Düşüncə “ikitirəliyi”: Qərbi Avropada separatçılıq ayrıdır, başqa ölkələrdəki ayrı - Londondan MÜSAHİBƏ
Bu həftə Şotlandiyanın səhiyyə naziri Hamza Yusaf Şotlandiya Milli Partiyasının (SNP) yeni lideri elan edildi və ardınca rəsmən hökumət başçısı oldu.
Hamza Yusaf fevralın ortalarında istefa verən Nikola Sterceni əvəzləyib.
Beləliklə, Pakistan əsilli müsəlman Şotlandiyada siyasi hakimiyyət əldə etdi və ölkəsinin azadlıq mücadiləsinin öndəri oldu.
İndi o, siyasi səhnədə əslən hindistanlı olan Böyük Britaniyanın Baş naziri Rişi Sunaka qarşı mübarizə aparacaq.
Nəticədə Hindistanla Pakistan arasındakı Cammu və Kəşmir qarşıdurmasını əks etdirən səhnə ortaya çıxmış olur.
Britaniyalı jurnalist və analitik Yuri Qoliqorski yuxarıda toxunduğumuz mövzular ətrafında Mozalan.az-a müsahibə verib.
- Böyük Britaniyada insanlar etnik pakistanlının Şotlandiyanın müstəqilliyi uğrunda azadlıq mücadiləsi aparacağına necə reaksiya verə bilərlər? Nəzərə alsaq ki, ona qarşı etnik hindu mübarizə aparacaq...
- Reaksiya belədir: Britaniyada növbəti keçilməz sədlərdən biri də aşıldı. Mahiyyət ondan ibarətdir ki, seçiciləri arasında populyar olan insanlar istənilən zirvəyə ucala bilərlər. Həqiqətən də, maraqlı bir vəziyyət yaranır: hindistanlı keçmiş imperiyanın bütövlüyünü müdafiə edəcək, pakistanlı isə bu imperiyanın ürəyinin təməl daşlarından biri olan Şotlandiyanın oradan qopmasına çalışacaq. Buna hələ də kifayət qədər istehza ilə yanaşılır, lakin gələcəkdə çox ciddi nəticələrin ortaya çıxması mümkündür. Təkcə ona görə yox ki, biri hindistanlı, digəri pakistanlıdır. Söhbət ondan gedir ki, Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxması bütün ölkə üçün ciddi fəsadlarla nəticələnə bilər.
- Mətbuatda dərc olunan yazılardan oxuyub gəldiyim qənaət ondan ibarətdir ki, Şotlandiyanın yeni lideri Hamza Yusaf səriştəli idarəçi sayılır, o, koronavirus pandemiyası zamanı özünü çox yaxşı tərəfdən göstərə bilib.
- Onun istedadlı olmasını heç kim mübahisələndirmir. Amma çoxlarının diqqətini çəkən məqam var; bəzi mühüm məsələlərdə səs vermək lazım gələndə o, kölgəyə çəkilməyə üstünlük verir və səs vermir. Böyük Britaniyada çox vacib bir məsələ - vətəndaşların 16 yaşından etibarən cinsini dəyişdirmək icazəsi ilə bağlı olan məqamı misal çəkmək olar. Uşaqların cinsi kimliyinin ifadəsi mövzusundakı müzakirələrdə Hamza Yusaf bunun nə lehinə, nə də əleyhinə səs verib. Ancaq o, təbii ki, uzun müddət kolların arasında gizlənə bilməyəcək. O, partiyanın lideri kimi öz mövqeyini ifadə etməli olacaq. Və bu elə bir məsələdir ki, şotland millətçilərinin əvvəlki lideri Nikola Stercen ona görə istefa verdi. Bu, əlbəttə ki, tək səbəb deyil, amma həm də onlardan biridir. Gender kimliyi məsələsi Şotlandiya Milli Partiyasının dağılmasına səbəb ola bilər.
Sizə onu da xatırlatmaq istəyirəm ki, Hamza Yusaf rəqibi Keyt Forbsa yalnız 2 000 səs fərqi ilə qalib gəlib. Keyt Forbs artıq istefa verib və hökumət idarəetməsindən ayrılıb. Bunun səbəbi Hamza Yusafın ona kənd təsərrüfatı və kiçik adalar naziri vəzifəsini təklif etməsi ilə əlaqədar idi. O, bu təklifi özünə təhqir kimi qəbul etdi. Keyt Forbs hesab edirdi ki, o, ən azından, Şotlandiya Milli Partiyasının (SNP) sədr müavini vəzifəsinə layiqdir.
Təbii ki, seçkilərdə qalib gəlmək vacibdir, amma partiyanı parçalanmaqdan qorumaq daha vacibdir. Məsələn, Nikola Stercen partiyadaxili qarşıdurmaların qarşısını ala bilməyəcəyini hiss etdi və tutduğu postdan getdi. Baxmayaraq ki, heç kim onu buna məcbur etməmişdi.
- Yeri gəlmişkən, Şotlandiyada 16 yaşdan sonra cinsini dəyişmək hüququnun əldə edilməsinə dair qanun layihəsinin nəticələri necə oldu?
