Oct 06

İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə bağlı əsasnamə təsdiqlənib

Azərbaycan Prezidenti İlham Əliyev icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.

Əsasnamədə deyilir:

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – Konstitusiya Qanunu) 27.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, habelə digər dövlət orqanları, eləcə də nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (bundan sonra – dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, mərkəzi icra hakimiyyəti orqanlarının (bundan sonra – icra hakimiyyəti orqanları) normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, təqdim edilməsi, qəbul edilməsi və dərc edilməsi ilə bağlı məsələləri tənzimləyir.

1.2. Bu Əsasnamənin müddəaları həmçinin aşağıdakı hallarda tətbiq olunur:

1.2.1. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi ilə əlaqədar dövlət orqanları (qurumları) tərəfindən qanun layihələrinin hazırlanması, razılaşdırılması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi zamanı;

1.2.2. dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları layihələrinin hazırlanması, razılaşdırılması, təqdim edilməsi, qəbul edilməsi və dərc edilməsi zamanı.

1.3. Bu Əsasnamədə başqa hal nəzərdə tutulmamışdırsa, bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hazırlanan normativ hüquqi akt layihələrinə şamil edilmir.

1.4. Konstitusiya Qanununun 48.7-ci maddəsinə uyğun olaraq, normativ hüquqi akt layihələrinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamənin tələbləri nəzərə alınmaqla “Normativ hüquqi aktlar” informasiya sistemi vasitəsilə həyata keçirilir.

1.5. Dövlət sirrini əks etdirən normativ hüquqi akt layihələrinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsinə bu Əsasnamənin 1.4-cü bəndi tətbiq edilmir.

1.6. Bu Əsasnamədə istifadə edilən anlayışlar Konstitusiya Qanununda müəyyən olunmuş mənaları ifadə edir.

2. Normativ hüquqi akt layihəsinin hazırlanması

2.1. Normativ hüquqi akt layihəsinin hazırlanmasının ümumi qaydası Konstitusiya Qanununun 45-ci maddəsi ilə müəyyən edilir.

2.2. Normativ hüquqi akt layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin I hissəsinə uyğun olaraq hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmaqla və Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən edilmiş normayaratma fəaliyyətinin əsas prinsipləri nəzərə alınmaqla hazırlanır.

2.3. Normativ hüquqi akt layihəsi dövlət orqanının (qurumunun) hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır. Sahələrarası məsələlərə aid normativ hüquqi akt layihəsi hazırlanarkən dövlət orqanlarının (qurumlarının) həmin sahələrə aid olan struktur bölmələri ilə razılaşdırılmalıdır. İnzibati ərazi vahidinin mənafeyi və həmin inzibati ərazi vahidində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) səlahiyyətləri ilə bağlı normativ hüquqi akt layihəsi hazırlanarkən həmin dövlət orqanları (qurumları) bu işə cəlb olunurlar.

2.4. Azərbaycan Respublikasının Prezidenti və (və ya) Azərbaycan Respublikasının Nazirlər Kabineti normativ hüquqi akt layihəsinin hazırlanmasını dövlət orqanlarına (qurumlarına), habelə bu məqsədlə yaradılmış müvəqqəti komissiyalara və ya işçi qruplara tapşıra, habelə layihənin hazırlanmasına müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.

2.5. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanına (qurumuna) normativ hüquqi akt layihəsinin hazırlanması tapşırıldıqda, tapşırıqda icra müddəti qeyd edilməklə, həmin dövlət orqanı (qurumu) əsas icraçı kimi müəyyən olunmalı və layihənin razılaşdırılması vacib olan digər dövlət orqanları (qurumları) göstərilməlidir.

2.6. Normativ hüquqi akt layihəsinin hazırlanmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığında əsas icraçı qismində müəyyən olunan dövlət orqanının (qurumunun) rəhbəri əsas icraçının və (və ya) tapşırığın dəyişdirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş nazirinə müraciət edə bilər.

