Apr 04

İlham Əliyev Türkiyənin sənaye və texnologiya nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Türkiyə Respublikasının sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı ilə bağlı təbriklərini çatdıran dövlətimizin başçısı onun Bakıya gətirilməsindən məmnunluğunu bildirib, bununla bağlı Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.

Azərbaycan Prezidenti bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.

Dünən Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşünü xatırladan Prezident İlham Əliyev qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu deyib, bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəldiyini vurğulayıb və “Togg”un istehsalına başlanılmasının da bu baxımdan yaxşı nümunə olduğunu bildirib.

Dövlətimizin başçısı əldə olunan bütün bu uğurlar münasibətilə Türkiyə Prezidentinə, dost və qardaş Türkiyə xalqına təbriklərini çatdırıb.

Mustafa Varank “Togg”un ikinci avtomobilinin Azərbaycanda olmasından Türkiyə Prezidenti və xalqının qürur hissi keçirdiyini bildirib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər xəbərlər

Gündəm

0.028236865997314