- Bu qanun layihəsi Şotlandiya parlamentində səsə qoyuldu və nəticədə keçmədi. Amma Şotlandiya Milli Partiyasının daxilində gərginlik yarandı, partiya, əslində, bu məsələdə ikiyə bölündü.
- Hamza Yusaf artıq bəyan edib ki, partiya əsas məsələdə - Şotlandiyanın müstəqilliyi ilə bağlı - mövqeyini dəyişmək niyyətində deyil. Amma mənim anladığım qədər, London buna imkan verməməkdə qərarlıdır. Bu vəziyyət qarşıdurmaya səbəb ola bilərmi?
- Əlbəttə, bu, ciddi qarşıdurmaya gətirib çıxara bilər, amma xüsusi vurğulayım ki, söhbət hərbi qarşıdurmadan getmir, Britaniya kontekstində belə toqquşmadan söhbət gedə bilməz. Amma siyasi qarşıdurma olacaq. Konstitusiyaya görə, Şotlandiya Milli Partiyası mərkəzi hökumətdən növbəti referendumun keçirilməsi üçün icazə istəməlidir, çünki əvvəlki referendum Şotlandiyanın ayrılmasını istəyən tərəfin xeyrinə başa çatmayıb. İndi Hamza Yusaf yeni səsvermənin zəruriliyindən danışır. London isə soruşur: Bu məsələ ilə bağlı neçə dəfə referendum keçirilə bilər? Edinburqun cavabı isə belə olur: Nəticə əldə olunanadək nə qədər lazımdırsa, o qədər. Ümumiyyətlə, Şotlandiya Milli Partiyası hesab edir ki, referendum üçün Londonun icazəsinə ehtiyac yoxdur. Qərarın kimin xeyrinə veriləcəyini bilmirəm, görünür, iş Ali Məhkəməyə veriləcək, o da hökm çıxaracaq.
- Şotlandiya, mərkəzi hökumətdən fərqli olaraq, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinə qarşı çıxdı. Yeri gəlmişkən, fevral ayında İngiltərə Bankının məlumatları açıqlanmışdı ki, Böyük Britaniya Avropa İttifaqından çıxması (“Brexit”) nəticəsində 29 milyard funt sterlinq itirib və bu, yalnız investisiyalardır. İndi isə təsəvvür edək ki, Şotlandiya müstəqillik əldə edib. Belə olan təqdirdə Şotlandiya Avropa İttifaqına qayıda bilərmi?
- Bu, çox maraqlı sualdır. Birincisi, ondan başlayım ki, sitat gətirdiyiniz investisiya itkisi rəqəmi İngiltərə Bankının özü kimi olduqca mühafizəkardır. Mənə elə gəlir ki, Böyük Britaniya “Brexit”dən sonra sərmayə baxımından itirdiyindən daha çox şey itirib. İkinci məqam: həqiqətən də, şotlandiyalı seçicilərin əksəriyyəti Böyük Britaniyanın Aİ-dən çıxmasının əleyhinə səs verdi. Üçüncü məqam: Şotlandiya müstəqil dövlət kimi Avropa Birliyinə daxil ola biləcəkmi? Nəzəri olaraq, bəli, amma praktiki olaraq - yox. Şotlandiya üzrə Avropa Birliyinə üzv olmaq üçün bütün Aİ üzvlərinin yekdil qərarı tələb olunur. Və bu baş verməyəcək. İspaniya buna qarşı çıxacaq, çünki Madrid “hə” desə, Kataloniya da İspaniyadan ayrılmağı tələb edəcək. Bir çox başqa dövlətlər də bu və ya digər səbəbdən Şotlandiyanın Avropa İttifaqına daxil olmasına qarşı olacaq.
- Hələ Korsika məsələsinin olduğu Fransa da var...
- Tamamilə doğrudur. İspaniyadan başqa, Fransa gündəmdədir. Digər dövlətlərin, artıq dediyim kimi, müstəqil Şotlandiyanın Aİ-yə qəbul edilməsinin əleyhinə səs vermək üçün öz səbəbləri ola bilər.
- Belə çıxır ki, Avropanın separatizmə münasibəti tamamilə müxtəlifdir. “1984” romanında Corc Oruell tərəfindən istifadə edilən məşhur “ikili düşüncə” termini yada düşür. Qarabağda erməni separatizmindən söz düşəndə Fransa buna fərqli münasibət göstərir, amma mövzu Korsika olanda Parisin davranışları diametral qaydada dəyişir.
- Terminlər seçməyin (gülür). Siz “ikili standartlar”ı nəzərdə tutursunuz. Öz şəxsi maraqları naminə prinsipləri tapdalayır. Sizinlə razılaşmaya bilmərəm. Təbii ki, hökumətlərin (Avropa hökumətlərini nəzərdə tutur - red.) başqa dövlətlər haqqında dedikləri ilə onların öz problemlərini həll etmək üçün apardıqları siyasətlər arasında uyğunsuzluq var. Ancaq fərq ondan ibarətdir ki, başqa ölkələrdə münaqişələr çox vaxt güc yolu ilə həll edilirsə, məsələn, Böyük Britaniyada bu, sadəcə olaraq, mümkün deyil.
Nair Əliyev