2.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığının icra müddətinin ilk üçdə bir hissəsi ərzində (bu Əsasnamənin 2.8-ci bəndi nəzərə alınmaqla) əsas icraçı tərəfindən müvafiq normativ hüquqi akt layihəsi hazırlanmalı və razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilməlidir. Tapşırığın icra müddətinin qalan hissəsində normativ hüquqi akt layihəsi bu Əsasnamənin 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla razılaşdırılmalı və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmalıdır.

2.8. Normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın müəyyən olunmuş müddətdə icrası mümkün olmadıqda, tapşırığı icra edən bunun səbəbləri və tapşırığın icra tarixini göstərməklə, yuxarı dövlət orqanına tapşırığın icrasının başaçatma tarixindən azı 7 (yeddi) iş günü əvvəl məlumat verməlidir.

2.9. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi ilə bağlı göndərilən təklifə, həmçinin baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsinə ən geci 3 (üç) ay müddətində, əlavə araşdırma tələb olunduqda isə 6 (altı) aydan gec olmayaraq baxılmalıdır (münasibət bildirilməlidir). Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin məktubunda normativ hüquqi akt layihəsinin hazırlanması və ya yenidən işlənilməsi, habelə normativ hüquqi akt layihəsinə baxılması (münasibət bildirilməsi) üçün daha qısa müddət müəyyən edilə bilər.

2.10. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə icra hakimiyyəti orqanlarının təsdiq edilmiş (qüvvəyə minmiş) normativ hüquqi aktlarının təkmilləşdirilməsi, aşkar edilmiş boşluqların, ziddiyyətlərin və digər nöqsanların aradan qaldırılması ilə bağlı göndərilən təkliflər nəzərə alınmalı və ən geci 1 (bir) ay müddətində müvafiq normativ hüquqi aktlarda dəyişiklik edilməsi və ya onların ləğv edilməsi ilə bağlı tədbirlər görülməli, nəticəsinə dair məlumat, təkliflərin nəzərə alınması mümkün olmadıqda isə bu barədə əsaslandırılmış cavab məktubu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir.

3. Normativ hüquqi akt layihəsinin razılaşdırılması

3.1. Normativ hüquqi akt layihəsinin razılaşdırılmasının ümumi qaydası Konstitusiya Qanununun 46-cı maddəsi ilə müəyyən edilir.

3.2. Normativ hüquqi akt layihəsi müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları, habelə aidiyyəti üzrə digər dövlət orqanları (qurumları) ilə, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının layihələri həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə, dövlət büdcəsinin gəlir və xərclərinə təsir edən normativ hüquqi akt layihəsi maliyyə ekspertizasının keçirilməsi məqsədilə həmçinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.

3.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qəbul (təsdiq) edilmək üçün göndərilən normativ hüquqi akt layihəsi və ya normativ hüquqi akt layihəsinə dair təkliflər aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş həmin normativ hüquqi akt layihəsini və ya təklifləri müvafiq olaraq razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərmədən ən geci 15 (on beş) gün müddətində müvafiq olaraq qəbul (təsdiq) edir və ya nəzərə alır. Belə layihədə dəyişiklik yalnız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının razılığı ilə edilə bilər.

3.4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikasının Nazirlər Kabinetinə baxılması (münasibət bildirilməsi) üçün göndərilən normativ hüquqi akt layihəsi aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılır.

3.5. Yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları (qurumları) ilə razılaşdırıldıqdan sonra edilə bilər (bu Əsasnamənin 3.3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.

3.6. Bu Əsasnamənin 3.7-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında digər hal nəzərdə tutulmadıqda, razılaşdırılmaq üçün göndərilən normativ hüquqi akt layihəsinə müvafiq dövlət orqanı (qurumu) onun daxil olduğu gündən 60 (altmış) gün müddətində, təkrar razılaşdırılmaq üçün göndərildikdə isə həmin layihəyə onun daxil olduğu gündən 30 (otuz) gün müddətində münasibət bildirməlidir.

