Feb 28

Abşeronun tender qalibləri, alınan “Tərəqqi” medalları və təmirsiz yolları

“Tenderlər keçirilən zaman icra başçısı özündən başqa kimi istəsə komissiyanın tərkibinə daxil edə bilər. O şəxs icra başçısının müavini də ola bilər. Qaliblər Tender Agentliyinin əməkdaşıyla birgə seçilir. Müəssisənin kimə məxsus olduğunu Tender Agentliyinin əməkdaşları ilk baxışdan bilməyə də bilər. Qanunvericilikdə də yetərincə boşluqlar var”.

Dövlət Satınalmaları Agentliyinin keçmiş əməkdaşı, iqtisadçı Vüqar Hüseynov belə deyir.

Bəzi tender qalibləri var ki, onların özləri belə bundan xəbərsiz olurlar. Abşeron rayonundakı yataqxanalardan birində yaşayan, məcburi köçkün Sadə Əmirxan qızı Vəliyeva kimi.

Sadə Vəliyeva bir gün kiçik və orta sahibkarların problemlərinin həll olunacağına ümid edir. Problemlərindən danışmasa da, dövlət tenderlərində iştirak etməsiylə bağlı suala belə cavab verib: “Bizim eləcə seximiz var. Özüm də fiziki şəxsəm. Heç vaxt da tenderdə iştirak etməmişəm”.

Saray qəsəbəsi, Vaqif Axundov 11 ünvanında qeydiyyatda olan müəssisələrdən biri “Xəyal LTD 2016” MMC-dir (vöen: 3101726001). Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Sadə Əmirxan qızı Vəliyevadır. Bu müəssisə 2016-cı ildə Abşeron Rayon İcra Hakimiyyətinin sifarişini həyata keçirib. Belə ki, MMC Xırdalan şəhər inzibati ərazi dairəsi üzə icra nümayəndəliyinin elan etdiyi ərzaq məhsullarının (çörək) satın alınması müsabiqəsini udub. Müsabiqənin məbləği 62 000 manat olub.

Saray qəsəbəsi, Vaqif Axundov 11 ünvanında qeydiyyatda olan şirkətlər

Saray qəsəbəsi, Vaqif Axundov 11 ünvanında qeydiyyatda olan şirkətlər

Mənbə: Meydan.TV

Bəs bu ünvanda daha kimlər və hansı tender qalibləri var?

2014-cü ildə Gülsüm Kamil qızı Mehrəliyeva fiziki şəxs olaraq Abşeron rayonunun keçirdiyi satınalmalarda iştirak edib. Rayonun icra hakimiyyəti başçısının Xırdalan şəhər inzibati ərazi dairəsi nümayəndəliyi üzrə keçirilən tenderin məbləği 51 000 manat olub. Müsabiqə çörək və un məmulatlarının satınalınması üçün keçirilib. Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən BXMF yataqxanasında qeydiyyatda olan G.Mehrəliyeva da 2015-ci ildə eyni gündə yaradılıb, bir-birinə eyni və fərqli hüquqi ünvanlarla bağlanan 100-ə yaxın müəssisənin əsas birləşdirici həlqələrindən biridir. Ancaq 2016-cı ildə G.Mehrəliyeva fiziki şəxs kimi yenidən dövlət satınalımasında iştirak edib. Bu dəfə Abşeron rayonunda yerləşən Məhəmmədi kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin ehtiyacı kənd təsərrüfatı və ərzaq məhsullarının satınalınması olub. Müsabiqəyə satınalma üçün 54 874 manatlıq dövlət vəsaiti ayrılıb.

Gülsüm Mehrəliyevanın qanuni təmsilçisi olduğu “Ayxan LTD 2016” MMC (vöen: 3101726261) 2015-ci ildə təsis olunub. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Saray qəsəbəsi, Vaqif Axundov küçəsi, ev 11-dir.

“Ayxan LTD 2016” MMC elə 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. 173 202 manatlıq tenderin məqsədi məktəbəqədər müəssisələrin ərzaqla (çörək) təmınatıymış.

Eyni hüquqi ünvanda yerləşən ikinci müəssisə “Aydan LTD 2016” MMC-dir. O “Ayxan LTD 2016” ilə eyni gündə 12 noyabr 2015-ci ildə təsis olunub. Nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Suğra Səlim qızı Zeynalovadır. S.Zeynalovanın adına daha bir müəssisə də rəsmiləşdirilib – “Mars 2016” MMC. Zeynalova Naxçıvanda Gülşənabad kəndində qeydiyyatdadır. “Mars 2016” MMC də tender qalibidir.

