TənqidJan 09

Əzrayıla can ver, ekspertə pul

Dərd gələndə batmannan gəlir. 13 noyabr 2020-ci il tarixdə Kürdəmir-Zərdab avtomobil yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində "Hyundai" markalı avtomobilim Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşdı. Nəticədə 3 nəfər - Ağdam rayon sakinləri - 53 yaşlı bacım oğlu Rabil Rəhbər oğlu İsmayılov, 67 yaşlı bacım Ayulduz Qubat qızı Hümbətova və Zərdab rayon sakini, həyat yoldaşım 53 yaşlı Zemfira Cümşüd qızı Mehdiyeva həlak oldular. Mən isə müxtəlif dərəcəli bədən xəsarətləri aldım. Sağ qaldığıma peşmanam desəm, yəqin məni başa düşərsiniz.

Amma sən demə dərd bununla da bitmirmiş. Əzrayıla can-qan borcumuzu verib, başqa bir canavarla - korrupsiya ilə üzləşdik. Mən qərar vermək, hərəkət etmək iqtidarında olmadığım üçün başqa qohumlarımız yardıma gəldilər. İlkin olaraq, Zərdabdan mərhumə Zemfira Mehdiyevanın yaxınları özlərini çatdırdılar. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinin həkimi Zahir doktor onlardan meyitin yarılmaması üçün pul istəyib. Əvvəlcə 200 manat tələb edib. Xeyli çək-çevirdən sonra tələbini 150 manata endirib, ən nəhayət, 100 manatın üstündə dayanıblar. Tələb yerinə yetiriləndən və əlavə olaraq daha 10 manat məbləğ ekspertin yanında işləyən kargüzar qıza veriləndən sonra cəsəd yarılmadan zərdablı qohumlara təhvil verilib.

Bacımın meyitini qardaşımın yaşadığı ata yurdumuz Ağdamın Xındırıstan kənd qəbiristanlığında, bacım oğlunun meyitini isə Bakıda - mərhum atasının (kürəkənimizin) məzarının yerləşdiyi qəbirstanlıqda dəfn eləmək qərara alınıb. Məhkəmə ekspertiza həkimi yenə iki ayağını bir başmağa dirəyib, rüşvət tələb edib. Yalvar-yaxar ediblər ki, bacımın meyitini aparıb dəfn eləsinlər, bacım oğlunun meyitindən ötrü gələndə hesablaşarlar. Qohumlarımız həmin “bazarlaşmada” güzəştə nail olmaq üçün rəhmətlik bacımın anadangəlmə I qrup əlil, bədbəxt bir insan olduğunu, sağlığında heç bir imkana malik olmadığını xatırladıblar. Amma daş qəlbli insanlara bu kar etməyib. Əksinə, həmin vaxt orada olan bir qadın həkim zarafat etməkdən də çəkinməyib: “40 ildi işləyirəm, hələ də bir canlı kişiyə rast gəlmədim, elə hamıdan bədbəxti mən özüməm”.

Əlqərəz, noyabrın 14-ü gecə saatlarında daha 150 manat rüşvət alıb bacıoğlunun meyitini yarmadan təhvil veriblər. Ötən bu vaxt ərzində məhkəmə tibb ekspertinin gözləməsi faktı korrupsiyanın aşkar sübutudur.

İbrahim Qubadoğlu

Bənzər xəbərlər

Gündəm