KarikaturaFeb 24

Ucuz ətin şorbası var!-SATİRİK ŞERLƏR

ELVİN İNTİQAMOĞLU

 

Elvin İntiqam oğlu Məmmədli1996-cı ildə Yardımlı rayonunun Horonu kəndində müəllim ailəsində anadan olmuşdur.

 

2014-cü ildə Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbi; 2018-ci ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.

 

2008-ci ildən etibarən bədii yaradıcılıqla məşğul olmağa başlamışdır. 2009-cu ildə yazdığı "Ay qız, sevirəm, sevirəm mən səni" şeiri ilk qələm məhsulu; 2012-ci ildə "168 saat" qəzetində yer almış “Dünya” şeiri isə ilk mətbu nailiyyətidir.

 

"168 Saat", "Oxu Məni", "Haqqın Sədası", “Sözün sehri”, “Ədalət”, “Talisman” və s. ictimai-ədəbi qəzetlər; Azərbaycan Respublikası Təhsil Nazirliyinin aylıq “Təhsil” jurnalı, “Xəzan”, “Ulduz”, “Şəfəq” və s. ədəbi-bədii jurnallar; "Zirvə", "Xəzinə", "Sevgi Damlası", “Yeni Uğur”, “Yaşıl İşıq”, “Türk dünyası şiir seçkisi” şeir toplusu və s. mətbu orqanlar bədii-ədəbi yaradıcılığına müraciət etmişdir.

 

XXI əsr (2000-2020 ) Azərbaycan poeziyasını özündə əks etdirən "Xəzinə" poeziya antologiyasının, qədim və çağdaş poeziyanın müqayisəli təhlilinə həsr olunmuş "Əsrlərə Körpü" poeziya antologiyasının vəgənc şairlərdən və şairələrdən (maksimum 40 yaş) ibarət "Yeni Uğur" poeziya antologiyasının tərtibçisi və baş redaktorudur. Redaksiya üzvü olduğu “Xəzan”ın (ədəbi-bədii jurnal) iyul-avqust (2020) buraxılışının tərtibçisi və redaktorudur. Həmçinin, "Haqqın Sədası" qəzetinin ədəbiyyat şöbəsinin müdiri vəzifəsində də fəaliyyət göstərir.

 

“II Qarabağ müharibəsi” iştirakçısıdır.

 

Ona yaxın filoloji məqalələrin müəllifi və ondan çox müəllifli şeir kitablarının redaktorudur

 

 

 

 

 

MÜASİR ŞAİRLƏRƏ TƏKLİF

(satira)

 

                                                    Şeirdən kənarda duraq,

                                                    Tapdalayaq, yıxaq, vuraq,

                                                    Gəlin biz də biznes quraq,

                                                    Xalqa təsəlli verməyək!

 

                                                    Zibil ataq "liman"lara,

                                                    Biz də düşək "duman"lara,

                                                    Bizdən kömək umanlara,

                                                    Çörəyi isti verməyək!

 

                                                    Pişik soxaq "çuval"lara,

                                                    Qonaq gedək kanallara,

                                                    Ciddi-ciddi suallara,

                                                    Cavabı ciddi verməyək!

 

                                                     Kasıb, pencəyin süzülüb,

                                                     Yamaqlı astar sökülüb...

                                                     Kasıbların bəxti ölüb,

                                                     Üç verək, yeddi verməyək!

 

                                                     Şairlər, qanun var təzə:

                                                     "Vergi verin çıxın üzə..."

                                                     Tanrı "vergi" verib bizə,

                                                     Biz niyə "Vergi" verməyək?!

 

                      AĞ XALATLI

                                       (satira-dialoq)

 

                                                  Məhləmizdə həkim qalır,

                                                  Diplomu ön plandadı...

                                                  Boyu hündür bir kişidi,

                                                  Ancaq ağlı dabandadı!

 

                                                  Yaxşı pul yığıb Bakıdan,

                                                  Qovdu öz andın qapıdan...

                                                  Dərdi yoxdu pul sarıdan,

                                                  Hippokrat çəmədandadı.

 

                                                  – Qabaq yeyərdim altı qab,

                                                  İndi iştah olub xarab...

                                                  – Aydın oldu, sizdə cənab,

                                                  Həzm sistemi qandadı!

 

                                                  – Vaqif əmi, gözə dəymir

                                                  "Ağ xalatlı" hayandadı?

                                                  – Böyük oğlu xəstələnib,

           Altı gündü İrandadı!

 

 

DEKANLA ZAMDEKANIN SÖHBƏTİ

    (satira)

 

Pulları yığ, zamdekan,

Dekabrın on beşi...

Əlli manat imtahan,

Otuz manat kurs işi...

 

Kimsə olsa narahat –

Zəif olsa maddiyyat.

Dostcasına addım at,

Ondan alma on manat –

Min bərəkət yetmişi...

 

–Yığmayacam, Məşədi,

Vicdanıma ləkədi.

– Vicdan pula kölədi,

İndi dövran belədi –

Hamı alır bəxşişi...

 

– Bura bazardı ki, lap –

Ərizəmi tez et çap,

İşdən çıxmaq son etap...