Suğra Səlim qızı Zeynalovanın özü də fiziki şəxs olaraq tender iştirakçısıdır. Belə ki, 2014-cü ildə Abşeron rayon Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin həyata keçirdiyi tenderin qalibi olub. Çörək, ərzaq və kənd təsərrüfatı məhsullarının alınması ona həvalə olunub. Bunun üçün isə dövlət büdcəsindən satınalma üçün 84 266 manat maliyyə vəsaiti ayrılıb. 2015-ci ildə S.Zeynalova Görədil kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin həyata keçiridiyi tenderin də qalibi olub. Ərzaq məhsullarının satın alınması üçün nəzərdə tutulan vəsait 7 081 manatdır.

Eyni hüquqi ünvanın digər “sakini” “Rəcəb LTD 2016” MMC-dir. Nizamnamə kapitalı 10 manat olan müəssisənin qanuni təmsilçisi Sevda Ələsgər qızı Vəliyevadır. Abşeron rayonunda 28-ci məhəllə, ev 31-də qeydiyyatda olan S.Vəliyevanın adına daha bir müəssisə də rəsmiləşdirilib. Bu, “Göyərçin 2016” MMC-dir (vöen: 3101732111).

Müəssisələrə keçmədən öncə qeyd edək ki, Sevda Vəliyeva da fiziki şəxs olaraq 2014-cü ildə Abşeron rayonu Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin elan etdiyi tenderin qalibidir. Satınalınan xidmət kənd məhsulları, ayrılan vəsait isə 88 436 manat olub.

“Rəcəb LTD 2016” MMC-də Abşeron rayonunun elan etdiyi tenderlərin qalibi sırasındadır.

Eyni ünvandan çıxan “Volqa 2016” MMC də dövlət müsabiqələrində iştirak edib. 2016-cı ildə Abşeron rayonunun dörd inzibati ərazisi üzrə satınalmaların qalibi olub. Bu satınalmalarda kənd təsərrüfatı və ərzaq məhsulları üçün 156 821 manat vəsaitlik xidmət udulub.

Mirqasımov küçəsindəki şirkətlər

Mirqasımov küçəsindəki şirkətlər

Mənbə: Meydan.TV

Tenderlərlə bağlı hansı məlumatlar işıqlandırılır?

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, saytlarda elektron satınalma portalı yaradılıb və o portal üzərindən elanlar, satınalma məlumatları verilir, amma korrupsiyanın miqyasını anlamaq üçün bu məlumatlar yetərli deyil: “Orda üç əsas məlumat açıqlanır: elanlar, satınalma planları və yekunda müqavilə üzrə məbləğlər verilir. Müqavilə açıqlanmır. İstər Abeşron rayonu, istər ölkə ərazisində ayrı-ayrı təşkilatlar olsun satınalma sahəsində şəfafflığı təyin etmək üçün, korrupsiyanın miqyasını görmək üçün yetərli deyil”.

Ekspertin fikrincə, korrupsiyanın miqyasını təyin etmək üçün 3 vacib məlumatın açıqlanması kifayətdir: “Birincisi, şirkətlərin benefisiar sahibləri açıqlanmalıdır, ikincisi, satınalma müqavilələri açıq olmalı, müqavilədə bütün texniki detallar öz əksini tapmalıdır. Hətta şirkətə qarşı ixtisas tələblərinə qədər, məbləğlərə, malların həcminə, strukturuna qədər öz əksini tapmalıdır. Üçüncüsü, şərtlər toplusu deyilən anlayış var, o da açıq olmalıdır”.

İqtisadçı ekspertin sadaladıqları tenderlərdə görünmür. Görünmədiyi üçün də fiziki şəxs olaraq qeydiyyatda olan qadınların bəzisi müəssisələrdə hüquqi şəxs kimi udmaqda davam ediblər.

Məsələn, “Əli Kommersiya ” MMC (vöen: 3101117511) 27 dekabr 2012-ci ildə yaradılıb. 2013-cü ildə isə Abşeron rayonunun Saray, Görədil, Ceyranbatan qəsəbəsi icra nümayəndəliyi üzrə satınalmalarda iştirak edib. Müxtəlif məbləğli tenderlərdə satın alınan xidmətlər kənd təsərrüfatı, eləcə də çörək və ərzaq məhsullarının alınması olub. Müəssisənin qanuni təmsilçisi Gülsüm Mehrəliyeva olub.

Hüquqi ünvanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti, ev 257 olan MMC ilə eyni ünvanda düz 29 fərqli müəssisə qeydiyyatdan keçib. Onların içində G.Mehrəliyevanın qanuni təmsilçisi olduğu müəssisələr olsa da, fərqli şəxslərin adına olan MMC-lər də var. Abşeron rayonunda fəaliyyət göstərən istilik təchizat müəssisələri bu ünvanda cəmləşib.

