olsun deyə danlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Bizə fərq eləməz kim oxuyub alim olub,
Bizə nə kim molla olub haqqa dolub?!
Biz ki, qanmamışıq bu dünyada hər nə olub.
Biz ancaq bu dünyadan o dünyanı anlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Bu mənim qədərimdir, qismətimdir yaz alnıma,
Torpağı mən neyləyirəm, aparmıram ki, goruma?!
Mənliyimi al məndən əşi, amandı dəymə qarnıma!
Mədəmiz ac qalan kimi xoruz təki banlarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!

Hər nəyimiz olmasa da Allahımız var deyərik,
Quranımız, kitabımız, imamımız var deyərik
Bir də bizdən yazıb-pozan şairimiz var deyərik.
Altında qalsaq da düzün, söz altında qalmarıq
Biz ki, varıq gör nə müsəlmanlarıq?!
_______________________________________  
  "Həkim və molla"
 
Ey əcəb!
Bir sözün ucundan yapışım mən
Sizə kimdən danışım mən?
Sağlamı xəstə eyləyən,
Xəstəsinə can diləyən
Həm ağlağan, həm güləyən
Ağ xalatda, ağ papaqda
Özü də mötəbət otaqda
Bizim həkimdən danışım mən.
Deməli, bu həkim,
Yanına getsə hər kim,
O kim, bu kim
And ola o Görünməzə
Özü də görməz-bilməzə,
Yazır dərmanı xəstəyə
O da yanıb-tüstüləyə
Həkimə verir son pulunu
Dərmana qalmır heç manat
Yenə göyə açır qolunu,
Ki, Allah açsın yolunu.
İndi də şeyxə beş manat
Din həm bərəkət duası,
Ordan-burdan hərəkət duası,
Bir də ki, səhhət duası.
Müsəlmana etdi əlac,
Daha həkimə nə ehtiyac?
Olub hər xəbərdən halı
Birdən dəyişdi əhvalı
Düzəldi xəstənin halı...
Müsəlmanın ki, hər işi,
Onun bu günkü vərdişi
Düşə əbalı mollaya
Bir də kimə?
Həmin rüşvətxor həkimə.
Onda artar xəstəsi də bu millətin,
Beyinsiz bir kütləsi də bu millətin
Heç oyanmaz bir kəsi də bu millətin.
Olmayacaq kimsəsi də bu millətin.
____________________________________
      "BİLMİRİK" 
 

Dünyanın qarışıb altı üstünə,
Biz dünyayla yola gedə bilmirik.
Dinsiz baş əydirir palçıq büstünə
Biz Allaha hörmət edə bilmirik.

Şeytanın sapına cəhrə olmuşuq,
Odunun kəsməyə dəhrə olmuşuq.
Qurumuş ağacda pöhrə olumuq
Payızda da yerə düşə bilmirik.

Doymuruq dünyanın var-dövlətindən,
Qazanıb yığırıq hər sərvətindən.
Hey qaçırıq Tanrının cənnətindən
Öləndə də ölüb gedə bilmirik.

Düşmüşük zamanın axar çayına,
Dolanırıq həftəsinə, ayına.
Hər kəs çatacaqdır haqqı-payına
Bircə gecin-tezin bilə bilmirik.

Yazır Elçinoğlu amma nə fayda?
Yazdığı sayılmır bir haqqı-sayda.
Bax budur bəndənin qoyduğu qayda
Adam olub, insan ola bilmirik.

 

Ağarza Elçinoğlu

Bənzər xəbərlər

Gündəm

0.022199153900146