3.7. Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarında normativ hüquqi akt layihəsinin hazırlanması üçün 3 (üç) ay və ya daha az müddət müəyyən edildikdə, razılaşdırılmaq üçün göndərilən həmin layihəyə müvafiq dövlət orqanı (qurumu) onun daxil olduğu gündən 10 (on) gün müddətində, təkrar razılaşdırılmaq üçün göndərildikdə isə həmin layihəyə onun daxil olduğu gündən 5 (beş) gün müddətində münasibət bildirməlidir.

3.8. Razılaşdırılma haqqında məlumat bu Əsasnamənin 3.6-cı və 3.7-ci bəndləri ilə müəyyən edilmiş müddətlərdə təqdim edilmədikdə və Konstitusiya Qanununun 46.5-ci maddəsinə uyğun olaraq razılaşdırılma müddəti uzadılmadıqda, normativ hüquqi akt layihəsi razılaşdırılmış və vizalanmış hesab olunur.

3.9. Razılaşdırılmaq üçün göndərilən normativ hüquqi akt layihəsinə razılıq verilməsi və ya verilməməsi, o cümlədən irad və təkliflər barədə cavab məktubu müvafiq dövlət orqanının (qurumunun) rəhbəri (o olmadıqda isə onun vəzifələrini icra edən şəxs) tərəfindən imzalanmalıdır. Digər şəxslər tərəfindən imzalanmış cavab məktubu nəzərə alınmır.

3.10. Normativ hüquqi akt layhəsinin razılaşdırılması zamanı dövlət orqanının (qurumunun) irad və təklifləri olduqda, onlar əsaslandırılmalı və ya təklif edilən normativ göstərişlərlə razılaşmadıqda, normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementi normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə olunmalıdır.

3.11. Normativ hüquqi akt layihəsinin razılaşdırılması zamanı hüquqi cəhətdən əsaslandırılmamış irad və təkliflərə baxılmır.

3.12. Normativ hüquqi akt layihəsinin razılaşdırılması zamanı aşağıdakı hallarda irad və təkliflər nəzərə alınmaya bilər:

3.12.1. irad və təkliflər aidiyyəti dövlət orqanının (qurumunun) fəaliyyət istiqamətlərindən irəli gəlmədikdə;

3.12.2. irad və təkliflər normativ hüquqi akt layihəsinin hazırlanması ilə bağlı tapşırığın predmetinə uyğun olmadıqda.

3.13. Normativ hüquqi akt layihəsinin razılaşdırılması zamanı müvafiq dövlət orqanı (qurumu) tərəfindən bildirilmiş irad və təkliflər nəticəsində normativ hüquqi akt layihəsi əsaslı dəyişikliyə məruz qaldıqda, layihə təkrar razılaşdırılmaq üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərilir.

3.14. Normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair fikir ayrılıqları olduqda, həmin layihə əsas icraçısı olan dövlət orqanının (qurumunun) rəhbəri və ya onun razılığı ilə müavini tərəfindən aidiyyəti dövlət orqanlarının (qurumlarının) rəhbərləri və ya onların müavinləri ilə iclas keçirilməklə müzakirə edilir. Layihənin müzakirəsinin nəticəsi iclas protokolu ilə rəsmiləşdirilir. Protokolda layihəyə razılıq verilməsi, razılıq əldə edilmədikdə isə bununla əlaqədar icraçıların rəyləri əks olunur. Protokol iclas iştirakçıları tərəfindən imzalanır.