“Mətin-2013” MMC, “Sünbül-2013” MMC, “Əli Kommersiya” MMC, “Aygül-2013” MMC və “Səma-2013” MMC də bu müəssisələrin içindədir. Yuxarıda “Əli Kommersiya” MMC-dən bəhs edilsə də, digər müəssisələr də tender iştirakçılarıdır.

“Mətin-2013” MMC 2013-cü ildə Abşeron Rayonunun İcra Hakimiyyəti başçısının Güzdək, Perəkəşkül, Fatmayi, Digah, Hökməli, Məhəmmədi və Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin satınalmalarının qalibidir. Bu nümayəndəliklər üzrə elan olunan müsabiqədə alınacaq xidmət kənd təsərrüfatı məhsullarının satın alınması olub. Ümumi məbləğ isə 110 280 manat. Bu müəssisənin də nizamnamə kapitalı 10 manat, hüquqi nümayəndəsi isə Gülsüm Kamil qızı Mehrəliyeva olub.

“Aygül-2013” MMC də Xırdalan şəhəri inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 82 562 manatlıq tenderini udub. Satın alınan məhsul isə yenə də ərzaq məhsullarının alınması olub. Qanuni təmsilçisi Lətifova Almaz Mirələm qızı olan müəssisənin nizamnamə kapitalı 10 manatdır.

Bu dairənin sonuncusu olan “Səma-2013” MMC bir qədər fərqli ünvanda, Abşeron rayon Mərkəzi Xəstəxanasının keçirdiyi tenderin qalibidir. 89 718 manatlıq tenderdə alınacaq xidmət kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınması olub. Nizamnamə kapitalı 10 manat olan müəssisənin qanuni təmsilçisi Vəliyeva Sadə Əmirxan qızıdır.

G.Mehrəliyevanın qanuni təmsilçisi olduğu növbəti müəssisə “Qaranquş LTD 2016”dır (vöen: 3101735971). 18 noyabr 2015-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 30-dur. Bu ünvanda isə daha 11 MMC qeydiyyatdan keçib.

Həmin müəssisələrdən biri, “Sünbül LTD 2016” MMC (vöen: 3101735691) 2016-cı ildə keçirilən tenderdə iştirakçı olub. Sumqayıt Şəhər İcra Hakmiyyətinin elan etdiyi müsabiqədə məktəbəqədər uşaq müəssisələri üçün süd məhsullarının satına alınması həyata keçirilib. Bu xidmət üçün nəzərdə tutulan büdcə xərci isə 218 083 manat olub. “Sünbül LTD 2016” MMC-nin qanuni təmsilçisi də Sadə Vəliyevadır.

Hüquqi ünvanı eyni olub tenderdə iştirak edən digər müəssisə isə “Araz LTD 2016” Məhdud Məsuliyyətli Cəmiyyətdir (vöen: 3101735841). Qanuni təmsilçisi Asəf Nəsib oğlu Aslanov, nizamnamə kapitalı 10 manatdır. 2016-cı ildə Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin elan etdiyi tenderdə iştirak edib. Ərzaq məhsullarının satınalınması üçün elan olunan müsabiqədə 29 668 manatlıq satınalma xidməti təklif edib.

Müəssisələrin içində iştirakçı olan qanuni nümayəndələrin hər birinin adına ən azı üç müəssisə qeydiyyatdan keçirilib. Hər biri tenderdə iştirak etməsə də, iştirakçı olanları da var. Bəzi qanuni nümayəndələrin özləri fərqli hüquqi ünvanlarda müəssisə qeydiyyatdan keçirsələr də, öz evlərinin digər şəxslər tərəfindən hüquqi ünvan kimi göstərildiyi fərqli MMC-lər də var.

G.Mehrəliyevanın adının keçdiyi son dairə – “Halal Kommersiya” MMC-dir (vöen: 3100938861). 30 noyabr 2011-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektidir. Bu prospekt daha 18 müəssisənin hüquqi ünvanıdır.

“Halal Kommersiya” MMC-nin adı Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı satınalan təşkilatların tədarük və təchizatı portalında keçir. Onunla eyni gündə və eyni ünvanda yaradılan daha bir müəssisə isə “Aysel Kommersiya” MMC-dir (vöen: 3100938731). Nizamnamə kapitalı 10 manat olan müəssisənin də qanuni təmsilçisi Sadə Vəliyevadır. “Aysel Kommersiya” MMC 2012-ci ildə Abşeron rayonunun keçirdiyi tenderdə iştirak edib. Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi çörək və ərzaq məhsullarının satın alınması olub. Bu müsabiqəyə 112 262 manat vəsait ayrılıb.

Yeri gəlmişkən, ünvan qeydiyyatına görə Gülsüm Mehralıyeva ilə Sadə Vəliyeva qonşudur. Hər ikisi məcburi köçkün olan xanımlardan biri Xırdalan qəsəbəsi, ev 1B-də, digəri isə ev 2B-də qeydiyyatdadır.

Yeni halqa - Məsməxanım Əfsər qızı Rəşidova

“Gəncə Kommersiya 2009” MMC (VÖEN: 3100723271) elə 2009-cu idə yaradılıb. Nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Xırdalan şəhəridir. Qanuni təmsilçisi Məsməxanım Əfsər qızı Rəşidovadır. M.Rəşidovanın adına daha belə 6 müəssisə rəsmiləşdirilib.

Onun qanuni təmsilçisi olduğu və Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 257-də qeydiyyatdan keçən MMC-lərdən biri “Sünbül-2013” MMC-dir (vöen: 3101117771). 2013-cü ildə Abşeron rayonunun Novxanı, Mehdiabad, Qobu qəsəbə inzibatı ərazi dairəsi üzrə icra nümayəndəliyinin tenderlərinin qalibi olub. Kənd təsərrüfatı, çörək və ərzaq məhsularının satın alınması müsabiqəsinin ümumi xərc məbləği 118 549 manat olub.

M.Rəşidova Abşeron rayonu Saray qəsəbəsi, ev 200-də qeydiyyatdadır. Tenderlərdə adı keçən M.Rəşidova daha bir bağa da sahibdir.

Araşdırmanın I sayında Bioloji Təbabət Klinikasının qanuni təmsilçisi olan Elxan Ənvər oğlu Yaqubovun fəaliyyəti haqda qeyd olunub. Onun qanuni təmsilçisi olduğu “Planeta İstehsal-Kommersiya” Şirkəti ilə eyni ünvanda “Moon” Məhdud Məsuliyyətli Cəmiyyəti (vöen: 1402216211) də qeydiyyatdan keçib. Müəssisənin nizamnamə kapitalı 10 manat olmaqla 2012-ci ildə yaradılıb. Vergilər Nazirliyinin reyestr məlumatlarında “Moon” MMC-nin hazırkı qanuni təmsilçisi Xəyalə Elşad qızı Hüseynovadır. Müəssisənin keçmiş qanuni təmsilçisi Dinarə Əmirovna Zaitova, təsisçisi isə Ruslan Aslan oğlu Quliyevdir. “Moon Group-Az” MMC (VÖEN: 1502894791) isə “Moon”a bağlı olsa da, 2015-ci ildə rəsmi şəkildə qeydiyyatdan keçib. Baxmayaraq ki, müəssisənin rəsmi internet səhifəsində 2008-ci ildən fəaliyyətdə olduğu deyilir deyilir. Hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev, ev 26, məhəllə 1956-1989, mənzil 5-dir. Qanuni təmsilçisi Aysel İlham qızı Qəhrəmanovadır. Hüquqi nümayəndə soyad dəyişikliyinə uğrayıb. Belə ki, öncə Aysel İlham qızı Əliyeva olub. A.Əliyeva olaraq isə daha iki müəssisə onun adına rəsmiləşib – “Moon Group-Az”, hazırda “Moon print” MMC (VÖEN: 3101584471) və “M-Group” MMC (VÖEN: 5600203681).

“Moon print” hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, ev 20, Ə.Cavadov, mənzil 20-dir. Nizamnamə kapitalı 10 manat, 2015-ci ildə reyestrə düşüb.

“M-Group” isə 2014-cü ildə yaradılıb, nizamanamə kapitalı 2 manat, hüquqi ünvanı Yardımlı rayonu, Yardımlı şəhəri, Heydər Əliyev, ev 133A-dır.

Ruslan Aslan oğlu Quliyevin isə adına iki MMC rəsmiləşdirilib – “Tikinti Sənaye Xidmət” MMC (VÖEN: 1400908671) və “Pluton Reklam” MMC (VÖEN: 3101234781).

Tikinti Sənaye Xidmət MMC-nin nizamnamə kapitalı 20 manat, hüquqi ünvanı isə Nəsimi rayonu, Moskva prospekti, ev 82, mənzil 6-dır. Müəssisə 2006-cı ildə yaradılıb. Bu mənzildə Vidadi Məmmədmusa oğlu Cəfərov qeydiyyatdadır.

“Pluton Reklam” MMC-nin qeydiyyatdan keçdiyi ünvan – Abşeron rayonu, Xırdalan şəhəridir. Müəssisə yuxarıda adları sadalanan 23 müəssisə ilə eyni hüquqi ünvandadır.

