Aug 03

Cemal Yanqın: “Qarabağda nəqliyyat-logistika üzrə birgə layihələr reallaşdırmaq olar” - MÜSAHİBƏ

Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər dostluq və qardaşlıq əlaqələrinə uyğun müsbət templə davam edir. İki ölkə arasında ticarət dövriyyəsində davamlı artım müşahidə olunur, əməkdaşlıq əlaqələri genişlənir. Əldə olunan bir sıra razılaşmalar regionun enerji təhlükəsizliyində mühüm amil kimi dəyərləndirilir. Həmçinin, qeyri-neft-qaz sektorunda da əlaqələr inkişaf etməkdədir. Qarşılıqlı investisiyaların artması və birgə layihələrin həyata keçirilməsi bu istiqamətdə mühüm rol oynayır. Hər iki ölkə birgə strateji münasibətləri gücləndirmək və gələcəkdə də bu münasibətlərin dərinləşməsi üçün işlər görür.

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın “Report”a müsahibəsində ATİB-in Azərbaycandakı fəaliyyəti, türkiyəli iş adamlarının ölkəmizdə investisiya mühitinə marağı barədə danışıb:

- Azərbaycandakı biznes mühitini necə dəyərləndirirsiniz?

- Hər hansı ölkəyə sərmayə qoymazdan əvvəl ilk olaraq o ölkənin investisiya imkanları, müvafiq qanunvericiliyi dərindən araşdırılmalı və öyrənilməlidir. Azərbaycan iqtisadiyyatının inkişafında neft və təbii qaz ehtiyatları böyük rol oynasa da, kənd təsərrüfatından turizmə, logistikadan tikintiyə və digər sahələrə böyük investisiya imkanları mövcuddur. Bu ölkənin coğrafi mövqeyi, logistika imkanları və tarixi əlaqələri sayəsində burada istehsal olunan məhsullar Rusiya və Mərkəzi Asiya bazarlarına daha asan çıxış əldə edə bilir. Son illər Azərbaycanın İqtisadiyyat Nazirliyinin tabeliyində olan xüsusi iqtisadi zonalarda və sənaye zonalarında xarici investorlara güzəştlər təklif olunur. Lakin bütün keçmiş sovet ölkələrində müstəqilliyin nisbətən yeni olması və institusional proseslərin tam başa çatmaması səbəbindən investisiya prosesində bəzi problemlərin yaranması mümkündür. Bütün bunları nəzərə alaraq, Türkiyədəki sərmayədarlar Azərbaycana investisiya qoymazdan əvvəl həm imkanları, həm də riskləri dərindən araşdırmalıdırlar. Yazılı qanunvericilikdən əlavə, bunların Azərbaycanda tətbiqi ilə bağlı vəziyyəti də bilmək lazımdır.

- Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətləri necə qiymətləndirirsiniz?

- Xarici ticarətdə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticarət tərəfdaşı Türkiyədir. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri təqribən beş milyard ABŞ dollarıdır. Türkiyənin Azərbaycana ixracının dəyəri 2,3 milyard ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 2,7 milyard ABŞ dolları təşkil edir. Azərbaycandan idxalın mühüm hissəsini neft və təbii qaz təşkil edir. İki ölkə arasında xarici ticarət qeyri-neft sektorunda da şaxələndirilməli, xarici ticarətin 15 milyard ABŞ dollarına çatdırılması hədəfi reallaşdırılmalıdır. Bu istiqamətdə 2020-ci il fevral 25-də Bakı şəhərində imzalanmış və 2021-ci il martın 1-dən qüvvəyə minmiş Preferensial Ticarət Sazişinin də əhatə dairəsi genişləndirilməlidir. Hazırkı formada Preferensial Ticarət Sazişi bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının idxalı zamanı gömrük rüsumlarının qarşılıqlı azaldılmasını əhatə edir. Bu əlaqələrin daha da inkişafı üçün dövlətlərlə yanaşı, iş adamlarının da vəzifə və öhdəlikləri var. Biz həmişə bu missiyanın əhəmiyyətini dərk edərək hərəkət etmişik.

- Türkiyə şirkətləri Qarabağa investisiya yatırmaqda maraqlıdırmı?

- 30 ilə yaxın müddətdən sonra Türkiyənin mənəvi dəstəyi ilə Qarabağ Azərbaycan Ordusu tərəfindən Ermənistanın işğalından azad edilib. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan dövləti hərtərəfli bərpa və yenidənqurma işlərinə start verib. Xüsusən də infrastruktur işləri - yol, körpü, tunel, elektrik stansiyası və digər işlər geniş vüsət alıb. Qarabağda aparılan abadlıq işlərində Türkiyə şirkətləri də fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda qazanılan şanlı Zəfərdən sonra bu ərazilərdə reallaşdırılan layihələrdə Türkiyə şirkətlərinə üstünlük veriləcəyini açıq şəkildə bəyan etmişdi. Bölgədə əsas problemlərdən biri torpaqların minalardan təmizlənməsi prosesidir ki, bu prosesdə də Türkiyə Azərbaycana hərtərəfli texniki dəstək göstərir. İnanıram ki, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatdıqdan sonra Türkiyə şirkətlərinin investisiya tərəfdaşlığı daha da artacaq.

Bu gün Türkiyənin Azərbaycana yatırdığı sərmayə 12 milyard ABŞ dollarını, Azərbaycanın isə Türkiyəyə yatırdığı sərmayə 20 milyard ABŞ dollarını ötüb. İki ölkə arasında irimiqyaslı enerji layihələrindən əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi üçün birgə layihələr həyata keçirilə bilər.

- Ələt Azad İqtisadi Zonasının Türkiyə şirkətləri üçün önəmi nədir?

- Azərbaycan tranzit ölkə kimi çox önəmlidir. Buradan türk dövlətlərinə və Rusiyaya çıxış daha əlverişlidir. Ələt Azad İqtisadi Zonası bu baxımdan çox uğurlu layihədir. Buraya Türkiyənin istənilən sektorundan investorlar gələ bilərlər. Qarşılıqlı əməkdaşlıq iş adamları üçün də faydalı olacaq.

- ATİB-in 2023-cü ildə əsas məqsədi nədən ibarətdir?

- ATİB-in əsas missiyası Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir. Hazırda əsas məqsədimiz Azərbaycan və Türkiyənin müştərək sərmayələri ilə yaradılacaq qurumların üçüncü ölkələrə ixracına şərait yaratmaqdır. 2023-cü ildə bu istiqamətdə aparılan işlərin nəticəsini görəcəyik və bu yöndə fəaliyyətimizi daha səmərəli quracağıq.

Bənzər xəbərlər

Gündəm

0.057734966278076