Özün kimi birin tap,

Bağla bəxşiş sazişi...

 

CƏHALƏT

        (satira)

 

Parisli Müsyo Jordan,

Oldu caduya qurban...

Məstəli dahi insan,

Qədrini gec bilərsiz...

 

Zahiri görkəm oxşar...

Ay camaat, bomba var,

Qarpız çıxıb bombalar.

Nahar vaxtı bölərsiz...

 

Mollaya iştah gəlir...

Ölülər, Allah gəlir,

Şeyx Nəsurullah gəlir,

Durun, sonra ölərsiz...

 

Cəlil, Fətəli...Azdılar?!

Onlar o vaxt yazdılar,

Heç vaxt inanmazdılar

Həmin dövrə gələrsiz...

 

 

SOVET DÜŞÜNCƏLİ ATA

(satira)

 

– Oğlum, qara şalvar al,

Qız üçündü sarısı...

– Ata, sarı dəbdədi,

Son modeldi hamısı...

 

– Qızım, uzun don geyin,

Görər qonşu qapısı...

– Ata, axı bəyənir

Rəfiqəmin bacısı...

 

– Arvad, bu nə köynəkdi?

Üstündə var yazısı...

– Kişi, indi belədi

Avropanın yarısı!

 

MÜASİR ATALAR

(satira)

Pul qılıncdan kəsərlidir,

Qorxaq ağac bəhərlidir,

Qızıl vaxtdan dəyərlidir...

Hər dövrün öz forması var!

 

Mərdi qovun tez yorulsun,

Dost odu, şad gündə olsun...

Haracan boş quyu dolsun?

Pula uyğun norması var!

 

İki qoça bəsdi qapaq,

Fikirləşmə, boşdu papaq...

Pişik yoxdu, hardan tapaq?

Bizdə siçan torbası var!

 

Yoxsula kim ki pis deyir,

O şəxsi el də pisləyir...

Ay camaat, kim istəyir:

–Ucuz ətin şorbası var!

 

XALQ ARTİSTİ

(Satira-dialoq)

 

Bir gənc müğənni qıza

Verdilər "Xalq artisti!"

Müsahibə götürdü

Kanalın jurnalisti:

 

– Necə gəldiz sənətə,

– Səs çevrildi rüşvətə,

Belə çatdım şöhrətə...

Məncə, bu qədər bəsti!

 

– Səsin kobud, qabarıq,

Ləhcəvari danışıq,

Geyimin açıq-saçıq...

– Dəbdi də, nəyi pisdi!

 

Pərt etməyin qonağı...

Mahnım çıxıb bayağı,

Fonaqrama sayağı

Oxuyum isti-isti!

 

ƏDƏBİ QONAQLIQ

(satira)

Söz sənətin doxsan faiz bilirəm,

Janrlar məni qorxudan deyil ki!

Çox əl vurmadım ki, tərzin itməsin,

Əlim gəlmədi, qorxudan deyil ki!

 

Başqasının bəndin götürdün xəlvət,

Şan-şöhrətə qurban getdi ləyaqət...

Nəfsin edib şair ruhunu qarət,

O sən bildiyin oğrudan deyil ki!

 

De görüm, nəyin var, ötürsən dil-dil,

Deyirsən:–Poema yazmışam əsl:

–Leyli, Məcnun, İbni Səlam, səhra, çöl,

–Rəhmətlik Nizami qudan deyil ki?!

 

Kitab çıxarmaq istəyirdin ortaq,

Araq, çaxır..yüngülvari yığıncaq...

Sənin hiylənə aldanardım, ancaq

Kitab kağızdandı, sudan deyil ki!

 

PUL SİNDROMU

(satira)

 

Ay istedadsız axmaq,

Səninki puldur ancaq...

Nəfsinin boyu alçaq,

Əlin şeytana çatmır...

 

Zəifdir məvacibi,

Yamaq-yamaqdır cibi...

Ağlayır ev sahibi,

Yemək mehmana çatmır...

 

Bəxtə olma arxayın...

Bir kişiylə bir qadın,

Arzulayır ev, maşın...

Ayaq yorğana çatmır...

 

Kasıb varlının qulu,

Tənqid etmə yoxsulu...

Tanrı göndərir pulu,

Azərbaycana çatmır!

 

ŞAİR

(satira)

 

6 bənd poema gedir,

Bayatı 5 misra gedir...

Əruz vəzni qoşma gedir,

Bekarçılıqdan əng vurur...

 

Gedənmir özü dərinə,

Şeirini verir birinə...

Qaranlıq qalan yerinə,

Redaktorlar əhəng vurur...

 

Səhvini bawa duşmüsən,

Nə səhv varsa dəyişmisən...

Sən ceyranda ilişmisən,

Tayın-tuşun pələng vurur...

 

Kitab, kitab təqdimatı,

"Qızıl Qələm" laureatı,

Birliyin şair peçatı...

300 rənginə rəng vurur...

 

Səsin eşitmədiklərim,

Yanından ötmədiklərim...

Bu gün çap etmədiklərim,

Səhər yuxarı zəng vurur...

 

 

 

Bənzər xəbərlər

Gündəm