“Tərəqqi” medalı alan dövlət işçiləri və ya icra hakimiyyətinə tabe qurum Abşerondakı yolların təmiri üçün nə qədər vəsait alıb?

2008-ci ildə ölkə başçısı Əhmədov Şəhriyar Mənaf oğlunu Abşeron rayonunun sosial-iqtisadi həyatındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edib. 2014-cü ildə isə bu medal Hüseyn Sovet oğlu Həsənovun da qismətinə düşür.

Hüseyn Həsənov Abşeron Rayon İcra Hakimiyyətinin birinci müavini Məhəmməd Sovet oğlu Həsənovun qardaşıdır. Bəzi mətbu orqanların yazdığına görə, onlar Abşeronun, hazırda isə Sumqayıt şəhərinin icra başçısı olan Zakir Fərəcovun bacısı oğlanlarıdır. H.Həsənov Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin rəisidi. Birliyin nəzdində olan Təmir-Tikinti Sahəsinin də rəisi Əhmədov Şəhriyar Mənaf oğludur. Vergilər Nazirliyinin reyestr məlumatlarında bu qurumun adı Abşeron Rayon Mənzil-Kommunal Birliyinin Nəzdində Təmir-Tikinti Sahəsi (vöen: 3100097271 ) kimi verilib. Ş.Əhmədovun qanuni təmsilçisi olduğu daha bir müəssisə isə “Abşeron İnşaat Servis” MMC-dir (vöen: 3100181811). Müəssisə Abşeron rayonunda yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olur.

“Abşeron İnşaat Servis” MMC-nin nizamnamə kapitalı 6 manat, hüquqi ünvanı Xırdalan şəhəri, 27-ci məhəllə, ev 2, mənzil 67, təsis olunduğu il isə 7 iyun 2005-ci ildir.

Abşeron rayon sakinlərinin israrla şikayət etdiyi rayondaxili yollar üçün dövlət satınalmalarında kifayət qədər iri vəsait ayrılıb və həmin vəsait məhz Mənzil-Kommunal Birliyin nəzdindəki idarəyə yönəldilib.

Son illər Abşeron rayonunda keçirilən tenderlər

2018-ci ildə Xırdalan şəhərində küçə işıqlarının təmiri ilə bağlı tenderdə 100 000 manat civarında (99 999.81 AZN) vəsait udulub. Bu tenderin qalibi “GOMEL-A.M.” MMC (vöen: 2904889731) olub. Xidməti sifariş edən isə Abşeron Rayon İcra Hakimiyyətidir.

Müəssisənin nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı isə Sumqayıt şəhəri, məhəllə 21, ev 33/40, mənzil 5, təsis olunma tarixi 4 may 2018-ci ildir. Müəssisənin qanuni təmsilçisi Amid Çingiz oğlu Məmmədovdur.

1996-cı il təvəllüdlü A.Məmmədov Masallı rayonunun Viləş kəndində qeydiyyatdadır. “GOMEL-A.M.” MMC (vöen: 2904889731) onun qanuni təmsilçi olduğu yeganə müəssisə deyil. Belə ki, eyni gündə və eyni hüquqi ünvanda “DALGIC-2018” MMC (vöen: 2904889861), “SAMMIT-TT” MMC (vöe n: 2904889601 ), “ESTANI-TT” (vöen: 2904889991) və “DUKER-SS” MMC-ləri (vöen: 2904889581) qeydiyyatdan keçirib. Bu ünvanda daha bir müəssisə eyni gündə qeydiyyatdan keçib – “KROTON-2018” MMC (2904884011). Qanuni təmsilçisi isə Sevda Ərziman qızı Rüstəmovadır.

2018-ci ilin digər satınalmasını “Anhel-1” MMC (vöen: 4501650101) gerçəkləşdirib. Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası üçün digər maşın və avadanlıqların alınması müsabiqəsini udub. Məbləğ 97 060 manatdır.

“Anhel-1” MMC də 2018-ci il yanvar ayının 18-də təsis olunub. Qanuni təmsilçisi Salahov Turqut Ceyhun oğlu, hüquqi ünvanı Quba rayonu, Alekseyevka kəndidir. Müəssisənin nizamnamə kapitalı 10 manatdır.

Bu da T.Salahovun qanuni təmsilçisi olduğu yeganə müəssisə deyil. Elə eyni gündə və eyni ünvanda daha 4 müəssisə qeydiyyatdan keçib: “SİLVER” MMC (vöen: 4501649971), “TUGELA”MMC (vöen: 4501649711), “PALACE COMPANY” MMC (vöen: 4501649841), “MASTER-M” MMC (vöen: 4501650081).

