Feb 15

Həkimlər Ramin Bayramlıdan şikayətçidir - İDDİA

Atalar “köçən yurdun qədrini düşən yurdda bilərlər” deyiblər. Doğrudan da fəaliyyətə başlamasından cəmisi 1 ay keçməsinə baxmayaraq artıq Səhiyyə nazirliyinə rəğbət hissi yaradan TƏBİB-in iş prinsipi bunu deməyə əsas verir. Xatırladım ki, Azərbaycan mediasında səhiyyə sistemi,bilavasitə nazirlik və nazir barəsində bəlkə də ən sərt tənqidləri yazan mən olmuşam. Bu gün də eyni fikirdəyəm ki, bu sahədə total problemlər hökm sürür və mütləq əsaslı islahatlar aparılmalıdır. Mən də TƏBİB-in yaradılması, fəaliyyət prinsipləri elan olunanda ümüdlənmişdim. Düşünürdüm ki, yeni yaradılan qurum şəffaflığı təmin etməklə illərdir cəmiyyətdə narazılıq doğuran səbəbləri kökündən ləğv etməyə müvəffəq olacaq. Nəhayət ki,bu ölkədə normal bir tibbi xidmət görmək hamının arzusudur. Yeni yaradılan qurumun özündən əvvəlki təcrübələrdən yararlanaraq (ASAN, ABAD,DOST) yeni bir brendə çevriləcəyini düşünmək olardı. Ta ki,2020-ci ilin yanvar ayı başlanana qədər.
İlin əvvəlindən başlanan icbari tibbi sığorta (İTS) 23 şəhər və rayonda tətbiq olunur. Ötən 40 gün ərzində bizim TƏBİB-ə bəslədiyimiz ümüdlərin də 40-ı çıxdı. 40 yaşlı Ramin Bayramlının rəhbərlik etdiyi quruma bəslənən inam artıq fiaskoya uğrayıb. İslahatlara ilk zərbə elə onları həyata keçirməyə məsul olanlardan gəldi desək yanılmarıq.
Ötən müddət ərzində TƏBİB-in fəaliyyətindən gəlinən ilkin qənaət nədən ibarətdir? Öncə qeyd edək ki, işlərin düzgün qurulmaması nəticəsində İTS tətbiq edilən ərazilərdə xaotik bir şərait yaranıb. Xəstələr pulsuzdur deyib xəstəxanalara axın edir,həkimlər də eynilə pulsuzdur deyərək xəstələrə baxmırlar! Əksər xəstəxanalarda çalışan tanınmış həkimlər iş yerlərindən uzaqlaşırlar. Xəstəxanalarda kortəbii növbələr yaranır, nəticədə təcili müayinəyə ehtiyac duyanlar məcburən özəl klinikalara müraciət etmək məcburiyyətinddə qalırlar.
Tibb müəssisələrində ciddi dərman çatışmazlığı hökm sürür. Hətta ən adi preparatlar belə tapılmır. Pulsuz tibbi xidmətin “həzzi” xəstələrin burnundan gətirilir. Əldə etdiyimiz məlumatlara əsasən, tam əminliklə söyləyə bilərik ki, TƏBİB-in fəaliyyəti yerlərdə ciddi narazılıqlar formalaşdırır. Sanki qaş qayırmaq yerinə vurub gözünü də çıxarıblar. Prezidentin başlatdığı islahatlar paketində xüsusi yer tutan səhiyyə sistemi və TƏBİB gözləntiləri yerdən-yerə vurdu.
Ramin Bayramlı işləri düzgün qura bilmədiyindən İTS sahəsində xaos yaranıb. Milyonların xərcləndiyi bir sistem çökməkdədir. Hesab edirik ki, və eyni zamanda apardığımız sorğular və araşdırmalar bunu deməyə əsas verir ki, vəziyyəti düzəltmək üçün İTS səhiyyə nazirliyinin tabeliyinə qaytarılmalıdır. Bu sahəyə nəzarət nazirliyə verilməlidir. Pis-yaxşı indiyə qədər Səhiyyə nazirliyi problemləri həll edirdi. Ramin Bayramlının TƏBİB-i isə nəinki xəstələri,həkimləri də pərən-pərən salıb. Belə getsə dövlət tibb müəssisələrində həkim qalmayacaq.
R.Bayramlının komandası “ucuz ətin şorbası” misalı İTS-nı hamının gözündən salmaqla məşğuldur. Təcili tədbirlər görülməzsə qonşu ölkələrə üz tutan xəstələrə həkimlər də qoşulacaq.
Rubrika.Az

Bənzər xəbərlər

Gündəm

0.13319802284241