Qərbi Azərbaycan Xronikası: Şaman adətlərini İslam inancları ilə birgə yaşadan Qaraqoyunlu eli - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Mozalan.az xəbər verir ki, “Gölkənd - qədim türk irsini yaşadan Qaraqoyunlu eli” adlı bugünkü buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, memarlıq, tətbiqi-dekorativ sənəti, xalq yaradıcılığı, toponimləri araşdırılıb.
Verilişdə toylu-busatlı Gölkənd elində bayramlar, şadlıq törənləri, qədim türk izləri – məbədlər, qəbirlər göstərilir, Azərbaycan Qaraqoyunlular xəndanı, Ağqoyunlulara məğlub olan Qaraqoyunluların pərən-pərən düşməsindən bəhs olunur.
Bildirilir ki, Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı Qərbi Azərbaycanın gözəl guşələrindən biri olaraq indiki Ermənistan SSR-in İcevan (Karvansaray) və Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olan Gölkənd adından da məlum olduğu kimi, öz adını burada olan təbii göllərdən alıb. Kənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı dörd göl olub.
Verilişdə göllərin əhatəsində olan Gölkənddən, cənnət Qafqazdan Anadoluya köçlərin sirri, nəqşibəndilik və nigarilik təriqətlərinin təsiri ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.
Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği, kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə: