Oct 10

Orduya dəstək adı ilə pul yığan işbaz- Sədərək TM-də biabırçılıq

Azərbaycan ordusunun rəşadətli mübarizəsinə və qazandığı qələbələrə dəstək olaraq ölkənin hər bir yerindən yardımlar axışmaqdadır.

Bu ianələr, tibbi və digər ləvazimatlar üçün toplanan vəsaitlər Silahlı Qüvvələr Fonduna, ayrı-ayrı hərbi hissələrə çatdırılır.

Təbii ki, məqsəd xalqın ordusuna və dövlətinə hərtərəfli dəstək olmaq, onu tək qoymamaqdır. Habelə, sosial şəbəkələrdə vətəndaşlar əsgərlərimizə zəruri olan ehtiyacların siyahısını yayır. Bu, milli birliyin göstərcisidir və alqışlanmalıdır, könüllü qoşulmaqdır.

Amma ilin-günün bu vaxtında, pandemiyanın onsuz da insanların sosial şəraitini pisləşdirdiyi zamanda kimisə bu inaələri verməyə məcbur etmək olmaz.

Əgər kiminsə ürəyindən gəlirsə, imkanı çatırsa, heç kəsin təklifinə, israrına gərək yoxdur, sidq – ürəklə yardım göstərəcək.

Amma təəssüf ki, qulağımıza bəzi xoşagəlməz məlumatlar çatmaqdadır. Bu informasiyalar Bakının ən böyük ticarət mərkəzlərindən olan “Sədərək” bazarından gəlməkdədir.

Qafqaz.tv bildirir ki, “Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin qardaşı Ənvər Qədimbəyli bazarda ticarətçilərdən orduya dəstək adı ilə məcburi pul yığdırır.

Xəbərdə iddia olunur ki, Ənvər Qədimbəyli obyekt sahiblərini sıxma-boğmaya salaraq pul tələb edir. Neçə aydır ki, pandemiya səbəbindən bağlanan iri ticarət mərkəzlərində sahibkarlar müflis olublar.

Onların üzləşdiyi çətinlikləri nəzərə alaraq, yardım göstərməli olan “Sədərək” bazarının rəhbərliyi əvəzində zorla tacirlərdən pul yığdırır.

Bu informasiyadan “Sədərək”in sahibi Yusif Qədimbəylinin özünün nə dərəcədə məlumatlı olduğunu söyləmək çətindir, amma qardaşının ticarətçilərdən orduya dəstək üçün məcburi pul istədiyi iddiaları var.

Bu məbləğin heç də az olmadığı deyilir. Amma aylardır ki, işsiz-güsüz qalan, vəziyyəti ağırlaşan əksər sahibkarlar narazılıq etməyə başlayıblar.

Onlar qeyd edirlər ki, vətənə, əsgərə, Qarabağa can qurbandır. İş adamlarının sözlərinə görə, dövlətə və orduya imkan daxilində hər kəs könüllü maliyyə dəstəyi verməyə hazırdır. Amma bu iş könüllü olmalıdır, hər bir vətəndaş fərdi şəkildə istədiyi yardımı etməlidir.

“Sədərək” bazarının sahibinin qardaşı Ənvər Qədimbəyli isə ticarətçiləri məcbur edir ki, pul versinlər. Bu, özfəaliyyətdir, dövlətlə vətəndaşın arasına girməkdir.

Hərçənd, dövlət resursları var və heç kəsə hələ ki ehtiyacı yoxdur. Məlumatda deyilir ki, bazarda bununla bağlı etirazlar yaranıb.

Qeyd edək ki, “Sədərək” bazarının adı tez-tez müxtəlif neqativ hallarda çəkilir. Bir müddət əvvəl araşdırmaçı jurnalist Cavanşir Həsənli Yusif ölkədən 1.5 milyon dollardan çox vəsait çıxardığını yazmışdı.

Onun məlumatına görə, “Sədərək”də ticarətlə məşğul olan iş adamlarından yığılan pullar Çexiyaya axıb.

Görəsən, pulları Avropaya daşıyan Qədimbəyli niyə həmin vəsaitləri Silahlı Qüvvələr Fonduna köçürmürdü?! Amma indi ticarətçilərin xirtdəyindən yapışaraq məcburi yardım tələb edirlər.

Yusif Qədimbəylinin bu ölkədə çiçəklənən biznesi var, özünə şirkət açıb, vəsaitləri daha etibarlı ünvana yönəldib.

Düzdür, “Sədərək”in sahibi Çexiyadakı şirkətini – GADYUS s.r.o.-nu 2007-ci ilin 15 noyabrında təsis edib (qeydiyyat şəhadətnaməsi: C 23999).

Amma şirkət faktiki olaraq 2016-ci ilə qədər fəaliyyətsiz olub və heç bir maliyyə əməliyyatı aparılmayıb. Lakin 2016-cı ilin sonunda birdən-birə şirkətin 35 milyon 743 min kronluq aktivləri ortaya çıxır.

Sonrakı illərdə də Çexiyaya pul çıxarılması davam edib və Qədimbəyli bu ölkədə xeyli sayda daşınmaz əmlak, mülk əldə edib.

Nizamnamədə də göstərilir ki, şirkət daşınmaz əmlakın, yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı, icarəyə verilməsi ilə məşğuldur. Şirkətin hüquqi ünvanı: Mariánské Lázně, Mladějovského 89/5

Qeydiyyat sənədlərində qeyd olunur ki, 1951-ci il təvəllüdlü Qədimbəyli Yusif Bakı şəhəri Azadlıq prospektində 5 ünvanda (18/35/36/39/41) qeydiyyatdadır.

Bundan əvvəl də “MTN işi”ndə də Yusif Qədimbəylinin adı hallanıb. Eldar Mahmudovla yaxın olduğu, dəstəyini əldə etmək üçün Qədimbəylinin 10 milyon nağd pul verdiyi iddia olunmuşdu.

Bu yaxınlarda isə onun “Sədərək” rəhbərliyindən uzaqlaşması haqda məlumatlar dolaşırdı. Məlumatda deyilirdi ki, bazarda yalnız topdan satışla məşğul olanlar onlayn satışla məşğul ola bilərlər.

Əks təqdirdə, bu qaydaları pozanlar 2500 manat cərimə olunacaqlar. Qədiməliyevin konkret olaraq hansı səbəbdən bazar rəhbərliyindən uzaqlaşdırıldığı şərh edilmirdi.

Qədiməliyevin AMEA prezidenti Ramiz Mehdiyevlə yaxın olması və bazarda Prezident Administrasiyasının sabiq rəhbərinin paya məxsusluğu Ticarət Mərkəzinin əlindən alınmasına səbəb olub. Amma görünür ki, işinin başındadır və qardaşı pul yığır. Heç yerə getməyib..  xeberfakt.az

Bənzər xəbərlər

Gündəm

0.028707981109619