3.15. Dövlət orqanları (qurumları) tərəfindən hazırlanmış normativ hüquqi akt layihələri (əldə olunması qanunla məhdudlaşdırılan informasiyaları əks etdirən layihələr istisna edilməklə) razılaşdırılmağa göndərildiyi andan Elektron Hökumət İnformasiya Sistemində, lisenziya və icazə verən orqanların hazırladığı sahibkarlıq sahəsinə aid normativ hüquqi aktların layihələri həmçinin “Lisenziyalar və icazələr” portalında yerləşdirilir. Bu zaman normativ hüquqi akt layihələrinə dair verilən təkliflər məqsədəuyğun hesab edildikdə nəzərə alınır.

3.16. Normativ hüquqi akt layihəsi razılaşdırıldıqdan (təkrar razılaşdırıldıqdan) dərhal sonra əsas icraçı tərəfindən vizalanmaq üçün layihəyə razılıq vermiş dövlət orqanlarına (qurumlarına) göndərilir. Həmin layihə dövlət orqanına (qurumuna) daxil olduğu gündən ən geci 7 (yeddi) gün keçənədək dövlət orqanının (qurumunun) rəhbəri (o olmadıqda isə onun vəzifələrini icra edən şəxs) tərəfindən vizalanmalıdır, əks halda layihə vizalanmış hesab olunur. Bu zaman dövlət orqanının (qurumunun) əlavə irad və təklifləri olduqda, bununla bağlı əsaslandırılmış rəyi və normativ hüquqi aktın layihəsi və ya onun ayrıca struktur elementinin təklif edilən redaksiyası normayaratma texnikasının müəyyən edilmiş qaydalarına uyğun əlavə edilməklə təqdim olunan layihə vizalanır.

3.17. Bu Əsasnamənin 3.16-cı bəndinə uyğun olaraq normativ hüquqi akt layihəsinin vizalanması zamanı müvafiq dövlət orqanının (qurumunun) əsaslandırılmış rəyi nəticəsində normativ hüquqi akt layihəsi əsaslı dəyişikliyə məruz qaldıqda, bu Əsasnamədə nəzərdə tutulmuş qaydada layihənin təkrar razılaşdırılması və vizalanması həyata keçirilir.

3.18. Bu Əsasnamənin 3.14-cü bəndinə uyğun olaraq normativ hüquqi akt layihəsinin müzakirəsi nəticəsində razılıq əldə etmək mümkün olmadıqda, digər dövlət orqanları (qurumları) tərəfindən vizalanmış layihə, ona razılıq verməyən icraçıların rəylərini əks etdirən iclas protokolu və Konstitusiya Qanununun 48.2-ci maddəsində göstərilənlər əlavə olunmaqla, Azərbaycan Respublikasının Baş nazirinə təqdim edilir. Bu qaydaya əməl edilmədən təqdim olunan sənədlər əsas icraçıya geri qaytarılır.

3.19. Razılıq əldə edilməsi mümkün olmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair qarşılıqlı həllin tapılması məqsədilə Azərbaycan Respublikası Baş nazirinin tapşırığı ilə onun müavini və ya Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin yanında Aparatın müvafiq struktur bölməsinin (bölmələrinin), layihənin əsas icraçısının, habelə aidiyyəti dövlət orqanları (qurumları) rəhbərlərinin (onların müavinlərinin) iştirakı ilə müzakirə aparılır və nəticələr protokollaşdırılır. Müzakirə nəticəsində razılıq əldə etmək mümkün olmadıqda, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini və ya Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən Azərbaycan Respublikasının Baş nazirinə məlumat verilir. Müzakirə nəticəsində qarşılıqlı həlli tapılmayan normativ hüquqi akt layihəsinə və ya onun ayrıca struktur elementinə dair Azərbaycan Respublikasının Baş naziri aşağıdakı tədbirlərdən birini görür:

3.19.1. razılığın əldə edilməməsi normativ hüquqi akt layihəsinin və ya onun ayrıca struktur elementinin qəbul edilməsinin məqsədəuyğunluğu ilə bağlıdırsa, layihəyə və ya onun ayrıca struktur elementinə dair öz qərarını həyata keçirir;

3.19.2. razılığın əldə edilməməsi qüvvədə olan normativ hüquqi aktların tələbləri ilə əlaqədardırsa, həmin tələblərə əsaslanaraq qərar qəbul edir.

