Tramp yenə fərqləndi: ABŞ-nin yaşayan bütün keçmiş prezidentləri ortaq köklərə sahibdirlər
ABŞ-nin hazırda həyatda olan bütün canlı keçmiş prezidentləri, Donald Tramp istisna olmaqla, birbaşa quldarların nəsillərindəndirlər.
Bu barədə genealoji araşdırma aparan “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, eks-prezidentlər Cimmi Karter, Corc Buş, Bill Klinton, Barak Obama və hazırkı administrasiya rəhbəri Co Baydenin əcdadları vaxtilə quldar olublar.
Həmçinin, ən azı 100 amerikalı qanunverici, Konqres üzvlərinin Demokratlar Partiyasından olan 8%-i və Respublikaçılardan olan 28%-i kölə sahiblərinin nəsillərindəndir. Onların arasında Konqresin yuxarı palatasındakı respublikaçı azlığın lideri Mitç Makkonel, senator Lindsi Qrem (respublikaçı) və senator Elizabet Uorren (demokrat) kimi tanınmış siyasətçilər də var.
Qeyd edək ki, ABŞ-də köləliyə 16-cı prezident Abraham Linkoln (1809-1865) son qoyub. 1863-cü il yanvarın 1-də o, Emansipasiya Bəyannaməsini dərc edib. Sənəd, cənub ştatlarının müqaviməti səbəbindən Amerika Vətəndaş Müharibəsinin (1861-1865) sonuna qədər faktiki qüvvəyə minməyib. 1865-ci ilin dekabrında Amerika Konstitusiyasına 13-cü düzəliş qəbul edilib və bu, bütün ölkədə köləliyi faktiki olaraq ləğv edib.
Mənbə: TASS