İran rəsmisi: Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir
“İran hakimiyyəti İsfahana pilotsuz uçuş aparatları ilə hücumun arxasında xarici qüvvələrin dayandığını qəsdən gizlədir”.
Mozalan.az-ın “Al-Hurra” Agentliyinə istinadən xəbərinə görə, bunu həmin ölkənin hərbi dairələrində təmsil olunan yüksək vəzifəli məmurlarından biri deyib.
Adının açıqlanmasını istəməyən şəxs bildirib ki, rəsmi Tehran xarici qüvvələrə məxsus üç pilotsuz uçuş aparatının vurulduğunu ictimaiyyətə açıqlamaqdan çəkinir:
“Bu məsələni gah təxribat, gah da dövlət sərhədinin pozulması kim təqdim etmək istəyirlər. Lakin İsfahandakı faktlar onu göstərir ki, pilotsuz uçuş aparatları ilə hücum İsrail ərazisindən həyata keçirilib”, – İran ordusunun rəsmisi belə deyib.
O, İran mediasının yaydığı xəbərlərdə baş verənlərin insident kimi təqdim edilməsinin doğru olmadığını da bildirib. Sözü gedən xəbər agentliyinin əldə etdiyi daha bir informasiyaya görə, pilotsuz uçuş aparatlarından ikisi İraqın İranla sərhəddə yerləşən Vasit əyalətində, biri isə paytaxt Bağdada yaxın ərazidə yerə düşüb.
“Al-Hurra”ya açıqlama verən İsrailin ordu rəsmilərindən biri isə ölkəsinin bu məsələdəki rolu barədə suala cavab vermək istəməyib.
Qeyd edək ki, İsraildə nəşr olunan “The Jerusalem Post” qəzeti baş verənlərin İsraildən idarə olunduğunu yazıb. Məqalədə bu addımın qisas xarakteri daşıdığı vurğulanıb.