3.20. Bu Əsasnamənin 3.6 – 3.8-ci və 3.15-ci bəndlərinin müddəaları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına münasibətdə tətbiq edilmir.

3.21. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinin III hissəsinə uyğun olaraq qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etdiyi qanun layihəsində dəyişiklik edilməsinə dair digər icra hakimiyyəti orqanlarının təklifləri Azərbaycan Respublikasının Milli Məclisinə (deputatlara, komitələrə) təqdim oluna bilməz.

4. Normativ hüquqi akt layihəsinin təqdim olunması və qəbul edilməsi

4.1. Normativ hüquqi akt layihəsi Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq təqdim olunur.

4.2. Normativ hüquqi akt layihəsi ən geci onun hazırlanması ilə bağlı tapşırığın icra müddətinin son günü (həmin gün qeyri-iş gününə düşdükdə, növbəti ilk iş günü) tapşırığı verən yuxarı orqana təqdim olunur.

4.3. Konstitusiya Qanununun 48.2 – 48.5-ci maddələrinə uyğun olaraq, tapşırığı verən yuxarı orqana təqdim edilən normativ hüquqi akt layihəsinə, onun növündən asılı olaraq, aşağıdakılar əlavə edilir:

4.3.1. müşayiət məktubu;

4.3.2. normativ hüquqi akt layihəsinin uyğunluğunun təmini haqqında arayış;

4.3.3. normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması;

4.3.4. layihənin razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər;

4.3.5. layihəyə dair məcburi hüquqi ekspertizanın, o cümlədən layihənin sui-istifadəyə məruz qalmasına dair və digər ekspertizaların rəyləri;

4.3.6. hər bir dövlət orqanı (qurumu) göstərilməklə, layihəni hazırlamış şəxslərin siyahısı;

4.3.7. qanunda dəyişiklik edilməsi haqqında qanun layihələrinə maddənin və ya qanunun digər struktur elementinin redaksiyası və layihə ilə qanuna təklif edilən dəyişikliklər nəzərə alınmaqla maddənin və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə müqayisəli cədvəl;

4.3.8. bu Əsasnamənin 3.14-cü bəndi tətbiq olunduqda, layihəyə razılıq verməyən icraçıların rəylərini əks etdirən iclas protokolu;

4.3.9. layihəyə aid digər sənədlər (layihəni təqdim edən dövlət orqanının (qurumunun) qərarına əsasən).

4.4. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə normativ hüquqi akt layihəsinin hazırlandığı və ya layihənin birbaşa Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi zərurətinin əsaslandırıldığı hallar istisna edilməklə, hər hansı bir dövlət orqanının (qurumunun) hazırladığı normativ hüquqi akt layihəsi Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təqdim edilməlidir. Belə zərurət əsaslandırılmadıqda və ya bu cür əsaslandırma qaneedici olmadıqda, normativ hüquqi akt layihəsi baxılması (münasibət bildirilməsi) üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti qaldırılan məsələ ilə bağlı aşağıdakı tədbirlərdən birini görür:

4.4.1. məqsədəuyğun hesab etdikdə, normativ hüquqi akt layihəsini hazırlayaraq Konstitusiya Qanununun 48.2-ci maddəsində müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;

4.4.2. məqsədəuyğun hesab etmədikdə, bu barədə əsaslandırılmış cavab məktubunu Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

4.5. Normativ hüquqi akt layihəsinə baxılmasının və onun qəbul edilməsinin ümumi qaydası Konstitusiya Qanununun 70 – 74-cü maddələri ilə müəyyən edilir.

4.6. Yuxarı dövlət orqanlarının aktlarında dəyişiklik edilmədən, eyni məsələ üzrə aşağı dövlət orqanlarının aktlarında dəyişiklik edilməsinə yol verilmir.

