Feb 07

Koreya və Çindəki səfirliklərimizdə prezident seçkisi ilə əlaqədar səsvermə başlayıb - YENİLƏNİB + VİDEO

Azərbaycanın Çindəki səfirliyində yerli vaxtla saat 08:00-dan etibarən prezident seçkisində səsvermə başlanıb.

Bu barədə “Report”a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb.

“Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ölkəmizdə keçirilən ilk növbədənkənar prezident seçkisi ölkə hüdudlarından kənarda yaşayan vətəndaşlarımız üçün də xüsusi əhəmiyyət kəsb edir. Suveren, müstəqil və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan vətəndaşları seçkiyə bayram əhvali-ruhiyyəsində qatılırlar”, - Azərbaycanın diplomatik missiyasından vurğulanıb.

03:52

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkisi ilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən, səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyində yaradılan məntəqə seçki komissiyasında başlayıb.

“Report” xəbər verir ki, səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır.

Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilərlər. Səsvermə yerli vaxtla saat 19:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkisində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-nin Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq.

Müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri olan növbədənkənar prezident seçkisi Müzəffər Azərbaycan Ordusunun tarixə qızıl hərflərlə yazılan Qarabağ zəfəri sayəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ilk seçkidir.

Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkisində səsvermə hüququ olan seçicilərin ümumi sayı 6 milyon 478 min 623 nəfərdir. Seçicilər 6 min 537 məntəqədə səs verəcəklər. Ölkə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkündür. Seçkini izləmək üçün, ümumilikdə 90 minə yaxın müşahidəçi qeydiyyatdan keçib ki, onlar arasında müxtəlif dövlətlərin, beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT-in, MDB-nin, Şanxay Əməkdaşlıq Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının, nümayəndələri də var. Bundan başqa, “Associated Press”, BBC, “Əl-Cəzirə”, “Kyodo” da daxil olmaqla, 30-dan çox xarici media qurumu seçkini işıqlandıracaq.

Növbədənkənar prezident seçkisində üç təşkilat “exit-poll” keçirmək üçün müraciət edib.

06.02.2024 - 23:28

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində saat qurşağına görə səsvermə Cənubi Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində başlayacaq.

“AZTV Xəbər”in xüsusi müxbiri Cənubi Koreyanın paytaxtı olan Seuldan seçki ilə bağlı ən son məlumatları çatdırıb.

Qeyd edək ki, Azərbaycanda fevralın 7-ə növbədənkənar prezident seçkisi təyin olunub. Seçkidə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaqlar.

Ətraflı süjetdə:

Bənzər xəbərlər

Gündəm

0.10803294181824