Yeri gəlmişkən, sadalanan müəssisələrdən başqa təşkilatlar da eyni ünvanda, fərqli qanuni nümayəndələrin adı ilə qeydiyyatdan keçib.

Abşeron Rayon Mərkəzi Xəstəxanası “Reklam-2017” MMC-ə iki xidmət sifariş edib. Biri xəstəxana üçün 72 200 manatlıq avadanlığın, digəri 61 938 manatlıq bərk inventarın satın alınması olub. “Reklam-2017” MMC (vöen: 6701031491 ) qanuni təmsilçisi Məmmədov Şahmurad Müşfiq oğlu, nizamnamə kapitalı 5 manat, qeydiyyata düşdüyü tarix 8 sentyabr 2017-ci ildir. Hüquqi ünvanı isə Saatlı rayonu, Musalı kəndidir.

Şahmurad Məmmədov 2019-cu il fevralın 12-də Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib verib. Buna da səbəb Vergilər Nazirliyinin vergi borcuna görə ona məhkəmə qaydasında ölkədən çıxma yasağı qoymasıdır. 2018-ci ildə 134 138 manatlıq tenderi udmuş müəssisənin qanuni təmsilçisinin vergi borcu olub. Ş.Məmmədovun qanuni təmsilçisi olduğu başqa müəssisələr də var.

Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə 2018-ci ildə 270 nəfər işçinin geyim və invertarlarının satın alınması xidməti lazım olub. Bunun üçün keçirilən tenderi “Drim LTD” udub və göstərəcəyi xidmət üçün alınacaq məbləğ 49 797 manatdır.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, “Drim LTD” 14 dekabr 2017-ci ildə təsis olunub. Nizamnamə kapitalı 5 manat, hüquqi ünvanı Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi, ev 1 olan müəssisənin qanuni təmsilçisi Ağa Buxsay oğlu Əmirovdur. O, 18 mart 2019-cu ildə Sumqayıt şəhər Apelyasiya Məhkəməsində pul tələbinə qarşı iddia qaldırıb.

“Drim LTD” ilə yanaşı A.Əmirov daha dörd MMC-nin qanuni təmsilçisidir. Bu müəssisələr də eyni gündə və eyni hüquqi ünvanda təsis olunub. Belə ki, “SUPER LİVE” MMC (vöen: 7701993871), “PRESENT LTD” MMC (vöen: 7701994121), “KİNG VVORLD” MMC (vöen: 7701994251), “KONTİNENT LTD” (vöen: 7701993611) nizamnamə kapitalı 5 manat olan müəssisələrdir.

Tender iştirakçısı olan növbəti müəssisə “Master-M” MMC, gerçəkləşdirdiyi xidmət isə yumşaq invertarların təminatıdır. Xidmətin sifarişçisi Abşeron Rayon Mərkəzi Xəstəxanası, məbləğ 44 500 manat olub. 2018-ci ildə gerçəkləşdirilən satınalmada iştirak edən müəssisənin qanuni təmsilçisi Turqut Ceyhun oğlu Salahovdur. Hansı ki, Abşeron Rayonu Mərkəzi Xəstəxanasına digər maşın və avadanlıqları alan “Anhel-1” MMC-nin də qanuni təmsilçisidir.

Bu, yeganə hal deyil. Abşeron Rayon İcra Hakimiyyəti Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin ehtiyacı olan dəftərxana və təsərrüfat mallarının satınalınmasını “KİNG VVORLD” MMC udub. Bu müəssisənin adı yuxarıda çəkilib. Ağa Buxsay oğlu Əmirovun qanuni təmsilçisi olduğu müəssisələrdən biridir.

Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi 2018-ci ildə Xırdalanda abadlıq işləri üçün “MVVL VP” MMC-nin xidmətini qəbul edib. Bu satınalmanın məbləği 1 345 395 manat olub.

Vergilər Naziriliyinin reyestr məlumatlarında “MVVL LP” MMC-nin (vöen: 1803233991) nizamnamə kapitalı 50 manat, hüquqi ünvanı isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər, ev 27C, mənzil 336A-dır. Qanuni təmsilçisi isə Pərviz Qurbanəli oğlu Eyvazovdur. Müəssisə dekabrın 1-i 2017-ci ildə təsis olunub.

P.Eyvazovun adına rastlanmasa da, “MVVL LP” MMC “BİG STORE” MMC (vöen: 2003292321) ilə eyni ünvanda qeydiyyatdadır. 20 fevral 2015-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 50 manatdır. Hazırda qanuni təmsilçisi Hafiz Ramiz oğlu Hüseynli, keçmiş qanuni təmsilçisi isə İlham Ələsgər oğlu Hüseynov olub.

2018-ci ildə “MVVL LP” MMC Xırdalan şəhərində yolların təmirinə ayrılan 849 998 manat, eyni zamanda mənzil fondunun təmir olunmasına ayrılan 370 000 manatlıq tenderlərin də qalibidir.

Qanuni təmsilçisi birdən artıq, eləcə də hüquqi ünvanında fərqli qanuni təmsilçilər olan MMC-lərdən biri “SOLİTAR-T 2017” MMC-dir (vöen: 1503546481). Qanuni təmsilçisi Faiq Əhəd oğlu Abbasov olan müəssisənin, nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı isə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 45, mənzil 16-dır. Müəssisə 14 aprel 2017-ci ildə təsis olunub. Abşeron Rayon İcra Hakimiyyətinin (ARİH) 2017-ci ildə keçirdiyi Xırdalan şəhərində görüləcək abadlıq işləri üçün 49 981 manatlıq satınalmanı udub. Bundan başqa, Qobu qəsəbəsində yolların təmiri üçün elan olunan 14 986 manatlıq tenderin də qalibidir.

“SOLİTAR-T 2017” MMC ilə eyni ünvanda daha 16 müəssisə qeydiyyatdan keçib. Bu müəssisələrdən üçünün qanuni təmsilçisi Faiq Əhəd oğlu Abbasovdur.

2017-ci il üçün daha bir iri məbləğli tenderi “ƏLAİ İnşaat” MMC (vöen: 2902959341) udub. Abşeron rayonunda çoxmənzilli binaların əsaslı təmir işlərinin satın alınması üçün keçirilən müsabiqənin məbləği 1 499 500 manat olub.

“ƏLAİ İnşaat”ın nizamnamə kapitalı 10 manat, qeydiyyat tarixi isə 13 yanvar 2014-cü ildir. Hüquqi ünvanı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 16A , mənzil 6, qanuni təmsilçisi isə Abıyev Nazim Rəsul oğludur. Mərkəzi Seçki Komissiyasının məlumatına görə bu ünvan Nazim Abıyevin qeydiyyatda olduğu ünvandır.

Nazim Abıyev daha bir müəssisənin qanuni təmsilçisi olub ki, bu da “RRV-İnşaat” MMC-dir. Bu müəssisə 2012-2014-cü illər ərzində Abşeron rayonunda keçirilən 25 679 393 manatlıq tenderlərin qalibi olub. “RRV-İnşaat” MMC (vöen: 2900595051) hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 15, mənzil 13, nizamnamə kapitalı isə 10 manatdır. Avqustun 23-ü 2005-ci ildə təsis olunan müəssisənin hazırkı qanuni təmsilçisi Əsgərov Ramil Əlikram oğludur.

“RRV-İnşaat” MMC-nin hüquqi ünvanı Hüseynov Rauf İslam oğlunun qeydiyyatda olduğu ünvandır. Rauf Hüseynov 2012-ci ildə İradə Gülməmmədova ilə eyni gündə “Tərəqqi” medalına layiq görülüb. Hazırda R.Hüseynov Abşeron Rayon İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinin rəisidir. İcra Hakimiyyətinə tabe olan bu qurum da tenderlərdə iştirak edib və böyük məbləğli satınalmaları udub.

Hüseynov Rauf İslam oğlu

Hüseynov Rauf İslam oğlu

Mənbə: Meydan.TV

Abşeron rayonunda keçirilən tenderlərin hamısına toxunmaq və onlardan yazmaq bir araşdırmaya sığmaya bilər və sığmadı da. Toxunulan məqamlar onlardan bir hissəsinə aiddir.

Hesablama Palatası 2016-cı ildə Abşeron Rayon İcra Hakimiyyətinin balansında olan Mənzil Kommunal Təsərrüfatını audit edib. Auditin nəticəsinə görə büdcə qanunvericiliyinin tələbləri ilə bağlı 31, 6 faizlik, əsaslı qoyuluşlar (tikinti) üzrə qanunvericiliyin tələbləri ilə bağlı 47,6 faizlik nöqsan olub. Yaranma mənbələri üzrə 297 191,5 manat büdcəyə bərpa edilib.

Abşeron rayonu dotasiya almır

“Ən maraqlı məsələ dotasiya məsələsidir. Abşeron gerçəkdənmi dotasiya olmadan yaşaya bilir? Rəsmi olaraq belədir. Bu gün bizim regionların, bölgələrin özü-özünü saxlaya bilməsi meyarları var”, -ekspert Rövşən Ağayev belə deyir.

