TənqidNov 30

“Azgranata” MMC ilə bağlı SENSASİON İDDİA - “Araqdan dərs alıb, nəticə çıxaran adamlar bizə lazım deyil”

Vətən müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı topçu Vüsal Şahkərəmovu məşhurlaşdıran fotonun “Azgranata” MMC tərəfindən spirtli içki şüşəsinin üzərinə vurulması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bu addım xüsusən də, sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub və əsasən tənqid hədəfinə çevrilib.

Məsələn, Aslan Həmidli adlı istifadəçi yazıb ki, “Azgranata” MMC-nin atdığı addım çox utancvericidir:

“Bunlar anlamırlar ki, etdikləri hərəkət Rəşadətli Ordumuza qarşı böyük hörmətsizlikdir. İstifadə olunan şəkil sadəcə bir fərdə deyil, bütünlüklə Müzəffər Azərbaycan Ordusuna aid olduğuna görə kütləvi istehsalat üçün nəzərdə tutulmuş iaşə məhsuluna aid edilməsi yolverilməzdir və qəti qadağandır! Görün necə əxlaqi çöküş yaşayırıq ki, oğullarımızın can qoyduğu Vətən savaşı kimlərinsə biznesinə alət olur, hansısa içkiyə şüar olur. Kimlərsə bu “vodka”dan içəcək, xoşallanacaq, sonra da atacaq zibil yeşiyinə… Görəsən, belələri vicdan nədir bilirmi?!”.

Məsələ ilə bağlı mövqelərini bildirənlər arasında Xəyal Namizədli isə dünyanın bütün məşhur sərkərdələrinin, prezident, kral, tanınmış simalarının adları və şəkillərinin içkilər üzərində həkk olunduğunu deyib. Və buna misal olaraq Napaleonun adına olan konyakı, ömrünü xalqının gələcəyi üçün həbsdə, mübarizədə keçirən Mandellanın adına olan məşhur şərabı, Britaniya imperiyasına qarşı gecə-gündüz döyüşüb qalib gələrək dünyanın bir nömrəli ölkəsini quran Corc Vaşinqtonun adına olan məşhur viskini nümunə gətirib. Onu da əlavə edib ki, “əksinə təbliğ etmək, dəstək olmaq, əsgərin valideynləri və şirkətlə rəsmi müqavilə imzalatmaq lazımdır ki, o əsgərin ailəsi bir-iki manat pul qazansın bu addan”.

Rəylərdən də göründüyü kimi, məsələ cəmiyyətdə böyük fikir ayrılığı yaradıb.

KONKRET.az bunu nəzərə alaraq Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun mövqeyini öyrənib.

E.Hüseynov belə bir addımı hüquqi və mənəvi baxımdan anormal hesab etdiyini bildirib:

Birincisi, istənilən malın üzərindəki etiket dövlət orqanı tərəfindən qeydiyyata alınmalıdır. Bizdə olan məlumata görə, bu etiket dövlət orqanı tərəfindən qeydiyyata alınmayıb.

İkincisi, bildiyim qədər, o, hələ satışa çıxarılmayıb, bir test kimi cəmiyyətə buraxılıb, yəni istehsal yoxdur. Aydındır ki, bu testi edən insanlar bundan birmənalı şəkildə pul qazanmaq məqsədi güdürlər. Və mən bu gün öyrəndim ki, qəhrəman topçumuzun atası oğlunun şəklinin araq şüşəsinin üzərində olmasına icazə verməyib.

Üçüncüsü, məlumdur ki, məşhur topçumuz İslam dəyərlərinə uyğun bir azadlıq mübarizəsi aparıb. Azərbaycan İslam ölkəsidir. Haqq işimizdə İslam ölkələrinin bizə dəstəyinin hamımız şahidi olduq, Azərbaycanda onların bayraqlarını qaldırdıq. Belə bir şəraitdə qəhrəman topçumuzun şəklinin İslamın qadağa etdiyi spirtli içkinin üzərinə vurulması nə etik, nə də qanuni cəhətdən doğrudur və yolverilməzdir. Hesab edirəm ki, istehsalçı müəssisənin pul qazanmaq məqsədilə belə üsullara əl atması böyük səhvdir. Düzdür, istehsalçı müəssisə qeyd edir ki, dünyada məşhur insanların adlarına spirtli içkilər istehsal etmək təcrübəsi var. Məsələn, Napaleonun, Suvorovun, Putinin və s. Lakin onlar öz dini dəyərlərini də nəzərə alıblar. Qanun bunu qadağa etməsə də, bizdə cəmiyyətin buna reaksiyası mənfidir. Və mənə çoxlu istehlakçı zəng edərək, bunun yolverilməz olduğunu bilririr. Yəni cəmiyyət, Azərbaycan istehlakçıları düşünür ki, belə qəhrəman insanın şəkli tarix dərsliklərinin, çox əhəmiyyətli kitabların üzərində olmalıdır. Araqdan dərs alıb, nəticə çıxaran adamlar ayrı kateqoriyalı adamlardır. Onlar bizə lazım deyil.

Qeyd edək ki, əsgərin atası İslam Şahkərəmov isə məsələ ilə bağlı sonuncu açıqlamasında bunları bildirib:

“Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm”.
KONKRET.az

Bənzər xəbərlər

Gündəm