4.7. Mərkəzi icra hakimiyyəti orqanının əsasnaməsində nəzərdə tutulmuş hallarda normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və ya kollegiyası tərəfindən qəbul edilir. Normativ hüquqi aktın qəbul edilməsi barədə mərkəzi icra hakimiyyəti orqanının kollegiyasının qərarını həmin orqanın rəhbəri imzalayır.

4.8. Konstitusiya Qanununun 78.2-ci maddəsinə uyğun olaraq normativ hüquqi aktı qəbul etmiş icra hakimiyyəti orqanı onu Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra – Dövlət Reyestri) daxil edilmək üçün həmin aktın qəbul edildiyi gündən 3 (üç) gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərir.

5. Normativ hüquqi aktların dərc edilməsi

5.1. Normativ hüquqi aktların rəsmi dərc edilməsinin ümumi qaydası və müddətləri Konstitusiya Qanununun 82-ci və 83-cü maddələri ilə müəyyən edilir.

5.2. Normativ hüquqi aktın mətni rəsmi dövri mətbu nəşrdə dərc edilməklə və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında yerləşdirilməklə normativ hüquqi akt rəsmi dərc olunur.

5.3. İctimai radio və televiziya kanallarında səsləndirilmiş normativ hüquqi aktın mətni həmçinin rəsmi dövri mətbu nəşrdə dərc edilməli və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) informasiya ehtiyatında yerləşdirilməlidir.

5.4. Mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı Dövlət Reyestrinə daxil edildikdən (bu Əsasnamənin 5.5-ci bəndi nəzərə alınmaqla) sonra 72 saat müddətində həmin orqan tərəfindən elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi üçün bu Əsasnamənin 5.2-ci bəndində göstərilən media subyektlərindən azı birinə təqdim edilməlidir.

5.5. Mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktı Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra 7 (yeddi) iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin akt Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra 1 (bir) iş günü ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən normativ hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə həmin orqana əsaslandırılmış məlumat verilməmiş olsun.

5.6. Normativ hüquqi aktların rəsmi dərc edilməsi dövlət dilində həyata keçirilir. Normativ hüquqi aktın digər dillərdə rəsmi dərc olunmasına yalnız həmin aktın müvafiq dövlət orqanı tərəfindən bu aktın qəbul edilməsi üçün müəyyən edilmiş qaydada təsdiq edilmiş müvafiq dilə tərcüməsi mövcud olduqda yol verilir.

5.7. Normativ hüquqi aktların dövlət sirrini əks etdirən ayrı-ayrı müddəaları dərc edilmir.

5.8. Normativ hüquqi aktlar (ayrı-ayrı müddəaları dövlət sirrini əks etdirən aktlar istisna olmaqla) tam şəkildə və məcburi rekvizitləri göstərilməklə dərc edilməlidir.

5.9. Normativ hüquqi aktların qeyri-rəsmi nəşrlərdə və digər media subyektlərində açıqlanması Konstitusiya Qanununun 84-cü maddəsinə uyğun olaraq həyata keçirilir.

5.10. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması Qaydası”na uyğun olaraq, icra hakimiyyəti orqanları normativ hüquqi aktlarını qüvvəyə mindiyi gündən öz internet informasiya ehtiyatında açıqlamalıdırlar. İcra hakimiyyəti orqanları normativ hüquqi aktlarını digər internet informasiya ehtiyatlarında da açıqlaya bilərlər.

5.11. Qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda da dərc edilir.

6. Keçid müddəa

2025-ci il yanvarın 1-dək normativ hüquqi akt layihəsinin hazırlanması, razılaşdırılması və normayaratma orqanına təqdim edilməsi “Normativ hüquqi aktlar” informasiya sistemi vasitəsilə yanaşı, kağız daşıyıcıda və eyni zamanda elektron daşıyıcılarda mətn faylları formasında həyata keçirilir.

Bənzər xəbərlər

Gündəm

0.025749921798706