Onun sözlərinə görə, bu meyarlar rayonların üç xərc maddəsini ödəməsindən asılıdır - yerli icra hakimiyyətinin, rayon ərazisindəki məktəbəqədər təhsil müəssisələrinin və Mənzil İstismar Sahələrinin saxlanması, eləcə də məişət tullantılarının toplanması, daşınması və s. bu meyarlara daxildir. Hansı rayon bu xərcləri qarşılayırsa, o rayon dövlət büdcəsindən dotasiya almayan hesab olunur.

“İndi mən sual verirəm, doğrudanmı, rayonların ehtiyac meyarları yalnız bu 3 xərc maddəsindən ibarətdir? Bəs səhiyyə xərcləri, orta məktəb təhsil xərcləri, meliorasiya, ekologiya və yaşıllaşdırma, ölkəmiqyaslı yox, rayondaxili yolların çəkilməsi xərcləri hara getdi? Bu meyar özü səhvdir” – ekspert deyir.

Abşeron Rayon İcra Hakimyyətinin başçısı İradə Gülməmədova və onun ailə üzvləri haqda olan araşdırmadan sonra sosial şəbəkələrdə fərqli fikirlər səslənib. Bu şərhlərin bəzisində oxucular rayonun dotasiya almadığını vurğulamağa başlayıb. Hətta ölkə başçısına təşəkkür məktubu yazan rayon ağsaqqallarından biri öz məktubunda rayonun dotasiya almadığını deyir.

Qobu sakini, qəsəbə ağsaqqalı Ədalət Ağayev: "Hörmətli cənab Prezident, əvvəla, rayon sakinləri və ağsaqqalları adından Sizə minnətdarlığımızı bildiririk. Sözün açığı, qəsəbimizin bir neçə küçəsinin əsaslı təmiri ilə bağlı Sərəncamınızı gözləmirdik. Bir anlıq şok yaşadım. Bəlkə də bunun bir səbəbi Abşeron rayonunun 8 ildir dövlətdən dotasiya almaması və qəsəbə daxili yolların təmrinin bələdiyənin balansında olması idi. Bu yollar bizim üçün önəmli olduğundan çox sevinirik. Allah da Sizi sevindirsin və bütün arzularınıza çatdırsın".

“Hökumətimiz deyir ki, 2020-ci ildə Abşeron rayonu üzrə gəlirlər 52 milyon manat, xərclər 17,1 milyon manat nəzərdə tutulub. Belə görünür ki, Abşeron rayonu nəinki özünü saxlaya bilir, hətta özünü saxlayandan sonra 35 milyon manat da dövlət büdcəsinə pul qaytarır. Bu, məntiqidir? Bu məntiqsizlikdir. Ona görə məntiqsizlikdir ki, büdcə sistemi haqda qanunvercilikdə yerli səviyyədə xərc və xərc öhdəlikləri müəyyən olunmalı idi ki, hansı xərclər yerli, hansı xərclər ölkə miqyaslı xərclərdir”, –Rövşən Ağayev deyir.

Onun sözlərinə görə, müdafiə xərcləri ölkəmiqyaslı xərclərdir, ancaq rayonda yolların çəkilməsi, yaşıllıqların salınması, sosial təminat- pensiya xərcləri hamısı mərkəzi xərclər sayılır: “Məntiq belədir ki, hansı icra hakimiyyəti Mənzil Təsərrüfatı İstismar Sahəsini, bağçaların və öz aparatlarının saxlanması xərclərini ödədisə, avtomatik olaraq dotasiyasız idarə olunan rayon hesab olunur. Ona görə də bizim dotasiyalı və dotasiyasız rayon anlayışımızın problemi qanunvericiliklə bağlıdır. Qanunvericiliyimiz təkmilləşməlidir”.

Ekspert deyir ki, yerli xərc ehtiyacları və yerli xərc öhdəlikləri anlayışları ayrılmalıdır:

“Orta məktəb yerli xərcdir, amma bizim büdcə sistemimizdə yerli səviyyəli xidmət mərkəzi xərc sayılır. Abşeron bu gün orta təhsil, yaşıllaşdırma, abadlaşdırma, infrastrukturun, əsas yolların çəkilməsi xərclərini götürsə, dotasiyalı rayon sayıla bilməz. Ola bilər ki, elə yol layihəsi olsun ki, o yerli əhəmiyyətli olmasın. Məsələn, Bakı-Rostov yolu. Bu yola çəkilən xərc ölkə əhəmiyyətli olduğu üçün mərkəzi büdcənin öhdəliyidir. Xırdalanın içindən çəkilən yolun xərci isə mərkəzi büdcənin hesabına olmamaldır”.

Meydan TV

Bənzər xəbərlər

Gündəm

0.044747829437256