Rusiya telekanalı İlham Əliyevin seçkidə inamlı qələbəsi ilə bağlı süjet hazırladı - VİDEO
“İstər hərbi formada, istərsə də kostyumda - hər zaman qüsursuz geyinən Azərbaycan Prezidenti İlham Əliyev prezident seçkisində aşkar üstünlüklə qalib gəldi”.
Mozalan.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Rossiya 1” kanalının müxbiri Andrey Qriqoryevin Bakıdan hazırladığı videosüjetdə deyilir.
Reportaj Prezident İlham Əliyevin şəxsi sərəncamı ilə tikilən, hazırda isə Azərbaycan sənayesinin flaqmanına çevrilən Bakı Gəmiqayırma Zavodunda kiçik ekskursiya ilə başlayır.
“Sahəsi yetmiş iki hektardır - yüzdən çox futbol meydançası boyda... Belə müəssisələr üçün məhsuldarlıq misilsizdir - ildə bir gəmi. Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyev deyir ki, onlar rusiyalı həmkarları ilə, gəmiqayırma zavodlarının rəhbərləri ilə daim təmasda olurlar, təcrübə mübadiləsi aparırlar. Bu, Rusiya gəmiqayırma zavodlarının “çay-dəniz” sinfində təcrübəsidir. Eləcə də getdikcə artan Xəzər hövzəsinin ticarət dəhlizi kimi rolu apriori iki ölkə arasında əməkdaşlığı qaçılmaz edir”.
Süjetdə bildirilir ki, Xəzər dənizinin ən böyük və ən müasir gəmiqayırma zavodu hələlik yalnız Azərbaycanın ehtiyacları üçün məhsul istehsal edir.
“Yanalma körpüsündə sualtı quraşdırma işləri üçün unikal “Xankəndi” gəmisi (burada inşa edilib) dayanır. “Laçın” və “Kəlbəcər” tankerləri stapeldən (üzərində gəmi inşa edilib suya salınan yer, mail körpü) çıxıb. Dokda daha biri - “Zəngilan” gəmisi suya salınmağa hazırlaşır. Bütün bunlar, yeri gəlmişkən, Qarabağdakı yaşayış məntəqələrinin adlarıdır”.
Süjetdə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisinə də toxunulub. Bildirilib ki, İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün illərdə rayonların qaytarılması prioritet məsələ olub. Buna görə də o, bütün ailəsi ilə Qarabağda yerləşən 14 saylı seçki məntəqəsinə səs verməyə gedib.
“İlham Əliyevin hazırkı yeddiillik prezidentlik müddəti 2025-ci ildə başa çatır. Azərbaycan Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra erkən seçki təyin edilib. Seçkilərdə rekord sayda 77 faiz seçici iştirak edib, seçki bülletenləri üçün növbələr yaranıb”.
Süjetdə bundan sonra seçkinin nəticələri və bunun sakinlər arasında doğurduğu coşquya, həyəcana yer verilib.
Qriqoryev buna baxmayaraq, həm Qarabağ müharibəsinin sonunun, həm də ardınca keçirilən prezident seçkisinin Qərbdə yalnız neqativlərə səbəb olduğunu vurğulayıb:
“ATƏT-dən olan müşahidəçilər - faktları dərc etmədən, əsassız olaraq səsvermənin şəffaflıqla bağlı ciddi suallar və şübhələr yaratdığını elan etdilər.
İlham Əliyev bununla əlaqədar dedi ki, bu, hamıya demokratiya, bərabərlik, ədalət, insan haqları öyrətməyə çalışanların əsl simasını bir daha ortaya qoyur. “Hiylə, riyakarlıq, mənfəətpərəstlik - mən bunu belə xarakterizə edərdim”, - deyə İlham Əliyev vurğulayıb”.
Daha ətraflı süjetdə: